• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Varlı şairə: “Oğlum dedi ki, ondansa, özünə dost tapaydın...”

Varlı şairə: “Oğlum dedi ki, ondansa, özünə dost tapaydın...”

Telefonuma gələn qəfil zəng elə qəfil də kəsdi. Tanış olmayan nömrəni ərincək yığdım. Xəttin o başından gələn qadın səsi yaddaşımı qıdıqlasa da, varmadım. Qulaqlarıma məhrəm bir istilik verən səs:

- Salam, Faiq, necəsən?

- Salam...

Bu məhrəm müraciət “kimsiz?”, - deyə soruşmağa imkan vermədi. Eləcə gözlədim.

- Tanıdın?

- ...

- Tanımadın? Yaxşı tanıyanda zəng vurarsan...

- Bilirsən, yoldayam, qarşıda polis var, səsi seçə bilmirəm, bir azdan zəng vuraram, - nə var e, vəziyyətdən çıxmağa. Balaca yalanıma görə kimdir məni qınayan.

Mesaj yazdı: “Elə bilirdim tanıyacaqsan, mənəm, Aylindir (ad şərtidir). Zəng vurdum, tez də söndürdüm, istəmədim danışam”.

Təxminən 10 dəqiqə sonra zəng edib səmimi söhbət etdik və vədələşdik ki, elə bu gün görüşək. Vədəsini də aldım ki, görüşümüzdən nə isə yazacam. Adını gizlin saxlamaq şərti ilə. Razılaşdı.

O, mənim dost bildiyim, xətrini istədiyim xanım yazarlardandır. Eşitmişdim Rusiyaya köçüb. Doğrusu, onu dostlardan bir-neçə dəfə xəbər almışdım. “Gördüm” deyən yox idi.

Gözümün önündən keçirdim; o, həmişə boynubükük görünərdi. Fağır görünüşü vardı. AYB-nin və başqa ədəbi cərəyanların tədbirində çox görmüşdüm, dost da demək olardı bizə. M.Ə. Sabir adına kitabxanada Qəşəm Nəcəfzadənin rəhbərlik etdiyi “Pərvanə” adlı bir dərnək vardı. Bazar günləri keçirilən yığıncaqlarda o da olardı. Qorxaq adam təsiri bağışlayardı. Həyatının uğursuz tərəfləri daha çox idi. Amma bilirdik ki, zəngin xanımdır. Marketləri, apteki, gözəllik salonları, internet klubu və sairi var.

5 ildir yoxa çıxmışam

İndi o mənə zəng edib. Və and verir ki, onu tanıyan “dostlara” bu zəng və görüşümüz haqda heç nə deməyim. Guya yadıma düşürdü...

Görüşdük. İllər onu heç dəyişdirməyib. Əksinə, elə bil cavanlaşıb, gözəlləşib. Çay dəmləyib. Yemək təklif edir.

- Bu illəri harada idin?

- Elə burada - Bakıda. Heç yerə getmədim. Hamıdan qaçdım. 5 ildir ki, yoxa çıxmışam. Amma sizi, ən çox da səni həmişə xatırlamışam. Yazılarını izləyirəm. İnsanlarda riyakarlıq gördüm - qadınında da, kişisində də. Adamın üzünə güldülər, ardınca danışdılar. Bu illər ərzində ancaq səni düşündüm.

Talesiz insanlara acıya bilmirəm...

Üz-üzə oturmuşuq. Mənzil çox dəbdəbəlidir. Oturduğumuz qonaq otağında yerləşdirilən əşyaların qiyməti də kifayət qədər bahalıdır. Amma bu qadının üzündə hüzn var. Bu dəbdəbəyə yaraşmır və söhbətimiz zamanı bu hüzn onun çöhrəsində özünü üzüntülü hiss edib çəkilib gedəcək.

- Mən səninlə şərt kəsdim axı ki, səni “İnsan taleyi” layihəsində danışdırıb yazım. Bunları da yazaram, elə bilərlər məni sevibsən.

- Səni çox istəyirəm. Kişi adamsan. Riyakar deyilsən. Elə ona görə də səni qızlarımız da çox istəyir. Yazmağa isə yaz. Sənin Axar.azdakı bütün yazılarını oxuyuram. O, talesiz insanlara acıya bilmirəm. Mənim özümə acımaq lazımdır. Çox düşünürəm, niyə axı mən beləyəm? Çoxları məni bəxtəvər bilir, amma...

Riyakarlıq toxumu boy verdi

Beləliklə, onu dinləyək, görək nələr yaşayıb, nələr yaşanıb onun həyatında? Hər kəs içində saxladığı sirrini, həyatının acılı günlərini kiminləsə bölüşmək istəyir. Paylaşır ki, yüngülləşə bilsin. Mənim qəhrəmanım da nəhayət bu gücü özündə tapa bilib. Hiss edirəm ki, hələ də tərəddüd edir. Sözündən tuturam:

- Nə idi səni insanlarda qaçmağa vadar edən?

- Dedim axı, zaman keçdikcə hər kəsin içindən riyakarlıq toxumu göründü, boy verdi.

Pencəyini atdı çiyninə, getdi

- Dedilər, təzədən ərə gedibsən.

- Hə getmişdim, daş onun ər başına... O, ər olmadı ki... torpağımı, evimi satdırdı. İnandım ona. Dedim, uşaqlarıma sahib çıxar. O isə bir pencəyini, bir qarnını, bir də ... götürüb gəldi evimə. Evdən çölə çıxmadı. Əvvəlcə torpağımı satdıq, sonra bağımızı, evimizi satıb onun borcunu ödədik. Axırda isə dedim, çıx get mənim həyatımdan da, ömrümdən də, elə evimdən də. O da pencəyini atdı çiyninə, getdi.

- Yəqin, çox istərdin ki, qalsın. Axı əvvəlcədən getməsini istəsəydin, sadaladıqlarını əlindən çıxartmazdın ki...

- Yox, istəyirdim getsin. Elə ilk gündən. Amma o, xəstə idi. Onu yarı yolda, borcun içində qoymazdım axı. Həm də onu sevib ərə getmişdim. Boy-buxununa vurulmuşdum. İçini görə bilməmişdim.

Dedin ki, bu, Aylinin öz ətridir

- Bilirsən, Aylin, sonradan hamı belə danışır. Günahkar əks tərəfi bilir. Səni mən yaxşı tanıyıram və bilirəm ki, dediyində həqiqət var. Amma oxucular heç də buna inanmayacaq, sən kitablardan, kinolardan çıxmış kimi görünəcəksən.

- Kinolardakı qəhrəmanlar həyatda olanlar deyil ki? Mənim bütün əsərlərimdə özümün və tanıdıqlarımın həyatından nə isə var. Mən səni niyə axtardım? Axı başqa dostlarımız da vardı. Özün də bilirdin ki, mənə qarşı acgözlüklə boylanırdılar.

- Bilmirdim...

- Ola bilsin bilməyəsən. Amma bu, belə idi. Maşınım, işim vardı. Zəngin olsam da, çox sadə idim. Qadınlar məndən vurduğum ətrin qiymətini soruşanda ən ucuz ətrini qiymətini deyər, adını çəkərdim. Hətta bir dəfə sənin yanında bu söhbət oldu. Qızlara guya ki, istifadə etdiyim ətrin adını dedikdə, biri əl çantasından həmin ətri çıxartdı, mən də ondan istifadə edirəm, amma belə qoxumur,- dedi. Onda sən dedin ki, bu, Aylinin öz ətridir. Yadındadır?

- Yox...

- Qocalmısan da. Heç mənim səsimi də tanımadın.

- Axı mən sənin səsini heç fikirləşməmişdim ki, yaddaşımda da qalsın.

- Sənin nə yadında qalırdı ki, hamı ilə zarafat edib gedirdin. Bax elə həmin gün qızlar mənə dedilər ki, sən şorgözsən və səndən uzaq olum.

Deyəsən, incidi. Özümü o yerdə qoymadım:

- Sən de görüm, kişinlə niyə anlaşmadın axı? Onu sevibsən, o da sənə biganə qalmayıb.

Bir neçə dəfə döydü də

- Yaxşı adam olmadı onunkular. Əvvəlcə anasını əməliyyat etdirdim. Sonra bacısını Türkiyəyə göndərtdim. Müalicə aldı. Hər şey etdim. Birinci ərimdən çox şeylər qalmışdı mənə. Qardaşlarım da imkanlarıma dəyər verdi, yeni iş yerləri, obyektlər açdım. Ərimdən qalanları keçirtdim uşaqlarımın adına.

- Nə etdilər sənə?

- Bu insan mənə gün verdi, işıq vermədi. İncitdi məni. Hətta bir neçə dəfə döydü də. Pulumu aldı, qumara qoydu. Qardaşlarıma demədim...

- İynə vurdu, nəşə çəkdi?..

- Yox, o heç siqaret də çəkmirdi, araq da içmirdi. Amma yaxşı adam deyildi. Mənimlə qardaşlarımın, bacılarımın əlaqəsini kəsdi. Qısqandı məni hər kəsə. Ona maşın da aldım. Qohumları lağ edirdi, deyirdi ki, evin kişisi Aylindir. Mən mistik bir həyat yaşadım, bilirsən? Sonra ayrıldım.

Arvadlarını boşayacağını deyirdilər

- Aylin, sən qadınsan, dulsan, anasan, imkanın var, suallarıma cavab almaq çətin olacaq mənə. Amma bu düzdür ki, sənin həyatında müxtəlif insanlar oldu?

- Yalandır. Amma mənimlə çox adam maraqlandı. Hamısını da tanıyırsan. İnanmazsan, elələri vardı ki arvadlarını boşayacağını deyirdilər. Heç birinə də inanmırdım. Guya dost idilər. Zəng edib o qədər biri o birinin ardınca danışırdı ki. Elə səndən də deyirdilər, amma sən adlarını soruşma. Çoxu da tanınan şairlərdi indi...

- Danış görüm axırı nə oldu?

- Biri var, yoldaşımla görüşüb deyib ki, bəs sən yaxşı oğlansan, amma gərək Aylinlə evlənməyəsən, o kişi başı yeyəndir. Sən allah, mən heç kişi ölüsünə oxşayıram? Ərim mənə dedikdə matım qurudu. Onun mesajlarını göstərdim. Mənə sevgi dolu yazılar yazmışdı. Şeirlər göndərmişdi. Sonra gördüm ki, həmin şeirlər onun birinci kitabında çıxıb. Onda da mən heç Bakıya gəlməmişdim. 14 yaşım olub və orta məktəbdə oxumuşam. Yalançı idilər.

İstifadə etmək istəyirdilər

- Aylin, onlar sənin özünə, yoxsa imkanlarına vurulmuşdu?

- Bilmirəm ki... yəqin özümə. Bilirdilər imkanımı... bəlkə də, istifadə etməlk istəyirdilər... bilmirəm...

Durub mətbəxə keçir. Yox, yaşından çox gənc görünür. Heç dərd çəkənə oxşamır. Fürsətdən istifadə edib otaqlarını gəzirəm. Otaqların birində idman etmək üçün qurğular var. Otaqların ikisi uşaqlarına məxsusdur. O otaqlara keçmirəm. Səslənir:

- Gəl bura, çayını təzələdim. Yemək yeyək.

- Mətbəxin genişdi. Bunları bura niyə daşıdın?

Dinmir. Uşaqlarını soruşuram. Burğacla “Ayı qanı” şərabının ağzını aça-aça deyir:

- Qızım Türkiyədə yaşayır. Kürəkənim orada təhsilini bitirdi. Adanada həkim işləyir. Bakıya qayıtmaq istəmədi. Qızımı da apardı özü ilə. Oğlum isə Qazaxıstandadır. Bizim “Akkord”un orada layihələri var, onlarla işləyir. Az-az gəlir. Deyirəm gəl, bu işlərə sahib çıx. Eşitmir məni. İnadkardı. Evləndirəcəm onu, amma əl vermir.

- Aylin, onu da evləndir, sonra özün də təzədən ərə get.

- Yox, kişilərlə qurtardıq ta. Gəl çörəyini ye. Bilirsən niyə aldım “Ayı qanı”nı? – bakallara şərab süzür. Çünki sən bir neçə dəfə bu içkini xoşladığını demisən.

Ərim məndən aylıq haqq tələb etdi

- Sən dedin axı, çox şeylər danışacaqsan. Amma heç dərdli qadına oxşamırsan.

- Ərim məni pis vəziyyətdə qoydu. Uşaqlarımla üz-göz oldum. Qızım məni başa düşdü. Oğlum hələ də məndən incikdi. “Neynirdin o kişini, - deyir. - Dözmürdünsə, bir dost tapaydın özünə. Həm pulumuz qalardı özümüzdə, həm də belə biabır olmazdıq, indi də”.

Ərim ayrılandan sonra məndən aylıq haqq tələb etdi. Dedim, daha səninlə bağlılığım yoxdur. Vergiləri, polisi göndərtdi iş yerlərimə. Cərimə olundum. Dükanlarımdan vaxtı keçmiş ərzaq malları, aptekimdən qadağan olunmuş dərmanlar “tapıldı”. Qardaşım Ukraynadan gəldi. Gedib işləri yoluna qoydu. Kalan xərcim çıxdı.

O, demək olar ki, heç nə danışmaq istəmirdi. Yaşantılarından, naşirlərin onu aldadıb pulunu almasından, kitablarının qadınlar tərəfindən sevilərək oxunmasından bəhs edirdi. Mən ona iradımı bildirdim:

- Sən məni elə buna görə çağırmısan? Buna görə zəng etmisən?

- Danışa bilmirəm, Faiq, qoy qalsın içimdə. Mən çox acılar çəkmişəm... Gəl otur içək...

Faiq Balabəyli

axar.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR