“Loco Lounce”, “EM&El”boutique”,“Diva Accessories” - Bura Bakıdır? - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

“Loco Lounce”, “EM&El”boutique”,“Diva Accessories” - Bura Bakıdır? - FOTOLAR

“Loco Lounce”, “Japanise restourant”, “EM&El”boutique”, “Family dental”, “Ximçistika”, “Saç baxım ürünləri”, “Exchange”,”Diva Accessories”, “Mimy ortopedic –the original”, “İç geyimləri”

Küçədə bu adları oxuyan şəxs özünü harada hiss edə bilər? İngiltərə, ya da ingilis dilli digər ölkələr, Rusiya, Türkiyə, yaxud Fransa? Yox, çox uzağa getməyə ehtiyac yoxdur. Bura Bakıdır və Azadlıq prospektindəyik, oxuduqlarımız özümüzü əcnəbi ölkədə hiss etdirsə də.

Reklamların, mağaza adlarının əcnəbi dildə yazılmasına gözümüz öyrəşib. Əslində, biz də monitorinqə başlayarkən bu qədər xarici adla qarşılaşacağımızı təxmin etmirdik. Qeyd etdiklərimiz aşkarladıqlarımızın kiçik bir hissəsidir. Paytaxtın heç də gözdən kənar olmayan prospektində az qala hər addımda belə hallarla rastlaşmaq olar.

Pozuntuları Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin əməkdaşları ilə birlikdə aşkarladıq. Prezident İlham Əliyevin 2013-cü il 9 aprel tarixli sərəncamı ilə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair” Dövlət Proqramına əsasən, Dilçilik institutu paytaxtın Səbail, Nəsimi və Nərimanov rayonlarında küçə adları, reklamlar, ictimai obyektlərin monitorinqini aparır.

Monitorinq şöbəsinin bugünkü yoxlamalarına biz də qoşulduq. Nəsimi rayon ərazisində aparılacaq monitorinqdə icra hakimiyyətinin nümayəndələri də iştirak edirdi. Azadlıq prospektində bir neçə saatlıq monitorinqimiz zamanı yazının girişində qeyd etdiyim faktlarla yanaşı, həmin adlarda, reklam mətnlərində orfoqrafik, leksik pozuntulara rast gəldik.

Ən çox rast gəlinən pozuntu obyektlərin adı ilə bağlıdır. Monitorinq zamanı bir daha bəlli oldu ki, sahibkarlar əsasən xarici adlara üstünlük verir. Onlar bunu müştərilərin diqqətini çəkmək üçün etdiklərini deyir. Qeydlər apardığımızı görüb yaxınlaşan sahibkarların bir çoxu əcnəbi adla yanaşı, Azərbaycan dilində qarşılığını yazmaqdan xəbərsiz olduqlarını dedilər. Bunun pozuntu olduğunu deyəndən sonra isə razılaşıb dəyişiklik edəcəklərinə söz verdilər.

Monitorinq zamanı alınma sözlər heç bir səbəb olmadan bəzən orijinalda olduğu kimi yazılması (“Econom class”), firma adları və reklam lövhələrində iki dilin qarışığından ibarət anlaşılmaz "birləşmələr"dən istifadə olunması (“EM&El”boutique”), ana dilində olan adların “ə” hərfinin “e” hərfinə çevrilməsi ilə yazılması- (“Perde evi”) kimi göstərilir. Bundan başqa, obyekt adlarının reklam plakatlarında ikinci dil kimi ingiliscədən istifadə olunur və bəzən ingiliscə yazılmış lövhələr birinci asılır. Reklam lövhələrində həm də orfoqrafik yanlışlıqlara rast gəlinir.

Monitorinqimiz paytaxt sakinlərinin də diqqətindən yayınmadı, səbəbi izah edəndən sonra, işimizin vacib olduğunu deyənlər də oldu, “təsiri olmayacaq” deyib keçənlər də.

Beləliklə, bir neçə saatlıq monitorinq zamanı obyektlərin 90%-də kiçik də olsa pozuntular aşkarlandı.

Monitorinqdə iştirak edən Nəsimi adına Dilçilik İnstitutunun monitorinq şöbəsinin böyük elmi işçisi Rasim Heydərov, demək olar ki, hər gün əməkdaşlar tərəfindən küçələrdə araşdırma apardıqlarını bildirdi.

“Reklamların Azərbaycan dilində olub-olmaması, qrammatik və leksik səhvlər konkret faktlarla qeyd edilir. Hər bir səhv kod vərəqində qeyd edilib rayonlar üzrə ümumiləşdirmə aparılır. Sonda rayonların dil normalara necə əməl etmələri müəyyən ediləcək.

Monitorinq proqramına uyğun olaraq küçə adlarında da dil normalarına əməl edilməsi araşdırılır. Dövlət reyestr xidməti ilə müqaviləmiz olduğuna görə, küçə adlarının yazılışı dəyişdirilərkən əvvəlcə bizə göndərilir. Hər hansı problem olduğu halda, iradımızı bildiririk, nəzərə alıb-almamaq isə qurumun öz məsuliyyətindədir. Məsələn, məsləhət görürük ki, Nizami küçəsi yox, Nizami Gəncəvi küçəsi yazılsın”.

Onun sözlərinə görə, aparılan monitorinqin nəticələri dövlət proqramına uyğun olaraq həm yerli icra hakimiyyətlərinə, həm də yekun hesabatlar Nazirlər Kabinetinə, Prezident Aparatına təqdim ediləcək.

R.Heydərovun sözlərinə görə, az da olsa, normalara əməl edən obyektlərə rast gəlmək olur. Həmin obyektlər müsbət nümunə kimi qeyd edilir.

“Dilimizə yeni sözlərin daxil olması inkar edilməzdir. Lakin bu sözlərdən düzgün istifadə etmək, yaxud uyğunlaşdırmaq lazımdır. Bu gün kütləvi şəkildə butik yazılır, hətta çox vaxt fransızca “boutique” kimi istifadə edilir. Bu söz hələ Sovet dövründə dilimizə gəlib, “butka” kimi uyğunlaşdırılmışdı. Sözün mənası kiçik mağaza deməkdir. İndi isə “boutique” sözünün əvəzində butka sözünü heç kim işlətməz, baxmayaraq ki, məna eynidir. Bir sözlə, sahibkarlar məlumatsızlıqdan, ya da müştərilərə xoş olduğunu düşünərək dil qaydalarını pozurlar”.

Monitorinqdə iştirak edən Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə, ərazi üzrə nümayəndəsi Nuru Əhmədovun sözlərinə görə, icra hakimiyyəti tərəfindən bir müddət əvvəl dövlət dilinin tətbiqi ilə əlaqədar olaraq yerlərdə monitorinq keçirilib. Rayonun böyük küçələrdə pozuntu faktlarına rast gəlinib. İcra hakimiyyəti rəsmisinin sözlərinə görə, həmin monitorinq müəyyən qədər nəticə verib:

“Ən çox rast gəldiyimiz pozuntu obyekt adlarının xarici dildə yazılması idi. Obyektin üzərində hansı istiqamətli mağaza olması yazılmırdı. Təxminən 100 mağazadan 20-də belə pozuntu ilə rastlaşmışdıq. Nəticələr barədə obyekt sahiblərinə xəbərdarlıq edildi. Ondan sonra isə xeyli dəyişiklik müşahidə edilir. Əlbəttə, birdən-birə problem aradan qalxa bilməz, bunun üçün mütəmadi maarifləndirmə lazımdır. Çünki obyekt sahiblərinin bir çoxunun o qədər də məlumatı olmur, ona görə də onları istiqamətləndirməyə ehtiyac var. Dilçilik İnstitutunun apardığı monitorinqin nəticəsi olaraq tədbirlərimizi davam etdirəcəyik”.

Qeyd edək ki, Dilçilik İnstitutunun monitorinq şöbəsi ötən ildən monitorinqlər keçirir. Bundan əvvəl isə bir sıra QHT-lər tərəfindən reklam və elanlarda Azərbaycan dili normalarının qorunması ilə bağlı monitorinqlər keçirilib. Ümumilikdə, 837 ədəd reklam lövhəsi və xidmət obyekti monitorinqə cəlb edilib və foto-video çəkilişlər aparılmışdı.

Monitorinqin nəticələrinə əsasən, reklam lövhələri və xidmət sahələrində firma adlarının orijinalda (ingiliscədə) olduğu kimi saxlanılması, əcnəbi dildə yazılması və mənası anlaşılmayan ifadələrə rast gəlinib.
Beləliklə, monitorinqə cəlb edilən reklam lövhələrinin 82.8, xidmət obyektlərinin adlarının isə 67.5 faizində əcnəbi dildə və ya dövlət dili normalarının və orfoqrafiya qaydalarının pozulması ilə yazılışı müşahidə olunub.
Qeyd edək ki, 2011-ci ildə eyni niyyətlə keçirilən monitorinq Bakının mərkəzi küçə və prospektlərini əhatə etmişdi və monitorinqə cəlb olunan reklam lövhələri və xidmət obyektləri adlarının ümumilikdə 92 faizinin əcnəbi dildə və ya dil normalarının pozulmasıyla yazıldığı müəyyənləşmişdi.

Ciddi yanlışlıqların bir səbəbi reklam lövhələri hazırlayan müəssisələrdə çalışanların dil bilgisizliyindən, firma və nümayəndəlik sahiblərinin ana dilinə laqeydliyi ilə yanaşı, müvafiq qurumların “Dövlət Dili haqqında” Qanununu kobud surətdə pozmasının nəticəsidir.

Gülxar

Fotolar Elçin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm