Qənirə Paşayeva gənclərlə müzakirə apardı
Bizi izləyin

Qırmızı.az

Qənirə Paşayeva gənclərlə müzakirə apardı

“Azərbaycan həqiqətlərinin yayılmasında gənclərin rolu” geniş müzakirə olunub.

“Gənc Liderlər üçün Qış Universiteti – Kreativ başlanğıc” layihəsi çərçivəsində “Azərbaycan həqiqətlərinin yayılmasında ictimai diplomatiyanın rolu” mövzusunda gənclərlə geniş müzakirələr keçirilib.

Görüşün qonaqları Milli Məclisin deputatı Qənirə Paşayeva və Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov olub. Q.Paşayeva bildirib ki, hər bir gənc, hər bir vətəndaş harada yaşamasından, harada olmasından asılı olmayaraq Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində çalışmalıdır. Qənirə Paşayeva Azərbaycan həqiqətlərinin daha geniş şəkildə yayılması məqsədilə müxtəlif yönümlü kampaniyaların artırılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə bu gün gənclərimiz Azərbaycan haqqında həqiqətlərin, Xocalı soyqırımı, Dağlıq Qarabağ münaqişəsi haqqında tam dolğun və düzgün məlumatlandırılmalıdırlar. Onlar bu həqiqətləri dünya ictimayyətinə faktlarla, sübutlarla çatdırmalıdırlar. Bu Azərbaycan gənclərinin əsas məsələsi olmalıdır.

Bu formatda keçirilən layihələri yüksək qiymətləndirən millət vəkili qeyd edib ki, gənclərlə bir arada fikir mübadiləsi aparmaq, gənclərimizi eşitmək önəmlidir: "Bu layihələrin daha da genişlənməsinə ehtiyac var. Görüşlərin keçirilməsi gənclərdə özünə inam hissini artırmaqla bərabər, o duyğunu da artırır ki, biz dövlətimiz, millətimiz, onun gələcəyi üçün nə qədər lazımlıyıq, önəmliyik". Millət vəkili çıxışında bildirib ki, harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlı gənclər Qarabağın və o cümlədən işğal altında olan digər torpaqlarımızın işğaldan azad olunması üçün bütün gücü ilə çalışmalıdır: ”Son iki yüz ildə başı çox bəlalar çəkmiş və bir çox faciələrlə üzləşmiş millətimizin hər bir nümayəndəsi üçün müstəqil Azərbaycan dövlətindən dəyərli heç bir şey olmamalıdır. Biz hamımız, gənclərimiz ölkəmizin daha da güclənməsi üçün səylərimizi daha da artırmalıyıq. Fərqi yoxdur biz harda doğulmuşuq və harada yaşayırıq, hər bir azərbaycanlı bilməlidir ki, Azərbaycan dövləti nə qədər güclənərsə, harada yaşamağımızdan asılı olmayaraq biz də o qədər güclü olacağıq. Ona görə də hamımız dövlətimiz Azərbaycanın güclənməsi və millətimizin yüksək səviyyədə tanıdılması üçün daha çox çalışmalıyıq. Gənclərimiz unutmamalıdırlar ki, onlar millətimizi təmsil edirlər və onların simasında millətimiz haqqında fikir formalaşır”.

Tədbirin əhəmiyyətini xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva bildirib ki, hər bir gəncimiz hər gün Azərbaycan, işğal altında olan torpaqlarımız barədə düşünməli və özünə hər gün mən bu gün ölkəm, millətim üçün nə etdim hesabatını verməyi bacarmalıdır. Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov çıxışında qeyd edib ki, Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması əsas prioritet istiqamətlərdən biridir. Bu gün gənclərimiz Qarabağ haqqında və onun həqiqətlərinin dünyaya çatdırılması istiqamətində çox işlər görür. Qarabağın dünyada tanıdılması və ölkəmizin ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsl həqiqətlərin dünyaya çatdırılması istiqamətində mühüm addımlar atılır. Hamımızın məqsədi Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə daha dolğun və obyektiv şəkildə çatdırmaqdır. Qış Universiteti layihəsinin önəmliliyini söyləyən Orxan Əkbərov ildən ilə bu layihələrin keyfiyyətinin yüksəldiyini, gənclərin aktivliyinin artığını bildirib: “Müasir Azərbaycan gənci müasir Azərbaycanın tempinə uyğun inşaf etməlidir və bunu da bu günkü gənclik bacarır”.

Sonra qonaqlar 5 komandanın "Birlik","Etimad","Tərəqqi","İnkişaf" və "Uğur"un üzvlərinin çoxsaylı suallarını cüvablandırıb və maraqlı müzakirərlər aparıblar. Tədbirin sonunda millət vəkili Qənirə Paşayeva özünün müəllifi olduğu kitabları imzalayaraq gənclərə hədiyyə edib.

Qeyd edək ki, “Gənc Liderlər üçün Qış Universiteti – Kreativ başlanğıc” layihəsi “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilir. 5-8 fevral tarixlərini əhatə edən layihədə 100 gənc lider 4 gün ərzində gəncləri əhatə edən müxtəlif və gündəmdə olan mövzular üzrə ölkənin aparıcı ekspertləri ilə görüşəcək, fikir mübadiləsi aparacaq, yeni təşəbbüs, təkliflər üzərində çalışacaqlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm