Dəm qazından dünyasını dəyişən iki alimin həyat hekayəsi - FOTO
Bizi izləyin

Qırmızı.az

Dəm qazından dünyasını dəyişən iki alimin həyat hekayəsi - FOTO

“Anam deyərdi ki, bizi mütləq bir yerdə dəfn edin”...

Fevralın 5-də Bakıda dəm qazının səbəb olduğu növbəti faciə daha dəhşətli oldu. 40 ildən çox birgə həyat yaşamış, hər kəsin şənlərinə ağzıdolusu xoş ifadələr söylədiyi, Azərbaycan Tibb Universitetinin müəllimləri dünyalarını dəyişib. Onların yaşadığı mənzilə baxış zamanı 1939-cu il təvəllüdlüXudaverdiyeva Həqiqət Mustafa qızı və onun həyat yoldaşı 1940-cı il təvəllüdlü Babayev Nizami Ələkbər oğlu ölü aşkarlanıb.

Başsağlığı vermək, o cümlədən mərhumlar barədə yaxınlarının xatirələrini öyrənmək üçün yas mərasimində iştirak etdik.

Bizi yas çadırında mərhumların oğlu Pərviz Babayev qarşıladı. Ağlamaqdan gözləri şişmiş dərdli oğul qəhərə boğularaq taledən, qismətdən şikayətlənirdi.

Belə çətin vəziyyətdə ona mənəvi dəstək isə valideynlərinin illərlə əmək verdikləri, özünün də müəllim, assisenti olduğu Tibb Universitetinin rəhbərliyinin, müəllim kollektivinin yasda iştirakı idi.

"Bizi ölümlərinə heç hazırlamadılar. Bilirəm, gedəni qaytarmaq olmur, amma həqiqətən bu acını heç bir övlada arzulamıram. Dözülməz dərəcədə ağır faciədir. Hər ikisini bir gündə itirdik. Onlar bir-birini sevib evlənmişdilər. Hər zaman bütün problemdə bir-birilərinə dayaq idilər. Onları itirmək çətindir. Sağ olsun universitetimizin rektoru, dəyərli insan Əhliman Əmiraslanov başda olmaqla bütün kollektiv, onların xatirəsini uca tutaraq bu gün burda iştirak edir. Demək olar ki, gəlməyən qalmayıb.

Mənim anam da, atam da dəyərli şəxslər idi. Həm gözəl ailə başçıları, həm gözəl müəllim idilər" - dedi Pərviz Babayev...

Valideynlərini ən son nə zaman gördüyünü xəbər aldıqda hüzn dolu səslə, gözləri yaşararaq cavab verən P.Babayev ölümündən bir gün əvvəl anası ilə görüşdüyünü bildirdi: "Ayın 4-də oğlumla səhər tezdən evimizə gəldim. Atam işdə idi. Anam bir az nasazlamışdı. Həmin gün yer qar idi. Oğlumun əlcəyi yox idi. Anam ona əlcək verdi. Sonra düşüb qartopu oynadıq. Dedi ki, 1-2 günə özümə gəlim, sizə peraşki bişirəcəm. Elə gözəl ana idi ki. Bir neçə gündən bir süfrə hazırlayıb bizi yeməyə çağırırdı. Təəssüf ki, bir də o süfrədə otura bilməyəcəyəm"...

Oğluna hədsiz bağlı olan Həqiqət xanımın ən böyük arzusu da məhz Pərvizlə bağlı olub. Bu il fəlsəfə elmləri doktorluğu üzrə müdafiə edəcək P.Babayevin müdafiəsini böyük həyəcanla gözləyən ana o günü görmədən dünyadan köçüb. Həqiqət xanımın böyük bacısı - 83 yaşlı Rəfiqə xanımın da gözüyaşlı ilk dediyi cümlələrdən biri bu oldu: “Həqiqət Pərvizlə nəfəs alırdı. Deyirdi ki, Pərvizə nəsə olsa, özümü öldürərəm”.

P.Babayev müdafiəsini valideynlərinin ruhuna ithaf edəcəyini dedi: “İndi mənim oğlum atam, qızım isə anamdır. Məndən olsa adlarını dəyişib, valideynlərimin adını qoyardım. Sadəcə, deyirlər olmaz, düşəri, düşməzi var. Balalarıma da bir şey olsa heç dözə bilmərəm”.

Həqiqət xanımla eyni kafedrada çalışan Rəfael Musayev də mərhumlar barədə xoş sözlərini söylədi: “Həqiqət xanım əməksevər, zəhmətkeş idi. O, gözəl ailə başçısı idi. Ziyalı insana xas bütün xüsusiyyətlər həm Həqiqət xanımda, həm də Nizami müəllimdə vardı. Kadrların hazırlanmasında Həqiqət xanımın çox böyük rolu olub. Bir qəribə də xüsusiyyəti vardı. Ələlxüsus da son günlər tez-tez deyirdi ki, ”Qorxuram tez öləm, Nizami tək qala". Həqiqətən onlar bir-birilərini tamamlayırdılar. Ruhları şad olsun".

Yas çadırından çıxdıqdan sonra qadınlarla danışmaq üçün evə getdik.

Mərhumların qızı Aytən Məhərrəmova gözlərinə dərin hüzn çökmüş vəziyyətdə bizi qarışladı. Qəmgin, bir az da çaşqın halda olan A.Məhərrəmova şok vəziyyətdə idi.
Ömürlərini tibbə bağlamış bu ailənin qızı Aytən xanım da Təcili Tibbi Yardımda həkim kimi çalışır.

Anası ilə atasının bir-birilərini universitet vaxtından sevdiyini deyən A.Məhərrəmova ömürlərinin sonunacan bir yerdə çalışdıqlarını da söylədi: “Barmağımdakı bu üzüyü atam anam hələ universitetdə oxuyanda ona verərək deyib ki, ”Səni sevirəm". Anam həmişə deyərdi ki, bizi mütləq bir yerdə dəfn edin. Elə də etdik".

Hadisə baş verən günü nəql edən A.Məhərrəmova bunları söylədi:

“Hər gün səhər tezdən həm qardaşım, həm mən anamgilə zəng vurub əhvallarını soruşardıq. O cümlədən axşam bir də zəng vurardıq ki, birdən nəyəsə ehtiyacları olar, deməzlər. Hadisə baş verən gün - yəni ayın 5-i onlar işdən gələn zaman, təxminən 3-4 radələrində telefonlarına nə qədər zəng etdiksə cavab vermədilər. Dərhal Fövqəladə Hallar Nazirliyinə zəng vurdum. Gəlib qapını açdılar. Anam koridorla ayaqyolunun arasında uzanıqlı vəziyyətdə idi. Elə atam da yanında idi. Anam ürək xəstəsi idi. Atam da bir dəfə infarkt keçirmişdi. Ehtimal edirik ki, ilk anam dünyasını dəyişib, buna dözməyən atamın da ürəyi partlayıb. Amma hələ ki dəqiq bilmirik, təbii ki. Ekspertiza 10 günə dəqiq nəticəni açıqlayacaq. İnandırım sizi, ekspertizanın əməkdaşları içəri daxil olub, anamla atamı görəndə onların adını çəkərək təəccübləndilər. Çünki həmin şəxslər onların tələbələri idi. Bu dərdə dözmək ağırdır”.

Otaqda mərhumun qızından başqa ən yaxın qonşusu, bacıları, kolleqaları da vardı.
Tibb Universitetinin müəllimləri dosent Məfkurə Hüseynova, dosent Zərifə Məmmədova Həqiqət xanım barəsində öz fikirlərini söylədilər.

“Həqiqət xanım sözlə ifadə edilə bilməyəcək dərəcədə yaxşı insan idi. Tələbələr onun üçün ölürdü. Çox istəyirdilər. Özlərinin əməksevərliyi, xoş xasiyyətləri ilə hörmət qazanmış Həqiqət xanım və Nizami müəllim rəhbərliyin də daim diqqətində idilər. Onlar ən yüksək elmi adlara, fəxri fərmanlara layiq görülmüşdülər. Bu gün də istər rəhbərlik, istər bütün müəllim heyəti dəfndə iştirak etdi. Gülər siması ilə daim xatirəmizdə yaşayacaq Həqiqət xanıma və dəyərli Nizami müəllimə Allahdan rəhmət diləyirik” - dedi Məfkura həkim.

Həqiqət xanım barəsində danışan kəslər onu həm də xeyriyyəçi insan kimi yad edirlər.
40 il qonşu olmuş Bəsti xanım deyir ki, kimin uşağı xəstələnsə gecə saat neçə olur-olsun Həqiqət xanım həmin şəxsin dadına çatarmış: “O, mənə ana idi, bacı idi. Oğlumun elçiliyini də Həqiqət etmişdi. Allah ona qəni-qəni rəhmət eləsin. Hələ də inana bilmirəm ki, onlar dünyalarını dəyişib. Nizami müəllim də o qədər gözəl insan idi ki. Mən onu 40 ildə bir dəfə acıqlı görməmişəm, həmişə üzü gülərdi”.

Qonşunun sözlərini təsdiqləyən Rəfiqə xanım onları bütün nəsildə də yardımsevər biri kimi tanındıqlarını dedi: “Özüm şikəstəm. Ayaqlarım işləmir. Nə vaxt zəng vursam Həqiqətdən qabaq Nizami deyərdi ki, ”buyur, böyük baldız, nə lazımdır?" Bir də görərdim, aradan bir az keçməmiş bazarlıq edib, gəliblər. Nizami elə bil öz qardaşım idi".

Sonda qeyd edək ki, mərhum alimlərin üzərlərində zorakılıq əlamətləri görünməyib, onların dəm qazından boğulduğu ehtimalı da ekspertlər tərəfindən deyilib.

N.Babayev universitetin əczaçılıq-kimya kafedrasının, H.Xudaverdiyeva isə ictimai sağlamlıq kafedrasının dosentləri idi: Allahdan mərhumlara rəhmət, yaxınlarına isə səbr diləyirik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm