• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Dilçiliyin inkişafı ilə bağlı beynəlxalq tədbir keçirilir

Dilçiliyin inkişafı ilə bağlı beynəlxalq tədbir keçirilir

Bakıda “Sələflər və xələflər” mövzusunda birinci Beynəlxalq Simpozium keçirilib. Publika.az-ın məlumatına görə, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu tərəfindən təşkil edilən tədbir Əli bəy Hüseynzadənin 150 və akademik Məmmədağa Şirəliyevin 105 illik yubileylərinə həsr olunub.

Dilçiliyin problemlərinin müzakirə olunduğu konfransda dünyanın 20-ə yaxın ölkəsindən nümayəndə iştirak edib. AMEA-nın Nəsimi Adına Dilçilik İnstitutunun direktoru Tofiq Hacıyev tədbirin nə üçün məhz “Xələflər və sələflər” adlandırılması barədə məlumat verib. Tədbirin həsr olunduğu iki böyük dilçinin türk dilinin inkişafında göstərdikləri xidmətlərdən danışıb:

“Konfransda böyük dilçi, bütün ömrünü türk xalqlarının dili uğrunda mübarizə aparmış Əli bəy Hüseynzadə, ömrünü dilçilərin yetişdirilməsinə sərf etmiş Məmmədağa Şirəliyevə həsr etmişik. Bu gün ölkədəki dilçilərin hamısı ya M.Şirəliyevin tələbələri, ya da tələbələrinin tələbələridir. Bu baxımdan onun Azərbaycan dilinin inkişafında gördüyü işlər heç nə ilə müqayisə edilə bilməz. Ə.Hüseynzadənin gördüyü işlər hər birimizə bəllidir. Bugünkü tədbir xələflərin sələfləri qarşısındakı hesabatıdır”.

AMEA-nın prezidenti Akif Əlizadənin konfrans iştirakçılarına göndərilən məktubunda ölkədə dilçilik sahəsinə göstərilən diqqət və bu sahədə görülən işlər barədə məlumat verib:

“Ölkədə dilçiliyin inkişafına dair imzalanan sərəncam müasir Azərbaycan dilçiliyinin tarixində yeni bir səhifə açıb. Bu tədbir də həmin proqramın bir hissəsidir. İyirmi əsr xalqımızın yetişdirdiyi iki böyük şəxsiyyətə həsr olunmuş tədbiri dilimizin inkişafında bir mərhələ kimi dəyərləndirilə bilər”.

Prezidentin Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev bu gün yubileyi qeyd edilən iki böyük şəxsiyyətin Azərbaycan filoloji fikrinin inkişafında rolunun əvəzsiz olduğunu bildirib:

“Müasir dilçilərin M.Şirəliyevin xatirəsinin bu cür anılması sələflərinin xələflərinə olan diqqətinin bir hissəsidir.Ə.Hüseynzadə yaradıcılığı barədə dövrünün şəxsiyyətlərinin yazılarından oxuyuruq. M.Şirəıliyevin də fəaliyyəti Əli bəyin irsinin davamı kimi dəyərləndirilə bilər”.

K.Abdullayev onu da vurğulayıb ki, bu gün sələflərlə xələflər arasında estafetin ötürülüməsini izləmək çox gözəldir.

“Bu tədbiri türkoloji bayram hesab etmək olar. Bu da ölkə başçısının dilçiliyin inkişafı ilə bağlı verilən sərəncamın bir hissəsidir. Simpoziumun mənəvi, məntiqi davamı kimi bir sıra tədbirlər keçiriləcək. Düşünürəm ki, 2015-ci Kitabi Dədə Qorqud dastanlarının dünya ictimaiyyətinə tanıdılmasının 150 ili tamam olması da bugünkü tədbirin davamı kimi bütün türkdilli ölkələrdə qeyd edilməlidir”.

Tədbirdə çıxış edən xarici qonaqlar Bakının türk dilinin inkişafında böyük rolunun olduğunu bildiriblər. Bildirilib ki, bu tədbir də türk dilinin gələcəyini müzakirə etmək üçün yenidən imkan yaradılıb. Konfrans həm də “Türkoloji qurultayının 90 illiyinə” hazırlıq kimi də dəyərləndirilən bilər.

Oktyabrın 24-nə qədər davam edəcək Beynəlxalq Simpoziumda Azərbaycan, Türkiyə, Qazaxıstan, İran, Polşa, Ukrayna, Özbəkistan və digər ölkələrdən olan görkəmli alimlər müxtəlif mövzularda müzakirə aparacaqlar.

Tədbirdə Dilçilik İnstitutu tərəfindən akademik M.Şirəliyev adına hazırlanmış mükafat türk dünyasının tanınmış dilçisi Zeynəb Qorxmaza və Kamal Abdullayevə təqdim edilib.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR