Rasim Musabəyov: “Azərbaycanın inkişafı üçün geniş perspektivlər və imkanlar yaranıb”
Bizi izləyin

Qırmızı.az

Rasim Musabəyov: “Azərbaycanın inkişafı üçün geniş perspektivlər və imkanlar yaranıb”

“Gənc Liderlər üçün Qış Universiteti – Kreativ başlanğıc” layihəsi çərçivəsində “Azərbaycanın xarici siyasəti” mövzusunda növbəti panel baş tutub

“Gənc Liderlər üçün Qış Universiteti – Kreativ başlanğıc” layihəsi çərçivəsində “Azərbaycanın xarici siyasəti” mövzusunda növbəti panel baş tutub.

Publika.Az-ın verdiyi xəbərə görə, “İrəli” İctimai Birliyinin sədri Rauf Mərdiyevin moderatoru olduğu görüşün qonaqları Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Elman Abdullayev olub.

İlk olaraq çıxış edən millət vəkili qeyd edib ki, gənclərlə ünsiyyət onun üçün maraqlıdır. Gənclərin bu günki fəaliyyətini müsbət qiymətləndirən millət vəkili bildirib ki, bu formatda keçirilən görüşlər gənclərin gələcək karyeralarında faydalı olacaq. Əsas odur gənclər dünyada baş verən hadisələri izləsinlər, yeniliklərdən xəbərdar olsunlar.

Millət vəkilinin sözlərinə görə, hazırda Cənubi Qafqazda ümumən əhalinin 2/3-ni azərbaycanlılar təşkil edir. Azərbaycanın son illər apardığı düzgün siyasəti nəticəsində onun inkişafı üçün geniş perspektivlər və imkanlar yaranıb:

"Biz bu imkanlardan öz maraqlarımızı təmin etmək, eləcə də problemlərimizin həlli istiqamətində maksimum dərəcədə yararlanmalıyıq".

Elman Abdullayev çıxışında bu günki gəncliklə qürur duyduğunu bildirib: “Gəncliyimiz bizim bu günümüz və sabahımızdır. Bu gəncliyin bu gün sağlam böyüməsi, vətənpərvər olması, millətini sevməsi Azərbaycanın gələcəyini daha da möhkəmləndirir. Qış universitetlərinin gənclərin əqidəsinin möhkəmlənməsi, siyasətimizi yaxından tanıması, dövlət rəsmiləri ilə təmasda olmaları baxımından olduqca müstəsna rolu vardır. Hesab edirəm ki, bu baxımdan qış universiteti layihəsi gözəl təşəbbüsdür”.

Elman Abdullayev onu da qeyd edib ki, bu gün artıq dünya da Azərbaycanla hesablaşırlar. Azərbaycana hörmət olunur. Bölgədə Azərbaycanın icazəsi olmadan heç bir layihə həyata keçirilmir. Biz - hər birimiz Azərbaycanın daha da güclənməsi, onun dünyada tanıdılması üçün həm daxildə, həm də xaricdə azərbaycanlılar arasında birliyə nail olmalıyıq.

Qeyd edək ki, “Gənc Liderlər üçün Qış Universiteti – Kreativ başlanğıc” layihəsi “İrəli” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilir. 5-8 fevral tarixlərini əhatə edən layihədə 100 gənc lider 4 gün ərzində gəncləri əhatə edən müxtəlif və gündəmdə olan mövzular üzrə ölkənin aparıcı ekspertləri ilə görüşəcək, fikir mübadiləsi aparacaq, yeni təşəbbüs, təkliflər üzərində çalışacaqlar.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm