Moskvada Azərbaycan-Rusiya münasibətlərinin tarixi müzakirə olunub
Bizi izləyin

Qırmızı.az

Moskvada Azərbaycan-Rusiya münasibətlərinin tarixi müzakirə olunub

Moskvada Rusiya Liberl Demokrat Partiyasının sədri Jirnovskinin təşəbbüsü ilə Azərbaycan-Rusiya münasibətləri tarixinə dair dəyirmi masa keçirilib.

Publika.az-ın məlumatına görə, Rusiya Federasiyası Dövlət Dumasında keçirilən dəyirmi masada Azərbaycan-Rusiya münasibətləri tarixinə dair, Azərbaycan ərazisinə digər xalqların köçürülmə tarixi, Azərbaycan Sovet Sosialist Respublikasının qurulması tarixi, 1920-ci ilədək Rusiya imperiyası tərkibinə daxil edilən Azərbaycan əraziləri, keçmiş sovet məkanında Azərbaycan-Rusiya münasibətlə­rində ictimai, siyasi, iqtisadi, mədəni və geosiyasi əlaqələrin davam etdirilməsi perspektivləri və başqa məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Dəyirmi masanı giriş sözü ilə Rusiya Federasiyası Dövlət Dumasının Maliyyə məsələləri üzrə Komitəsinin sədr müavini D.İ.Savelyev açıb. O, AMEA Tarix İnstitutunun nümayəndə heyətini, Azərbaycan diaspora nümayəndələrini və qonaqları salamlayıb, RLDP-nın Beynəlxalq əlaqələr şöbəsi müdirinin birinci müavini V.A.Kalxidov partiyanın sədri V.V.Jirinovskinin müraciətini oxuyub. Bundan sonra “Moskva Azərbaycanlıları Milli-Mədəni Muxtariyyəti Şurası”nın sədri Ağadadaş Kərimov çıxış edib.

Dəyirmi masada Azərbaycan tarixçiləri C.Ə.Bəhramov Azərbaycan-Rusiya münasibətləri tarixindən, İradə Bağırova Azərbaycan ərazisinin Rusiya tərəfindən işğalı və onun nəticələri, Hacı Həsənov XIX-XX əsrin əvvəllərində Rusiya imperiyasının Azərbaycanda həyata keçirdiyi köçürmə siyasəti, İlqar Niftəliyev isə Azərbaycanda Sovet hakimiyyətinin qurulması və xalqımıza qarşı törədilən soyqırımı cinayətləri, repressiyalar, deportasiya və etnik təmizləmə məsələləri barədə məruzə ediblər.

Rusiya tərəfdən dəyirmi masada Rusiya Xalqlar Dostluğu Universitetinin əməkdaşı Leyla Basakova “Slavyan və türk dialektlərinin və yazılarının tarixi kökləri haqqında” adlı məruzə ilə çıxış edib. Davam edən müzakirələrdə isə REA Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun əməkdaşı V.A.Nayedin-Rayevski, Moskva şəhər K.Kərimov adına 157 saylı Azərbaycan məktəbinin direktoru E.S.İsmayılova və RF Federal Miqrasiya Xidmətinin sədr müavini Y.Q.Serov çıxış etmişdilər.

Daha sonra Rusiyadan olan digər qonaqlar çıxışlar edərək Azərbaycan- Rusiya münasibətlərinin tarixi əhəmiyyətindən danışıblar.

Müzakirələrin sonunda Tarix İnstitutu Elmi Şurasının qərarı ilə 12 dildə nəşr olunmuş və Beynəlxalq kitab müsabiqəsində qalib olmuş “Qarabağ: real tarix, faktlar və sənədlər” (müəllifləri: Y.M.Mahmudov, K.K.Şükürov) adlı kitabın rus dilində olan nüsxələri D.İ.Savelyevə və “Moskva Azərbaycanlıları Milli-Mədəni Muxtariyyəti Şurası”nın sədri Ağadadaş Kərimova təqdim olunub.

Müzakirələrin sonunda bu cür görüşlərin əhəmiyyəti nəzərə alınaraq üç aydan bir həm Moskvada, həm də Bakıda keçirilməsi məqsədəuyğun hesab edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm