• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Satılmır! Amma satırlar

Satılmır! Amma satırlar

Hazırda dünyada insan alverindən qanunsuz yollarla 150 milyard dollardan çox pul qazanılır. Bunların 99 milyardı cinsi istismardan, qalanı isə məcburi əməkdən əldə olunur. İnsan alveri dünyada narkotik və silah alverindən sonra 3-cü ən gəlirli sahə olaraq insanlara, ailələrə böyük zərbə vurur.

Publika.az-ın məlumatına görə, bunu Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Şərqi, Cənub-Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə regional direktoru xanım Renate Held Böyük Britaniyanın Azərbaycandakı səfirliyi və BMqT-nin “İki balaca qız” adlı məlumatlandırma kampaniyasının açılış mərasimində bildirib.

O deyib ki, BMqT 100-dən artıq ölkədə mindən çox layihə həyata keçirirərək insan alveri ilə mübarizə aparır. Təşkilat bu günədək insan alverinin qurbanı olmuş 65 mindən çox ailə, qadın və uşaqlara yardım göstərib. O cümlədən təşkilat vətəndaş cəmiyyətinin potensialını artırmaq səylərini və maarifləndirmə işlərini davam etdirir. İnsan alveri qurbanı olmuş şəxslərin müdafiəsini təşkil edir, ədalətin təmin olunmasına çalışır.

"Ümid edirik ki, Azərbaycan hökuməti də bu sahədə səylərini əsirgəməyəcək", - R.Held əlavə edib.

Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəis müavini, polkovnik İmran Nəcəfov insan alveri probleminin bütün dünya üçün aktual oluduğunu və Azərbaycanın da regionda qabaqcıl yer tutan ölkə kimi bu sahədə fəal mübarizə apardığını deyib. O, bu sahədə hüquq-mühafizə orqanları tərəfindən görülən işlər barədə məlumat verib.

İki balaca qız

Böyük Britaniyanın səfiri İrfan Siddiq qeyd edib ki, “İki balaca qız” filmi Avropanın bir çox ölkələrində nümayiş etdirilib və böyük uğur əldə edib. O, həyata keçirilən bu kampaniyanın Azərbaycanda da müsbət nəticələr verəcəyinə ümid etdiyini bildirib.

Qeyd edilib ki, “İki balaca qız” real hadisələr əsasında hazırlanmış və insan alverinə qarşı qısa animasiya filmidir. Kampaniya 2009-cü ilin yanvarında başlayıb və 2015-ci ilə qədər davam edəcək. Bu kampaniya Böyük Britaniyanın bir sıra aparıcı xeyriyyə təşkilatı, xüsusilə, Comic Relief və Tudor Trust tərəfindən dəstəklənir.

Bildirilib ki, film Xəzər TV-də yayımlanacaq. Məqsəd əhalini insan alverinin riskləri və təhlükələri haqqında məlumatlandırmaq, bununla da cinsi istismar məqsədilə insan alveri ilə mübarizəni dəstəkləməkdir. Videoya əlavə olaraq, BMqT Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birlikdə insan alveri haqqında məlumatlandırmanı artırmaq məqsədilə təşkil edəcək silsilə seminarlarda “İki balaca qız” kampaniyasının əsas mövzularını təşviq edəcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR