Niyə vətənpərvər şeirlər yazılmır?
Bizi izləyin

Qırmızı.az

Niyə vətənpərvər şeirlər yazılmır?

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşəbbüsü ilə yaradılan “Fikir şənbəsi” klubu bu gün – Dövlət müstəqilliyi günü ikinci tədbirini keçirdi.

Fondun İnformasiya təminatı sektorundan Pubika.az-a verilən məlumata görə, “Fikir şənbəsi”nin qonağı istiqlal şairi Xəlil Rza Ulutürkün xanımı Firəngiz Ulutürk olub.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədovun təqdimatı ilə başlayan tədbirdə Bakı Slavyan Universiteti “Yaradıcılıq fakültəsi”nin tələbələri, tanınmış jurnalistlər, elm adamları, psixoloqlar və könüllülər iştirak edib. O.Səmədov “Fikir şənbəsi”klubunun məqsəd və məramını diqqətə çatdıraraq, bildirib ki, Bilik Fondu bu klub vasitəsilə Azərbaycanın intellektual kəsimini bir araya gətirmək, onların fikirlərindən, ideyalarından bəhrələnərək cəmiyyətimizin daha da inkişaf etdirilməsini hədəf götürüb.

Görüşün Azərbaycanın müstəqillik gününün növbəti ildönümünə düşdüyünü xatırladan icraçı direktor tədbir iştirakçılarını təbrik edib, azadlığımız uğrunda qanından, canından, sağlamlığından keçən, dəhşətli mərhumiyyətlərə məruz qalan istiqlal şairimiz Xəlil Rza Ulutürkün həyat və yaradıcılığından söhbət açıb.

İstiqlal şairimizin xanımı, tanınmış pedaqoq Firəngiz Ulutürk də öz növbəsində deyib ki, bu gün azərbyacanlılar müstəqil dövlətə sahib olduqlarına görə xoşbəxtdirlər.

Firəngiz xanım Xəlil Rzanın həyatı, yaradıcılığı, məruz qaldığı mərhumiyyətlərdən danışıb. O, az adamın bildiyi faktları dilə gətirib. “80-ci illərdə Xəlil Rzaya millətçi damğası vurmaq istəyirdilər. Hətta dissertasiyasının müdafiəsinə mane olanlar da vardı. Ümummilli liderimiz Heydər Əliyev o zamanlar Moskvada çalışırdı. Telefon söhbətində Xəlil ona bu barədə dedi. Cavabında Heydər Əliyev ona demişdi ki, sən millətçi şair deyilsən, sən xalqın şairisən. Heç kəs sənə mane ola bilməz. Xəlil bu söhbətdən sonra “elə bildim, arxamda bir dağ var” - dedi”; “Xəlilə tutulacağını demişdim”; “Xəlil Lefortovada yatanda, ona dəfələrlə gizlin yollarla məktublar çatdırırdım, bunu bilsəydilər, ona çox ağır cəza verərdilər, hətta məni də tutardılar”...

Bu faktlardan daha geniş və detalları ilə söz açan Firəngiz xanım tədbir boyu şairin şeirlərini səsləndirib.

Tədbirdə BSU-nun “Yaradıcılıq fakültəsi”nin tələbələrinin söylədiyi şeirlər də alqışlarla qarışıanıb.

“Fikir şənbəsi”ndə “Niyə indi Azərbaycanda vətənpərvərlik ruhunda yazan şairlər azdır” sualı ətrafında müzakirə açılıb. Çıxışçılar müxtəlif arqumentlər səsləndiriblər. Kimisi müstəqillik qazanandan sonra istiqlal şairinə ehtiyac olmadığını deyib, kimisi əksinə Azərbaycanın məhz indiki dönəmində vətənpərvərlik ruhunda şeirlərin yazılmasının vacibliyini bildirib.

“Fikir şənbəsi”nin qonağı Firəngiz Ulutürk Bilik Fondunun təşəbbüsünü bəyəndiyini deyib, belə görüşlərin gənclərin düşüncəsinin formalaşmasında müstəsna rol oynadığını bildirib.

Xatırladaq ki, “Fikir şənbəsi” klubunun birinci tədbirində tanınmış türk jüurnalisti Can Dündarın görkəmli şair Nazim Hikmətin həyat və yaradıcılığına həsr etdiyi film nümayiş olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm