Bakıda qadın hüquqlarının müdafiəsi ilə bağlı beynəlxalq tədbir keçirilir (YENİLƏNİB) - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Bakıda qadın hüquqlarının müdafiəsi ilə bağlı beynəlxalq tədbir keçirilir (YENİLƏNİB) - FOTOLAR

Konfransda çıxış edən Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycan torpaqlarının erməni silahlıları tərəfindən işğal olunması barədə məlumat verərək bildirib ki, işğal nəticəsində 1 milyondan artıq qaçqın və məcburi köçkün ordusu yaranıb. Bunun da 400 mindən çoxu qadın, 300 mindən çoxu uşaqlardır.

Bu rəqəmlərin hər birinin arxasında bir ailənin faciəsinin dayandığını vurğulayan Komitə sədri bildirib ki, onlar arasında millət vəkili, həkim, müəllim, dövlət qulluqçusu kimi çalışanlar var.

H.Hüseynova qeyd edib ki, müstəqillikdən sonra Azərbaycan gender bərabərliyi üzrə mühüm sənədlərə qoşulub.

Komitənin qadın hüquqlarının müdafiəsi istiqamətində həyata keçirdiyi siyasətdən danışan H.Hüseynova bildirib ki, Azərbaycanda “Gender bərabərliyinin təmin edilməsi haqqında” və “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunlar qəbul edilib. Bununla da, qadın hüquqlarının inkişafı sahəsində yeni mərhələnin əsası qoyuldu.

Komitə sədri bildirib ki, əhalinin 50,3 faizini təşkil edən qadınların ictimai-siyasi, mədəni, elmi, sosial və digər sahələrdə əldə etdikləri uğurlar dövlətimizin nailiyyətidir. Onun sözlərinə görə, əmək qabiliyyətli qadınların 69,2 faizi özəl sektorda, 30,8-i dövlət sektorunda çalışır. Qadınlar arasında işsizlik səviyyəsi azalaraq 5,9 faizə düşüb. Qadın sahibkarlığı 17,9 faizədək artıb.

Qadınların seçkili orqanlarda təmsilinə toxunan H.Hüseynova bildirib ki, 1990-cı ildə Milli Məclis üzvlərinin 4,3 faizi qadın idisə, 2000-ci ildə bu göstərici 10,7, bu gün 16 faiz təşkil edir. Bələdiyyələrə seçilmiş qadınların sayı əvvəlkilərə nisbətsə son seçkilərdə 5 dəfə artaraq 26.7 faiz olub. Bələdiyyə sədrlərinin 17,7 faizi qadınlardır. 85 rayon üzrə 73 icra başçısının müavini qadındır.

Komitə sədri bildirib ki, Azərbaycanda qadınları ictimai və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqdan çəkindirən bir sıra sosial-psixoloji amillər var. Onların aradan qaldırılması üçün məlumatlandırma və maarifləndirmə işlərinin aparılması zəruridir.

O qeyd edib ki, kişilərdən fərqli olaraq, qadınların bu sahədə biliklərinin və təcrübələrinin, maliyyə resurslarının az olması müəyyən maneələr yaradır:

"Hazırda Azərbaycan qadını cəmiyyətdə yüksək yer tutur. Ancaq uğurlarla yanaşı, qadınlarımızın bir sıra çətinlikləri də mövcuddur. Qarşıya cıxan problemlərin öhdəsindən gələ bilmək üçün biz mərkəzdə və ya ucqar yerlərdə olmasından asılı olmayaraq, hər yerdə təhsilli, təcrübəli qadınlar görmək istəyirik. Doğulan uşaqların cinsi nisbətinin pozulması və məişət zorakılığına məruz qalan insanlar üçün sığınacaqların az olması kimi vacib problemlərin həlli bu gün çox aktualdır".

09:50

Bu gün Bakıda İslam Əmək Təşkilatının qadın məsələləri üzrə məsul nazirlərinin 5-ci konfransı işinə başladı.

Publika.az xəbər verir ki, iki gün davam edəcək konfransda 56 ölkədən qadın məsələləri üzrə nazirlər, ekspertlər, 10 beynəlxalq təşkilatdan (UNİCEF, BMT, Dünya Bankı və s) ümumilikdə 200-dən artıq nümayəndə iştirak edir.

Konfrans çərçivəsində qadın məsələləri üzrə məsul nazirlərin “İƏT-ə üzv ölkələrdə qadınların statusu ilə bağlı” sənəd imzalanacaq. Həmçinin Bakı Bəyannaməsi qəbul ediləcək. Ailə, qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə İordaniya Haşimilər Krallığı və Malayziyanın müvafiq nazirlikləri arasında Anlaşma Memorandumu imzalanacaq.

Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, BMT Qadınlar Təşkilatının icraçı direktor müavini Lak Shmi Puri, İƏT-in üzv dövlətlərinin nazirləri iştirak edirlər.

Konfransda qadın hüquqlarının müdafiəsi, qadınlara qarşı zorakılıq və onun qarşısının alınması, qadınların ictimai, siyasi, mədəni həyatda iştirakının artırılması və digər məsələlər müzakirə olunacaq.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm