Mühafizə İdarəsinə yeni bina verilib
Bizi izləyin

Qırmızı.az

Mühafizə İdarəsinə yeni bina verilib

Bu gün Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Xətai Rayon Mühafizə İdarəsinin yeni tikilmiş inzibati binasının açılış mərasimi keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, tədbirdə daxili işlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov və Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov iştirak ediblər.

Məlumat verilib ki, inşasına ötən ilin dekabrından başlanılmış ikimərtəbəli inzibati binanın ümumi sahəsi 552 kvadratmetrdir. Ən müasir standartlara uyğun olan binanın bütün otaqları zəruri avadanlıq, inventar və kommunikasiyalarla təchiz edilib, Növbətçi hissə və digər xidməti otaqlar istifadəyə verilib. Yeni tikilidə 17 xidməti otaq, 50 yerlik akt zalı var. Binada ventilyasiya, mərkəzi istilik sistemi, qazanxana, rabitə-kommunikasiya və elektrik xətləri quraşdırılmış, digər yardımçı sahələr yaradılıb. Ərazi hasarlanıb, abadlaşdırma, yaşıllaşdırma və xarici işıqlandırma işləri yerinə yetirilib.

İdarənin şəxsi heyətini salamlayan və daxili işlər naziri, general-pokovnik Ramil Usubovun salamını onlara çatdıran O. Zalov nazirliyin mühüm qurumu kimi Baş Mühafizə İdarəsinin cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin qorunmasında, dövlətin və insanların əmlakının mühafizəsində göstərdiyi xidmətlərin ölkə və DİN rəhbərliyinin diqqətində olduğunu, görülmüş uğurlu tədbirlər nəticəsində vətəndaşların, obyekt sahiblərinin öz əmlaklarının, fərdi evlərinin qorunması üçün məhz bu quruma üz tutduğunu, daxili işlər orqanlarının digər xidmətlərində olduğu kimi mühafizə polisinin də maddi-texniki bazasının gündən-günə möhkəmləndirildiyini, və bu sahədə əsaslı dönüşün yarandığını nəzərə çatdırıb.

Baş Mühafizə İdarəsinin rəisi, polis general-mayoru Yaşar Əliyev isə yeni inzibati binanın belə bir əlamətdar gündə açılışının şəxsi heyətə əsl bayram hədiyyəsi olduğunu bildirib. O qeyd edib ki, Mühafizə İdarəsinin əməkdaşları bundan sonra da xidmətdə ayıq-sayıq dayanacaq, rəhbərliyin yüksək diqqət və qayğısına öz layiqli fəaliyyətləri ilə cavab verəcəklər.

Sonra mərasim iştirakçıları binanın birinci mərtəbəsinin foyesində ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətini, prezident İlham Əliyevin daxili və xarici siyasət sahəsində əldə etdiyi uğurları, daxili işlər orqanlarına xüsusi diqqət və qayğısını əks etdirən fotostendlərlə tanış olub, Növbətçi hissəyə, xidməti otaqlara, o cümlədən xüsusi avadanlıq və kompyuter sistemi ilə təchiz edilmiş tədris otaqlarına, akt zalına baxıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm