Zəhərə dönən “sovqat”: məhbuslara göndərilən qanunsuz əşyalar - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Zəhərə dönən “sovqat”: məhbuslara göndərilən qanunsuz əşyalar - FOTOLAR

Son vaxtlar istintaq təcridxanasına çörəkdən tutmuş alt paltarına qədər içərisində telefon, narkotik vasitə və ya digər qadağan olunmuş əşyaların keçirilməsinin tez-tez şahidi oluruq.

Hətta bu əşyaların çeşidinin çoxluğu bizim üçün o qədər adiləşib ki, bundan sonra inanmıram nə iləsə təəccüblənək. Hətta bu yaxınlarda erməni mətbuatında “Azərbaycanlı qadın həbsxanaya cinsiyyət orqanında narkotika keçirdi” başlıqlı bir yazı da dərc olunmuşdu. Bu iyrənc xəbərə görə azərbaycanlı olduğumdan utandım.

...Toyuğun və ya kartofun içərisində telefon keçirən insanların fantaziyasına heyran qalmamaq mümkün deyil. Yaxşı, fantaziya bir yana, görəsən, etdikləri əməllə təkcə özlərinin deyil, “sovqat” apardıqları məhbusun da həyatını təhlükə altında qoyduqlarını bilirlərmi? Bəs həbsxanadakı övladına, qohumuna, yaxınına qadağan olunmuş əşyalar keçirərkən yaxalanan ana, ata, qardaş, dostun taleyi necə olur?

Məlumat üçün bildirək ki, 2014-cü ilin birinci yarım ili ərzində Penitensiar xidmətin əməkdaşları tərəfindən cəzaçəkmə müəssisələrində keçirilmiş əməliyyat-baxış tədbirləri nəticəsində cəzaçəkmə müəssisələrinə keçirilməkdə olan 181 mobil telefon, 517,9 qram çəkidə isə müxtəlif narkotik vasitələr aşkar edilərək dövriyyədən çıxarılıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Rövşən Hacıyevin Publika.az-a verdiyi məlumata görə, bu məsələ ilə istintaq orqanları məşğul olur: “Cəzaçəkmə müəssisələrinə qadağan olunmuş əşyaların keçirilməsilə bağlı iki maddə var. Bu cəzaçəkmə müəssisəsinin öz əməkdaşı tərəfindən və ya kənar şəxs tərəfindən keçirilə bilər. Belə hallar aşkarlandıqda faktlar toplanır və müvafiq istintaq işi açılır”.

Cinayət Məcəlləsinin 317-1 maddəsində cəzaçəkmə müəssisələrində və istintaq təcridxanasında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi cinayət məsuliyyəti kimi nəzərdə tutulub. Hüquqşünas Müzəffər Baxışovun Publika.az-a verdiyi məlumata görə, Cinayət Məcəlləsinin 317-1.1-ci maddəsinə görə, cəzaçəkmə müəssisələrində və istintaq təcridxanasında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların yoxlamadan gizlətməklə və ya hər hansı digər üsulla ötürülməsi 1000 manatdan 2000 manatadək cərimə və ya 2 ilədək islah işləri və ya 2 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Əgər bu əməllər şəxs tərəfindən öz qulluq etdiyi yerindən istifadə etməklə törədildikdə, onda həmin şəxs 317-1.2-ci maddə ilə məhkum olunur və 3 ilədək müəyyən vəzifə tutmaq və digər fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 3000 manatdan 5000 manatadək miqdarda cərimə və ya 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Hüquqşünasın sözlərinə görə, cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyaların keçirilməsi ilə bağlı başqa bir hal da ola bilər: “Narkotik vasitə keçirmək istəyən hər hansı məhkumun yaxın qohumu olarsa, həmin şəxslər Cinayət Məcəlləsinin 517-1-ci maddəsi ilə, həm də Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə, yəni qanunsuz olaraq narkotik vasitəni saxlamağa görə cinayətlərin məcmu qaydasında cinayət məsuliyyətinə cəlb edilməlidir. Odlu silah keçirmək istəyirsə, qanunsuz odlu silah saxlamağa görə, 128-ci maddə ilə də 317-1-ci maddə ilə cinayət məsuliyyətinə cəlb oluna bilər”.

Müzəffər Baxışovun sözlərinə görə, narkotik və ya psixotrop vasitəni satış məqsədilə əldə edib saxlayırsa, hazırlayırsa, emal edirsə, istifadə edirsə, daşıyırsa, göndərirsə, satırsa, onu cəzaçəkmə müəssisəsində yaxın qohumuna ötürmək istəyirsə, belə şəxslər Cinayət Məcəlləsinin 317-1.1 və 234.2-ci maddəsilə cinayət məsuliyyətinə cəlb edilə bilərlər. Orada da 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Hüquqşünasın sözlərinə görə, törətdikləri konkret əməldən asılı olaraq, həmin şəxslər cinayət məcəlləsinin bu və ya digər maddəsi ilə tövsif olunacaq.

Bəs cəzaçəkmə müəssisələrinə qadağan olunmuş əşyaları keçirənlər etdikləri əməlin məsuliyyətini bilirlərmi? Cəmiyyətdəki bu kimi neqativ hallar nədən qaynaqlanır? Hüquq müdafiəçisi Novella Cəfəroğlu hesab edir ki, bu hallar daha çox maariflənmənin olmamasından irəli gəlir. Tez-tez belə hallara rast gəlindiyini deyən N. Cəfəroğlunun sözlərinə görə, valideynlər həbsxanada olan övladına qadağan olunmuş əşyalar keçirməklə, bununla onların həyatlarını da məhv etmiş olur.

N. Cəfəroğlunun sözlərinə görə, belə hallar əsasən məlumatsızlıqdan irəli gəlir: “Mətbuatda, televiziya ekranlarında şou verilişlərinin əvəzinə bir az da belə hallarla bağlı məlumatlar hazırlansa, səsləndirilsə, insanlar da məlumatlanmış olarlar. Bunlara mətbuatda yer ayrılsa, kütləvi informasiya vasitələrində müvafiq qurumların rəhbərləri çıxış etsələr, ictimaiyyəti maarifləndirsələr, belə halların qarşısı alına bilər”.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm