1 yaşlı Axar.az-da Anarların kreslo davası - REPORTAJ - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

1 yaşlı Axar.az-da Anarların kreslo davası - REPORTAJ - FOTOLAR

İndiyə kimi çox yerlərdə reportajda olmuşdum. Amma ömründə bircə dəfə belə olmadığım redaksiyadan reportaj hazırlamaq tapşırığını ilk dəfədir alırdım.

...Beləliklə, fotoqrafımız Elçinin həmişəki “beş dəqiqə”sini gözləyib, bir mərtəbə yuxarı – bir yaşı tamam olan Axar.az-ın redaksiyasına qalxıram. Müxbir heyətinin otağını bir neçə saniyəlik ziyarətdən sonra yollanıram baş redaktor Anar Niftəliyevin otağına. Anar Niftəliyevin otağı deyəndə ki, burada ondan savayı Publika.az-ın axar.az-dakı nümayəndəsi Anar Əhmədov da var.

Anar Niftəliyev deyir ki, axar.az komanda olaraq 2013-cü ilin sentyabrın 1-dən formalaşdırılmağa başlayıb. Baş redaktor saytın yarandığı günləri belə xatırlayır:

“Azərbaycan mediasında bir neçə istəyimiz var idi ki, onları reallaşdırmağa çalışmışıq. Çalışdıq ki, xəbəri bir qədər başqa formada təqdim edək. Bizdən sonra bu yeniliyi bir digər saytlar da tətbiq etməyə başladılar. Bizdə xəbər vermə stili daha dinamikdir, standartdan kənara çıxmağa çalışırıq. Çox əziyyətlərdən keçdik. Komandanı formalaşdırmaq, saytı media bazarında “oturtmaq” xeyli əziyyət bahasına başa gəldi. Çox sevinirəm ki, çox qısa müddətdə axar.az sayılıb-seçilən bir sayt oldu. Oktyabrın 19-u günorta saat 1-də online olduq. Həmin gecə saat 12-də 8600-dan çox girişimiz olmuşdu. Hələ yarım gün idi. Bu, Azərbaycan mediası üçün rekord sayılırdı. Amma ora qədər getdiyimiz yol var idi. Təkcə holdinqimizin saytları deyil, digər sayt rəhbərləri də bizə çox dəstək vermişdilər. İşə neçə nəfərlə başladığımız yadımda deyil. Sentyabrın 7-də ilk komandamız hazır idi. İndi 17 nəfərik. Amma kənar müəlliflərimiz də var.

Hələ sayt fəaliyyətə başlamazdan yaxşı xəbərlərimiz olurdu. O xəbərləri axar.az adıyla başqa saytlara göndərirdik. Hətta bir neçə oxucu demişdi ki, bu saytın hələ özü yoxdur. Bizimlə ilk partnyorluğu Aznews.az, musavat.com edib. Adını çəkə bilməyəcəyim həmkarlarımın da hamısına təşəkkür edirəm. Onlar sözün əsl mənasında hər zaman jurnalist əxlaqı və etikası göstərib, bizə dəstək olublar. İndi də o dəstəyi hiss edirik və biz də onlara arxa olmağa çalışırıq”.

A.Niftəliyev deyir ki, axar.az yarananda qarşıya qoyulan məqsədlərdən biri də gənc kadrlara üstünlük verilməsi olub:

“Biz yarananda düşündük ki, digər saytların peşəkarlarını gətirməyək, gəncləri yetişdirək. Çünki saytlar arasında problem oradan başlayır, istər-istəməz narazılıq yaranır. Bu, həm də jurnalistikada kadr potensialının genişlənməsinə mane olur. Belə olmaz. Hərçənd gəncləri öyrətmək, onlarla işləmək xeyli çətindir. Bizim 18-19 yaşlı əməkdaşlarmız da var”.

Söhbətin bu yerində İlkin Həsənov gəlib çıxır. Baş redaktor işçisini görər-görməz tərif atəşinə start verir:

“İlkin Universiteti təzə bitirib gəlmişdi. O, axar.az-ın yetişdirdiyi, fəxr etdiyimiz uşaqlardandır. Siyasətimizin yükünü o çəkir. Bir neçə beynəlxalq siyasi şərhçilər İlkinin inhisarındadır. Politoloji qabiliyyəti, dil bilgiləri işləməyə imkan verir. Qısa müddətdə işi mənimsədi, gələndə gənc və təcrübəsiz olsa da, 15-20 gündən sonra özünü təsdiqlədi”.

Anar müəllimlə söhbət zamanı maraqlı bir fakt da ortaya çıxır. Sən demə, bir müddət Publika.az-da da işləmiş Anar Əhmədov adaşı və baş redaktoru olan Anar Niftəliyevin kreslosuna göz dikibmiş. Baş redaktorun öz dilindən:

“Anar Əhmədov bizə fevralda gəldi. Qaynar.info-nun maddi durumuyla əlaqədar oradan ayrıldı və öz təşəbbüsüylə bizə gəldi. İndi Anarın oturduğu yer Pərviz Cəbrayılındır. Mən qalxan kimi mənim də yerimdə oturur. Pərvizlə çay içməyə gedəndə deyirik ki, işə nəzarət elə. Neçə vaxtdır baş redaktorun yerinə göz dikib. Amma zarafat bir qırağa, Anar Əhmədov və İlkin Həsənov redaktor səviyyəsində olan uşaqlardır. Bir illik zəhmətdən sonra, saytı 1-2 saatlıq qoyub harasa rahatlıqla çıxa bilərəm. Səhər saat 8-dən gecə 3-ə kimi işləmişik. Evə gedəndə də planşet əlimizdə olub. İndi Pərvizin də, mənim də səhhətimizdə problemlər başlayıb. Gərginlik özünü göstərir. Zəhmət heç vaxt hədər getmir. İndi redaktə əzabları əvvəlki səviyyədə deyil. Bir ilin tamamında çox böyük çətinliklərin arxada qaldığını düşünə bilərik”.

A.Niftəliyev danışa-danışa “görəsən, növbəti sualım xətrinə dəyməz ki” deyə öz-özümə düşünürəm:

- Anar bəy, bəzən beynəlxalq səviyyədə tanınmış şirkət adlarını səsləndiyi formada yazırsınız. Məsələn, bu yaxınlarda “Əpl” sözü sosial şəbəkələrdə müzakirə olundu. O, texniki səhv idi, yoxsa, doğrudan da, belə yazılışı doğru hesab edirsiniz?

- İxtisasca dilçiyəm, filoloqam. Azərbaycan dilinin yazı qaydaları var, bu dil müasirlik prinsipi üzərində qurulub. Sözlər danışıqda necə ifadə olunursa, o cür də yazılmalıdır. Digər saytlar birmənalı olaraq səhv yazırlar. Zəhmət çəkib, dilimizin 38 maddədən ibarət yazı qaydalarını oxusunlar.

- Bir çoxları düşünür ki, axar.az Azərbaycanda ən çox siyasi dezinformasiya yayan saytdır...

- Bu barədə çox eşitmişəm. Bu, əslində, peşə sirridir. Amma bunu açaq da. Bir səhih xəbərin digər detallarını necə öyrənə bilərsən? Sənə çatan informasiyanı olduğu kimi versən, qarşı tərəfdən heç bir reaksiya olmayacaq və o xəbər itib-batacaq. Sən onu şişirdilmiş, hətta yeri gələndə şayiələşdirilmiş formada, dezinformasiya qatılmış dərəcədə verməlisən ki, qarşı tərəf qıcıqlansın, əsl həqiqəti etiraf etsin. Bu, dünyada qəbul edilən formadır.

- Mətbuatımızda dezinformasiya sayıla biləcək xəbərlər yetərincə çoxdur. Amma maraqlıdır ki, sizin sayt daha çox diqqət çəkir. Səbəb nədir?

- Biz yaranandan diqqət daha çox bizim üzərimizdə oldu. Anar Mahmudoğlu və Pərviz Cəbrayılın bura gəlməsi həmkarlarımız üçün gözlənilməz idi. Çünki həmin ərəfələrə qədər də müxtəlif təkliflər var idi və hamısından imtina edib “Teleqraf” MMC-ni seçdik... Hətta bizi savadsızlıqda, dili bilməməkdə ittiham edənlər də olub. Halbuki mən dilçiyəm, bu, mənim ixtisasımdır. Yəni belə qıcıqlandırmalar olub. Yeni başlayanda çox hədəf olmuşuq, indi bir az daha rahatdır, bizi qəbul edirlər. Heç kim qəbul edə bilmirdi ki, xəbər saytları bolluğunda axar.az belə sürətlə bazara girər.

- Mətbuatda rəqibiniz kimlərdir?

- Birmənalı olaraq musavat.com-la rəqabət aparırıq, buna cəhd edirik, çalışırıq, istinad mədəniyyətini qoruyuruq. Düzdür, o saytın da yanlışlıqları var. Amma bütün bunlarla bərabər, gözəl və böyük saytdır. Bizə ilk gündən dəstək verdiklərinə görə boynumuzda haqları var. O haqqı unutmadan səmimi rəqabət aparırıq. Məmnun olmadığımız, rəqabətə sürükləndiyimiz, bizimlə müqayisədə intellekt baxımından həddən artıq zəif olan saytlar da var. Onlar çılpaq şəkillərlə İP baxımından bizdən qabağa keçə bilərlər. Amma siyasi saytlar var ki, onun başında duranların nə savadı, nə yazısı, ictimai nüfuzu, sosial statusu nəinki mənimlə, hətta bizim adminlə belə yanaşı durmağa imkan vermir. Tam səmimi deyirəm ki, onlar bizim rəqibimiz deyil. Bizim rəqibimiz ictimai-siyasi yükü çox olan, peşəkarların rəhbərlik etdiyi saytlardır.

Müxbir olasan, beyninə belə bir sual gələ, verməyəsən? Sonra axar.az-dakı dostlar da məndən inciyər axı.

Görək Publika.az-ın axar.az-dakı “desantı” Anar Əhmədov nə düşünür? Amma bəri başdan deyim ki, bu sözlərdən sonra Əhmədov, çətin ki, bir də bizim redaksiyaya gələ:

Publika.az-da işlədiyim kollektiv də yaxşı kollektiv idi. Amma açıq deyim ki, buradakı kollektiv daha yaxşıdır. Açığı, belə gözləmirdim. Standart jurnalist kollektivinə öyrəşmişdim. Gözləyirdim ki, bir-iki aya kollektivə adaptasiya olunaram. Amma çox qısa çəkdi.

Deyəsən, Əhmədovun axar.az haqda dediyi xoş sözlər də baş redaktoru qane etmir.
Anar Niftəliyev:

“Az təriflədin kollektivi. Bunun harası mehribanlıqdı? Saat 9-dan 7-yə kimi ancaq qışqırıram. Amma işlə bağlı gərginliyimiz o qədər çox olur ki... Bütün əsəbimiz, hikkəmiz hamısı işə görədir. İlk gündən dedim ki, heç kim mənim qışqırıqlarımı şəxsinə almasın. Hər şey xəbəri qoyana qədərdir. Xəbər bir dəqiqə gec qoyularsa, Anar bizim düşmənimizdir. Kollektivdə əsas admin Günaydır, Gülər həm adminlik edir, həm xəbər yazır. Anar isə həm redaktor, həm də admindir. Uşaqlara həftədə bir dəfə deyirəm ki, sağ olun, bizim qışqırığımızın məhz xəbərin başında olduğunu başa düşürsünüz”.

Baş redaktorla söhbəti başa vurub keçirəm redaksiyanın ən qaynar nöqtəsinə - müxbirlər otağına. Bu arada bir məqam diqqətimdən yayınmır. Bayaqdan ha müşahidə edirəm, bayram əhvali-ruhiyyəsi yaradacaq nəsə gözə dəymir. Təbii ki, bu da səbəbsiz deyil. Çünki axar.az-ın əməkdaşı Nihad Cəbrayıl dünən avtomobil qəzasına düşüb. Ona görə də, bütün ad günü tədbirləri gələn həftəyə ertələnib.

Gülər Nəsibova yanvar ayından buradadır. Həm sosialdan yazır, həm tərcümələr edir, həm adminliklə məşğuldur. Dediyinə görə, axar.az onun ilk peşəkar iş yeridir

İlkin Həsənov isə bu kollektivdə şəxsən az-çox tanıdığım yeganə əməkdaşdır. Ötən ilin noyabrından buradadır.

Nilufər MuğantürkNatiq Fəttahov isə kollektivin veteranları hesab olunurlar.

Elə uşaqlarla yenicə tanış oluram ki, baş redaktor özünü yetirir. Sən demə, səbəbsiz deyilmiş, ürəyi doluymuş. Deyir ki, Natiq və Nilufər kollektivin ən tənbəlləridir.

Amma bir azdan görün, Nilufər və Natiq baş redaktor barədə nələr deyəcək, nələr?
Hələlik, Niftəliyevin təqdimatında digər həmkarlarımızı tanıyaq.

- Ülkər Səxavətqızı televiziyaya meyillidir. Televiziyanın açılmağını gözləyir. Natiqə hələ də vaxtında işə gəlməyi öyrədə bilməmişik. Deyir, səhər saat 6-da dururam, amma yenə də gecikir. Nə olur-olsun, bu adam hər dəfə 30 dəqiqə işə gecikməlidir. O gün deyir ki, məndə irəliləyiş var, cədvələ baxın. Baxıram ki, bir dəqiqə tez gəlib (gülür).

“Müxbirlərin baş redaktor barədə fikirləri necədir” deyə soruşuram. “Ooyy, oyy, oyyy” - Nilufərin reaksiyası. Və ardınca davam edir.

- Anar müəllimlə tanışlığımız mənim tələbəlik illərimə təsadüf edir. Çox gözəl münasibətlərimiz var.

Ülkər Səxavətqızı isə daha diplomatik davranır:

- Başda mən olmaqla çox gözəl, zarafatcıl kollektivimiz var. Sadəcə, əməkdaşımız Nihad Cəbrayıl qəzaya düşdüyünə görə kefimiz yoxdur.

Bu arada məlum olur ki, İlkin və Ülkər məhz axar.az-da tanış olublar və hazırda nişanlıdırlar, yanvarda toylarıdır...

Amma deyəsən, Nilufər Anar müəllimin bayaqkı “təqdimatını” hələ də unuda bilmir:

“Ola bilər ki, işdə axırıncı günüm olsun. Amma Anar müəllimə Pərviz Cəbrayıla görə dözürük. Anar müəllim nə qədər sərtdirsə, Pərviz Cəbrayıl o qədər mülayimdir, vəziyyəti stabilləşdirir”.

“Evin sirrini uşaqdan, redaksiyanın sirrini müxbirdən soruşarlar” prinsipini nəzərə alıb, saytda gedən dezinformasiyaları kimin yazdığını soruşuram. Amma uşaqlar da elə-belə uşaqlar deyillər ha. Nilufər deyir ki, həmin əməkdaş hazırda ofisdə belə yoxdur.

Şəmsəddin Ənsar apreldən kollektivdədir. İlham Sahiloğlu isə daha çox süjetlər hazırlayır, sosial mövzularda yazır. Nigar İxtiyarqızı fevraldan kollektivə qoşulub.

Bahooo, Nilufər dayanmaq bilmir ki, bilmir. Bu dəfə İsmini “baqaja qoyur”. Daha doğrusu, İsmi özü-özünü “baqaja qoyubmuş”:

“Bir dəfə fotoqrafımız İsmi Şahzadə mənə “Facebook”da evlilik təklif etmişdi. Hələ də ona inananlar və bu barədə mənə yazanlar var. Ay camaat, bilin ki, biz İsmiylə heç vaxt sevgili olmamışıq”...

Deyəsən, bu redaksiyada baş verən ən maraqlı əhvalatların bir tərəfi həmişə Anar Niftəliyevlə bağlı olur. Sən demə, onun otağa elədiyi zənglərə cavab verməmək üstündə qırğın imiş. Natiq Fəttahovun dediklərindən:

“Anar müəllim o qədər əsəbi şəkildə çağırır ki, kimi çağırdığını başa düşmək olmur. Məcbur olub onun yanında oturan uşaqlara yazırıq ki, kimi çağırırdı. Məsələn, Şəmsəddini çağırırsa, sözün ancaq “əddin” hissəsini eşitmək olur. Hərdən də üç nəfər birdən gedir ki, görəsən, hansımızı çağırır”.

Mövzunu İlkin Həsənov davam etdirir:

“Bir dəfə İP aşağıdır, birdə gördük Anar müəllim qışqırır: “İlqar, İlqar, İlqar”... İlqar getdi ki, bəli, Anar müəllim, eşidirəm. Qayıtdı ki, İlqarı neyniyirəm e, Günay, sən gəl bura”.

Nilufər deyir ki, ən qlobal məsələlər mətbəxdə müzakirə olunur. Hətta ötən həftə mətbəxdəki müzakirədən sonra belə qənaətə gəlinib ki, Azərbaycanda ən dadlı yeməkləri salyanlılar, bakılılar və lənkəranlılar bişirir. İlkin isə deyir ki, həmin müzakirəni aparanların biri salyanlı, biri bakılı, biri lənkəranlı imiş.

Natiq Fəttahov deyir ki, Axar.az-da cənubluların – Faiq Balabəyli, Şəmsəddin Ənsar, İsmi Şahzadə, Nilufər Muğantürk, Ülkər, Pərviz Cəbrayıl – güclü hegemoniyası var. İlhamın isə haralı olduğunu hələ də heç kim dəqiq bilmir. Çünki hərdən şəmkirli, hərdən gəncəli, hərdən də göygöllü olur.

Kollektivdə hərənin öz ləqəbi var. Məsələn, Nilufər baş redaktorun təbirincə desək, “yaramazdır”. Nigar İxtiyarqızı - Bayan Nigardır, İlkin, Ülkər və Şəmsəddin isə “gül balalar” hesab olunur. Natiq deyir ki, bayram günü evdən xəbər göndərirsənsə, avtomatik olaraq sən “gül” olmalısan. İsmi isə “maşennik” ləqəbini daşıyır. Bayaqdan sakitcə bir kənarda dayanan qızın adı isə Aygündür. Deyilənə görə, məsuliyyətlidir, işini sevir.

İsminin redaksiya üçün başqa bir “xidməti” də varmış. Uşaqlarin dediyinə görə, bütün “qıjı” mahnıları ilk dəfə məhz onun təqdimatında dinləmək imkanı qazanırlar. Ülkər isə kollektivin meyvə və konfet təminatını öz üzərinə götürüb. Hətta Nihad Cəbrayıl birinci mərtəbədə çay içəndə konfet üçün ikinci mərtəbəyə, Ülkərin yanına üz tutur. Amma deyəsən, son vaxtlar Ülkər kollektivin meyvə-konfet təminatını tam ödəyə bilmir. Natiq Fəttahovun dediyinə görə, bu hal Ülkər İlkinlə nişanlanandan sonra müşahidə olunmaqdadır.

Bəs görək aşpaz Kifayət xala kollektiv barədə nələr deyəcək? Deyir ki, həm uşaqlardan, həm də kollektivdən razılıq edir. Amma Nilufər və Natiqi daha çox istədiyini də gizlətmir:

“Heç vaxt belə mehriban kollektiv görməmişəm. Hamısını uşaqlarım qədər olmasa da, uşaqlarım kimi istəyirəm. Hətta evdə övladlarım da buradakı uşaqların adını əzbər bilirlər. Bəzən deyirəm ki, mən işdə istirahət edirəm”.

Publika.az olaraq biz də həmkarlarımızı təbrik edir, daha böyük uğurlar arzu edirik.

İntiqam VALEHOĞLU

Fotolar Elçin Muradındır

Oxumağa davam et
Reklam
Reklam

Gündəm