• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Nazirlikdən toy xəbərdarlığı

Nazirlikdən toy xəbərdarlığı

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, istehlakçıların malları və xidmətləri sərbəst seçmək, keyfiyyətli və təhlükəsiz mallar və xidmətlər almaq, almaq istədiyi mallar və xidmətlər barədə dolğun və düzgün məlumat əldə etmək və s. hüquqları var.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, qanunda istehlakçını keyfiyyətsiz və ya ona lazım olmayan çeşidli mal almağa və xidmət göstərilməsinə məcbur etməyin qadağan olduğu göstərilir. İstehlakçıya hər hansı bir mal və xidmətin satışı digər mal və xidmətin alınması ilə şərtləndirilə bilməz. İstehlakçı satıcının süni surətdə yaratdığı dəstdən ona lazım olan malı almaq hüququna malikdir.

Şənlik məclisi təşkil etmək istəyənlərə hüquqlarının qorunması üçün aşağıda qeyd olunanlara diqqət yetirmələri tövsiyə olunur:

- məclislərin keçirilməsi üçün şadlıq evinə sifariş verilməzdən əvvəl obyektin vəzifəli şəxsi tərəfindən təsdiq edilmiş və göstərilən xidmətlərin adları, xassələri, qiymətləri və digər şərtləri əks olunmuş qiymət cədvəllərinin (menyunun) təqdim olunmasına;
- qonaqlara təqdim etmək istədiyiniz yeməklərin, alkoqollu və sərinləşdirici içkilərin, desertlərin və s. siyahısına yalnız müəyyən etdiyiniz malların daxil edilməsinə;
- məclisdə səsləndirmək istədiyiniz musiqi, əyləncəli proqramlar, rəqs nömrələri, kəbin kəsilməsi və s. xidmətlərin siyahısının yalnız müəyyən etdiyiniz xidmətlərdən ibarət olmasına;
- məclisdə qonaqlara təqdim etmək istədiyiniz yeməklərin, alkoqollu və sərinləşdirici içkilərin, desertlərin və göstəriləcək xidmətlərin və s. konkret adı, miqdarı, qiyməti və s. əks olunmuş müqavilə bağlanılmasına;
- göstərilmiş xidmət müqabilində ödədiyiniz məbləği təsdiq edən ödəniş sənədlərinin (kassa çeki, qəbz) ödəniş edildikdən dərhal sonra təqdim olunmasına.

“Bu tələblərə əməl olunarsa, təşkil etdiyiniz məclis əsl şənlik əhvali-ruhiyyəsi yaradacaq, uzun müddət xoş təəssüratla xatırlanacaq.

Məclislərin təşkili zamanı hüquqlarınızı pozan, o cümlədən sizi əlavə çeşiddə mal və ya xidmət almağa məcbur etməyə cəhd edən şadlıq evləri barədə 498-15-01 və ya 498-15-04 saylı telefonlarla İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə və ya 195-2 telefon nömrəsi ilə Nazirliyin Telefon Məlumat Mərkəzinə müraciət etməyiniz xahiş olunur”, - deyə nazirlik bildirib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR