Dəhlizimizdəki sükutun səsi
Bizi izləyin

Qırmızı.az

Dəhlizimizdəki sükutun səsi

Hər insanın öz taleyi, öz xatirələri mütləq mövcuddur. Kiminin xoş, kiminin isə ağrılı-acılı, ironiyalı taleyi, xatirəsi var. Təbii ki, yaradan bizə hər bir şeyi bərabər səviyyədə ötürüb. Məsələ burasındadır ki, mənim də unuda bilmədiyim, taleyimin uşaqlığı, habelə gəncliyi ilə əlaqədar xatirəsi var: bizim dəhlizimiz...

Dəhlizimiz uzun və qaranlıqdır. Addımlayıram və qaranlığın içində divarlara toxunur, içimdəki duyğularla elə bil rəqs edən kimi oluram. Uşaqlığımı bu dəhlizdə yaşamışam. 22 ildir ki, dəhlizdə yaşayan ailələrdən birinin övladı olmuşam. Bir-bir qapıları nəzərdən keçirirəm. Nəsə çatmır. Evlər çox səssiz-səmirsiz, qəbiristanlığı xatırladır. Qonşularımız, daim sərxoş işıqçı Qurban dayı, qeybətcil arvadlar, anam, sevdiyim qonşu qızı, uşaqlıq dostum... Onlar hanı? Hara gediblər? Hər şey büsbütün sükut içərisindədir. Günlərlə, bəzən aylarla davam edən səssizlik hökm sürür. Təbii ki, söhbət dəhlizimizdən, rus demişkən, koridorumuzdan gedir...

Hansı ki, o “koridor” bizə unudulmaz anlar yaşatmışdı. İnsanlar necə bir-birlərinə yardım edər, əsl dostluqlar yaşanar, işıqlar sönəndə arvadlar bizə həyat bilgisi dərsi keçərdilər. Yadıma düşür, qonşudakı kişilər bizim evə atamla şahmat oynamağa gəlirdilər. Biz uşaqlar da kirimişcə onları seyr edərdik. Qar yağanda gün çıxandan batana kimi məhəlləmizin səkilərində qar topuyla üst-başımızı ağardırdıq. Hətta atamgil yatanda axşamlar dan yeri ağarana kimi gizlincə pəncərəmizdən qarın yağmasını baxardım. Qar güclənən kimi həyəcandan ürəyimin döyüntüsünü eşidərdim. Zəyifləyəndə isə içimdə ilıq kədər hissi yaranardı. Dəhlizimizdəki qonşular çox yaxşı insanlar idi. Hərdən arvadlar qeybət üçün dəhlizin gözdən-könüldən uzaq bir küncünə yığılar, pıçıltı ilə kimdənsə danışardılar. Yaddaşımın arxivində dəhlizlə bağlı ən böyük qorxumuz, ilk həyəcanımız da qalır. 2001-ci ildə Bakıda baş verən zəlzələni, yəqin, unutmamısız! Hamımızın o gün üçün xoşagələn və ya xoşagəlməz xatirəsi var. Saat 22:00 tamamı keçirdi, qəfil çilçırağımız tərpənməyə başladı. Atamın həyəcanlı səsini eşitdik: “Qaçın, zəlzələdir”.

İlk qorxumuzu məhz o gün yaşamışdıq, həmin dəhlizdəki uşaqlar da bərk qorxmuşdular, hər kəs həyəcan və təşviş içində idi. Ayaqyalın adamlar pillələrlə qaçışırdı. Hamı tələsirdi, çölə çıxmaq, həyatını qurtara bilmək istəyirdi. Bu mənzərə uşaqlığımın sürgünü kimi bir şey idi. O gün həm də xüsusilərdən idi, belə ki, “Qalatasaray”ın oyununa ailəlikcə baxırdıq. Sonra gizli əl valı tərsinə çevirdi.

Hava olduqca soyuq və küləkli idi. Kişilər damaqlarında siqaret püfüldədərək “Qalatasaray”ın oyunundan danışırdı, aralarındakı təşviş sanki yoxa çıxmışdı. Bu oyuna baxmaq eşqi zəlzələ qorxusunu silib aparmışdı. Atamın əllərindən tutmuşdum, həm üşüyür, həm də qorxurdum. Daha sonra gecə saatlarında evə gedə bildik. Oyundan isə xəbərimiz yox idi...

Dəhlizimiz bizim üçün müqəddəs və vaz keçilməzlərdəndir. Amma bu söz artıq nostalgiya kimi səslənir. Köhnələn dəhlizimizin döşəmələri tamamilə “yoxa çıxıb”. Beton yer elə bil bütün insanları öz ağuşuna alıb. Hanı köhnə sakinlərimiz? Top oynadığım uşaqlar, bayramlar, tonqal yandırmaq üçün taxtalarımız, qapaqlarımız, futbolkalarımız, hardasız?..

Oğuz Ayvaz

Oxumağa davam et
Reklam
Reklam

Gündəm