“Goranboy qətliamı” ilə bağlı imza toplanır - Təfərrüat
Bizi izləyin

Qırmızı.az

“Goranboy qətliamı” ilə bağlı imza toplanır - Təfərrüat

Goranboyun Səfikürd kəndində 7 nəfəri qətlə yetirən Rafiq Hüseynovun ailəsi barəsində imzatoplama kampaniyası başlayıb.

Axar.az-a yerli sakinlərdən verilən xəbərə görə, kənd camaatı arasında imza toplanıb aidiyyəti orqanlara təqdim olunacaq. Məqsəd qatilin valideynlərinin Səfikürddən birdəfəlik çıxarılmasını təmin etməkdir. Kənd camaatı qətliam törədən bir şəxsin ailəsinin kənddə yaşamasını qəbuledilməz sayır.

Məlumatda deyilir ki, bu günlərdə R.Hüseynovun valideynləri polisin iştirakı ilə kəndə gələrək evdə olan-qalan əşyalarını toplayıb, Səfikürdü tərk ediblər. Onların bir daha övladlarının ucbatından kəndə qayıdacağı gözlənilmir.

Qatilin anası isə 40 mərasimindən sonra evinə qayıtmaq istədiyini qeyri-rəsmi şəkildə deyib. Ancaq kənddə imzatoplama Hüseynovların Səfikürddə yaşaya bilməyəcəklərini əsaslandırır.

Əldə etdiyimiz məlumata görə, hadisə zamanı yaralanan 30 yaşlı Günel Məmmədova ayağından əməliyyat olunması üçün Bakıdakı Travmatologiya İnstitutuna göndərilib. Digər yaralı, 28 yaşlı Natiq Məmmədov isə evə buraxılıb. Onun evində müalicə olunduğu bildirilir. Bununla bağlı ATV-nın aparıcı Zaur Baxşəliyev də çəkiliş aparıb.

Qeyd edək ki, oktyabrın 1-də Səfikürd kənd sakini Hüseynov Rafiq Müzəffər oğlunun həyat yoldaşı ailə münaqişəsi zəminində evdən atasıgilə gedib. Bundan sonra R.Hüseynov tüfəng və əl qumbarası götürərək qayınatasının evinə gəlib. Burada o, qapının bağlı olduğunu görüb və həyət qapısından keçərək evə doğru gəlib, qayınını çağırıb.

Evdən R.Hüseynovun qayını Natiq Məmmədov çıxıb və onlar mübahisə etməyə başlayıblar. Mübahisə zəminində R.Hüseynov qayınına və digər bir şəxsə tüfənglə atəş açıb.

Daha sonra otaqdan səs-küyün gəldiyini görən R.Hüseynov bir neçə nəfərin ona tərəf irəlilədiyini zənn edərək otağa qumbara atıb. Qumbaranın partlaması nəticəsində 5-i qadın olmaqla 7 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm