• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Yol Polisindən sürücü ilə polisin davasına MÜNASİBƏT - VİDEO (YENİLƏNİB)

Yol Polisindən sürücü ilə polisin davasına MÜNASİBƏT - VİDEO (YENİLƏNİB)

Dövlət yol polisi əməkdaşı ilə sürücü arasında yaranmış əlbəyaxa dava ilə bağlı Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Publika.az-a danışıb. O, açıqlamasında hadisə barəsində məlumatsız olduğunu deyib.

Şöbə rəisi bildirib ki, yol polisi əməkdaşı tələb etdiyi təqdirdə sürücü sənədləri təqdim etməyə borcludur.

“Əgər sürücü sənədlərini verməkdən imtina edərsə, həmin nəqliyyat vasitəsi sürücüdən alınıb cərimə meydançasına aparılmalıdır. Əgər sürücü polisə müqavimət göstərirsə, "Polis haqqında" qanuna əsasən polisin həmin şəxsə fiziki qüvvə tətbiq etmək ixtiyarı var”.

14:14

Dövlət yol polisi əməkdaşı ilə sürücü arasında yaranmış gərgin mübahisənin videosu yayılıb. Hadisənin Sumqayıt şəhərində baş verdiyi ehtimal olunur.

Avtosfer.az xəbər verir ki, video Youtube sosial şəbəkəsinə Səfər Səfərov adlı şəxs tərəfindən yerləşdirilib. Kadrlardan görünür ki, hadisə bu il iyunun 15-də səhər saatlarında baş verib. Polis baş serjantı olan DYP əməkdaşı orta yaşlı sürücüyə «saxla» əmri verir. Sürücü maşını saxlayır. DYP əməkdaşı ona yaxınlaşaraq özünü «DYP inspektoru Məmmədov» kimi təqdim edir. O, sürücüyə qayda pozduğunu bildirir. Sürücü isə «nə qaydası» deyə sual verdikdə, DYP inspektoru «Stop qaydası» deyə, cavab verir. Bu, bir qədər düzgün deyil. Çünki qanunvericilikdə «stop qaydası» deyilən hansısa qayda pozuntusu yoxdur. Qanuna görə, YPX inspektoru sürücünü saxlatdırıb sənədləri tələb edərkən ona pozduğu qaydana tam izah etməlidir. Amma bu kadrlarda yol polisi inspektorunun bir qədər kobud davranışı da diqqətdən qaçmır. Əslində, deyəsən, bu videonu sosial şəbəkələrdə yayan şəxsin də məqsədi odur ki, DYP əməkdaşının kobud davranışını nümayiş etdirsin. Amma videoya axıra kimi baxdıqda məlum olur ki, sürücü yol polisi inspektorundan da kobuddur və hətta polisə müqavimət göstərir. Sürücü özünü Oqtay Səfərov kimi təqdim edir.

Maraqlıdır ki, sürücü ilə yol polisinin əlbəyaxa mübahisəsi sənəd məsələsi üstündə yaranır. Belə ki, DYP əməkdaşı israrla sənəd tələb edir. Hətta öz sənədlərini də çıxarıb sürücüyə göstərir. Lakin sürücü yenə də sənədlərini polisə vermir. Əlində tutub uzaqdan nümayiş etdirərkən isə YPX əməkdaşı qəflətən sənədləri sürücünün əlindən alır. Elə əlbəyaxa mübahisə də bundan sonra baş verir. Sənədləri yol polisindən almağa çalışan sürücü onu qucaqlayaraq «sənədəmi ver» deyə-deyə, polisi maşına sıxır. Sonra bir-birlərini itələyib qarşılıqlı ittihamlar səsləndirirlər. Sürücü sənədini istəyir, yol polisi isə «gör sənin başına nə oyun açacam, mənə əl atırsan, səni süründürəcəm» deyərək, sürücünün əlindən çıxmağa çalışır. Vəziyyətin qəlizləşdiyini görən DYP əməkdaşı qəflətən geri çevrilərək sürücünün maşınına minir. Çox güman ki, ya maşının açarını götürür, ya da kameranı söndürməyə çalışır…

Bütün hallarda, bu mənzərə ölkəmizdə DYP-sürücü münasibətlərinin hələ də bərbad halda olduğunu göstərir. Videodan belə aydın olur ki, sürücüdə DYP-yə qarşı inam yoxdur, DYP-də də sürücüyə. Elə bunun nəticəsidir ki, sənədləri bir-birinə uzaqdan göstərirlər. Çox güman ki, DİN rəhbərliyi bu kadrlara görə hər iki tərəfin cəzasını hüquqi müstəvidə verəcək...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR