Prezident və xanımı Goranboy rayonuna səfər edib (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

Prezident və xanımı Goranboy rayonuna səfər edib (YENİLƏNİB)

Oktyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Goranboy rayonuna səfərə gəliblər.


Dövlətimizin başçısı və xanımı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Goranboy rayonunun mərkəzindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydular.


Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev son vaxtlar rayonda görülən işlər və ulu öndərin yeni ucaldılan abidəsinin ətrafında aparılan geniş abadlıq tədbirləri barədə Prezident İlham Əliyevə məlumat verdi.


Bildirildi ki, ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda aparılan abadlıq-quruculuq işləri nəticəsində burada əhalinin istirahəti üçün hər cür şərait yaradılıb. Geniş yaşıllıq zolaqlarının salındığı parkda orijinal memarlıq quruluşuna malik Heydər Əliyev Mərkəzi inşa edilib.

****

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 18-də Goranboy şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması layihəsinin icrasının başa çatması ilə əlaqədar təşkil olunan mərasimdə iştirak ediblər.

Davamlı iqtisadi inkişaf mərhələsində olan Goranboyda reallaşdırılan sosial layihələr əhalinin rahatlığına, onların həyat şəraitinin yaxşılaşdırılmasına yönəlib. Bu sırada rayonda icrası başa çatdırılan Goranboy şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması layihəsi xüsusi yer tutur. 2011-ci ildə tikintisinə başlanan hidrokompleksin sifarişçisi Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlikdir.

Layihəyə əsasən, Goranboy şəhəri və rayonun 18 yaşayış məntəqəsinin, Naftalan şəhəri və kurort şəbəkəsi də daxil olmaqla Qaşaltı və Qasımbəyli kəndlərinin içməli su tələbatını ödəmək üçün saniyədə 114 litr içməli su veriləcək. Nəticədə Goranboy rayonunun və Naftalan şəhərinin 47430 nəfər sakini fasiləsiz içməli su ilə təmin ediləcək. Potensial layihə gücü saniyədə 200 litr su ötürə bilən bu qurğu 2031-ci ilədək Goranboyun əhalisinin 75 faizini, Naftalan əhalisinin isə 100 faizini təmin etməyə hesablanıb. Laboratoriya analizləri suyun keyfiyyətinin yüksək olduğunu təsdiqləyib.

Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin direktoru Əli Məmmədov bildirdi ki, layihə çərçivəsində birinci mərhələdə Ballıqaya su mənbəyinin və əsas nəqledici magistral içməli su xəttinin tikintisi başa çatdırılıb. Bu mərhələdə baş suqəbuledici-ötürücü qurğular kompleksi inşa olunub, uzunluğu 36 kilometrdən çox olan magistral su xətti çəkilib. Bundan əlavə, infiltrasiya-drenaj qurğuları sahəsi yaradılıb, perforasiya olunmuş 13 suyığıcı boru quraşdırılıb. Magistral su xətti boyunca təzyiqazaldan 11 hovuz tikilib. İkinci mərhələdə şəhərin su anbarları sahəsi yaradılıb və hər birinin həcmi 1000 kubmetr olan 3 anbar tikilib, inzibati binalar və istehsalat bazası yaradılıb. Bu mərhələdə müxtəlif təyinatlı su və kanalizasiya xətlərinin çəkilməsinə xüsusi diqqət yetirilib, bütün abonentlər su sayğacları ilə təmin olunub. Üçüncü mərhələdə isə məhsuldarlığı gündə 5 min kubmetr olan çirkab və sutəmizləyici qurğular kompleksinin tikintisi və texnoloji sistemlərin quraşdırılması həyata keçirilib. Qurğuların mükəmməl istismarını təmin etmək üçün avtomatlaşdırılmış idarəetmə sistemi quraşdırılıb.
Dövlətimizin başçısı Goranboy şəhərinə içməli suyun verilməsini bildirən düyməni basdı.

Sonra Prezident İlham Əliyev Goranboy rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Sonda xatirə şəkli çəkdirildi.

***

Oktyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva “Goranboy” paylayıcı elektrik məntəqəsində görülən işlərlə tanış oldular.

Dövlətimizin başçısının enerji müstəqilliyimizin daha da möhkəmləndirilməsi, ölkə əhalisinin və iqtisadiyyatının elektrik enerjisinə olan tələbatının tam ödənilməsi, respublikada elektrik enerjisinin ixrac potensialının yaradılması sahəsində energetiklər qarşısında qoyduğu vəzifələrin icrası uğurla davam etdirilir. Əvvəllər ölkədə mövcud olan enerji problemləri dövlətimizin başçısının sərəncam və tapşırıqlarına əsasən, müvafiq dövlət proqramları çərçivəsində bölgələrdə yeni elektrik stansiyalarının və yarımstansiyaların inşası nəticəsində tamamilə aradan qaldırılır. Bu da yeni generasiya güclərinin əldə olunmasına yol açır. Regionlarda bir-birinin ardınca istifadəyə verilən yarımstansiyalar və paylayıcı qurğular əhalinin elektrik enerjisi ilə davamlı təminatında həlledici rol oynayır. Bu mənada 330 kilovoltluq yeni “Goranboy” paylayıcı elektrik məntəqəsi bölgə üçün mühüm əhəmiyyət kəsb edəcək.

“Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyev dövlətimizin başçısına məlumat verdi ki, bu layihə üzrə “Goranboy” paylayıcı elektrik məntəqəsi ilə 330 kilovoltluq “İmişli” yarımstansiyası arasında çəkilmiş 330 kilovoltluq hava xəttinin ümumi uzunluğu 165 kilometrdən çoxdur. Layihə çərçivəsində 330 kilovoltluq “Goranboy” paylayıcı elektrik məntəqəsi tikilərək şəbəkəyə qoşulub və o, respublikada bu gərginlikdə ilk paylayıcı məntəqədir. “Goranboy” paylayıcı elektrik məntəqəsi ilə “İmişli” yarımstansiyası arasında hava xəttinin çəkilişi ilə yanaşı, 330 kilovoltluq 6-cı “Mingəçevir” və 5-ci “Mingəçevir” hava xətləri giriş-çıxışla paylayıcı məntəqəyə birləşdirilib. Burada müasir elektrik avadanlıqları quraşdırılıb.

Qeyd edək ki, bu infrastruktur layihəsi dövlətimizin başçısının müvafiq Sərəncamı ilə təsdiq olunmuş Azərbaycanda yanacaq-enerji kompleksinin inkişafı üzrə 2005-2015-ci illəri əhatə edən Dövlət Proqramı çərçivəsində həyata keçirilib. Görülən işlərin əhəmiyyətindən danışarkən vurğulamalıyıq ki, bu infrastruktur layihəsinin həyata keçirilməsi “Azərbaycan” İstilik Elektrik Stansiyası, “Goranboy” paylayıcı elektrik məntəqəsi, “İmişli” yarımstansiyası, “Şirvan” Elektrik Stansiyası, “Abşeron” yarımstansiyası arasında enerji sistemində ikinci 330 kilovoltluq enerji dövrəsinin yaradılmasına və qonşu İran İslam Respublikası ilə enerji mübadiləsinin həcminin artırılmasına imkan verəcək. Müvafiq sxem dəyişikliyi etmək və avtotransformator quraşdırmaqla, paylayıcı məntəqəni yarımstansiyaya çevirmək mümkündür. Gələcəkdə belə sxem dəyişikliyinin aparılması, işğaldan azad olunacaq ərazilərin elektrik enerjisi ilə təchizatının bu paylayıcı məntəqənin yarımstansiyasından həyata keçirilməsi nəzərdə tutulub. “Goranboy” paylayıcı elektrik məntəqəsinin ərazisi 15 hektardır. Burada 18 nəfər daimi işlə təmin olunacaq. Paylayıcı məntəqənin ərazisində abadlıq işləri də aparılıb, geniş yaşıllıq salınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm