• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Dini bayramların tarixini Şamaxı Astrofizika Rəsədxanası müəyyən edəcək

Dini bayramların tarixini Şamaxı Astrofizika Rəsədxanası müəyyən edəcək

"Bundan sonra Azərbaycanda dini bayram günləri ilə bağlı fətvalar yalnız Şamaxı Astrofizika Rəsədxanasının rəyi əsasında veriləcək". Trend xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə bu gün keçirilən Qazılar Şurasının iclasında bəyan edib.

A.Paşazadə bildirib ki, son zamanlar Azərbaycanda dini bayramları sünnilərin ayrı, şiələrin isə ayrı günlərdə qeyd etməsi müşahidə olunur ki, bu da böyük narahatlıq doğurur.

Onun sözlərinə görə, QMİ-nin bayram günləri ilə bağlı verdiyi fitvalar da cəmiyyətdə birmənalı qarşılanmır: "Biz bir şey deyirik, deyirlər Türkiyənin yolu ilə gedir. Başqa şey deyəndə də deyirlər ki, İranın sözü ilə edir. Biz də qalmışıq ortada".

Bütün bu anlaşılmazlıqlara son qoymaq üçün QMİ sədri bundan sonra bayram günləri ilə bağlı fitvaların Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının rəyi əsasında veriləcəyini bəyan edib: "Biz təqvimin tərtib edilməsi ilə bağlı Şamaxı Rəsədxanasının rəhbərliyi ilə razılığa gəlmişik. Fitva veriləndə nə sünnilik olacaq, nə şiəlik. Bizə tam dəqiq şəkildə ayın nə vaxt çıxması, namazın vaxtları, Ramazan və Qurban bayramı günləri ilə bağlı ayın görünməsi vaxtları deyiləcək. Biz də onun əsasında fitva verəcəyik. Bununla bağlı Marağa Rəsədxanası da, başqası da nəsə deyə bilər. Amma mənim üçün Şamaxı Rəsədxanasının sözü əsas olacaq. Bu bizim elmi qərarımızdır. Bundan sonra fitvaları bu formada verəcəyik".

A.Paşazadə bayram günlərində ayın görünməsi ilə bağlı yaranan anlaşılmazlıq məsələsinə də toxunub: "Ayın doğulması ilə görünməsi arasında fərq var. Bunu çoxları səhv salır. Məhz bu səbəbdən çaşqınlıq yaranır. Bayram ay görünəndən sonra qeyd olunur".

QMİ sədri bəyan edib ki, bundan sonra Azərbaycanda hansı din xadimi xaricdən gələn təqvimlə işləyəcəksə, onlar cəzalanacaq: "Kənardan gələn heç bir təqvim qəbul olunmamalıdır. İstər İrandan, istər Türkiyədən, istər Suriyadan və s. gəlsin. Məscidlərdə azanlar eyni vaxtda verilməlidir. Əgər kimsə əməl etməsə, QMİ onlar barəsində ölçü götürəcək".

Şeyxülislam bu məsələdə DQİDK sədri Mübariz Qurbanlıdan da yardım edilməsini istəyib.

İclasda iştirak edən Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Əyyub Quliyev isə bildirib ki, QMİ-nin sifarişi əsasında Rəsədxanada bu iş artıq elmi plana salınıb, bununla bağlı ayrıca məlumat verən şəxs də müəyyən edilib.

Ə.Quliyev təqvimlərin tərtib edilməsi ilə bağlı gələcəkdə birgə konfransın keçirilməsini təklif edib.

QMİ sədri onun bu təklifini dəstəkləyib və artıq belə tədbirlərin keçirilməsinin planlaşdırıldığını açıqlayıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR