Azərbaycan və Özbəkistan gömrük sahəsində iki sənəd imzalayıb
Bizi izləyin

Qırmızı.az

Azərbaycan və Özbəkistan gömrük sahəsində iki sənəd imzalayıb

Özbəkistan Dövlət Gömrük Komitəsinin sədri Zoxid Dusanovun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan Gömrük Xidmətinin rəhbərliyi ilə görüşü keçirilib.

Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, görüşdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev iki ölkənin siyasi-iqtisadi və mədəni sahələrdə əlaqələrindən söhbət açıb, Azərbaycan və Özbəkistanı tarixən qardaşlıq münasibətlərinin birləşdirdiyini vurğulayıb.

Azərbaycan və Özbəkistan arasında ikitərəfli münasibətlərin hazırkı durumuna toxunan DGK sədri bildirib ki, bütün sahələrdə, o cümlədən, gömrük sferasında qarşılıqlı əməkdaşlıq yüksək səviyyədədir. “Lakin bununla kifayətlənməməli, səylərimizi daha da gücləndirməliyik” - deyə sözünə davam edən Komitə sədri Azərbaycan və Özbəkistan gömrük orqanlarının qarşılıqlı fəaliyyətinin gücləndirilməsinin zəruriliyini nəzərə çatdırıb.

Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsinin həcminin artırılmasının önəminə də diqqət çəkən A.Əliyev qeyd edib ki, iki ölkənin iqtisadi-ticari əlaqələrinin indiki səviyyəsi tərəflərin potensialına uyğun deyil və imkanlardan maksimum yararlanmaq lazımdır. Komitə sədri ümidvar olduğunu bildirib ki, özbək həmkarının Azərbaycana səfəri əlaqələrimizin daha da inkişaf etdirilməsi işinə xidmət edəcək.

Z.Dusanov qeyd edib ki, Azərbaycan və Özbəkistan gömrükləri arasında əməkdaşlıq əlaqələri yeni mərhələyə qədəm qoyur və bu gün tərəflər arasında ilk dəfə keçirilən görüş qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi və davamlı inkişafına öz töhfəsini verəcək. İkitərəfli əlaqələrin daha da genişlənməsi üçün həqiqətən də böyük potensialın olduğunu deyən qonaq buna həm Özbəkistanın, həm də Azərbaycanın inkişaf edən iqtisadiyyatlarının imkan verdiyini bildirib.

Sonra görüşdə gömrük sistemində informasiya-kommunikasiya texnologiyalarının, kadr potensialının gücləndirilməsi, qaçaqmalçılıqla mübarizə və s. sahələrdə əməkdaşlıq məsələlərinə toxunulub.

Görüşün sonunda isə Azərbaycan və Özbəkistan gömrük xidmətləri arasında iki sənəd - “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Özbəkistan Respublikası Dövlət Gömrük Komitəsi arasında dövlət sərhədindən keçirilən mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin təşkili barədə Protokol” və “2015-2016-cı illər üzrə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Özbəkistan Respublikası Dövlət Gömrük Komitəsi arasında gömrük işi sahəsində İkitərəfli Əməkdaşlıq Planı” imzalanıb.

Sənədləri Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri A.Əliyev və Özbəkistan Dövlət Gömrük Komitəsinin sədri Z.Dusanov imzalayıblar.

Daha sonra Özbəkistan nümayəndə heyəti Azərbaycan Dövlət Gömrük Komitəsinin infrastrukturu ilə tanış olub, informasiya-kommunikasiya texnologiyaları, eləcə də “elektron sənəd” dövriyyəsi və “elektron imza”nın tətbiqi məsələlərini nəzərdən keçiriblər. Eyni zamanda, qonaqlar Dövlət Gömrük Komitəsində “Hədəf” Mərkəzinə baxış keçirib, gömrük xidmətinin müasirləşdirilməsi layihələri ilə tanış olublar, Dövlət Gömrük Komitəsinin Mərkəzi Hospitalına da baş çəkiblər.

Özbəkistan nümayəndə heyəti, həmçinin Rusiya Federasiyası ilə sərhəddə yerləşən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük-buraxılış məntəqəsinə səfər edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm