• USD 1,7023 0,00% EUR 1,9152 0,00%
    • GBP 2,2116 0,00% RUB 0,0301 0,00%

Baş Prokurorluğun iclası keçirilib

Baş Prokurorluğun iclası keçirilib

Fevralın 7-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon və şəhər, ərazi hərbi prokurorlarının iştirakı ilə prokurorluq orqanları tərəfindən 2013-cü ildə «Prokurorluq haqqında» qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş Kollegiya iclası keçirilmişdir.

Kollegiya iclasında giriş nitqi ilə çıxış edən Baş prokuror Zakir Qaralov diqqətə çatdırmışdır ki, 2013-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan müasir məzmunlu siyasət tədbirləri nəticəsində ölkə həyatının bütün sahələrində böyük irəliləyişlərə, müstəqil dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə, vətənimizin iqtisadi qüdrətinin artırılması ilə nəticələnən möhtəşəm sosial-iqtisadi inkişaf göstəricilərinə nail olunmuş, hüquqi və demokratik dövlət, vətəndaş cəmiyyəti quruculuğu istiqamətində görülən işlər yeni müstəviyə qaldırılmışdır. 2013-cü ildə ümum daxili məhsulun 6 faiz, qeyri-neft sektorunun 9,8 faiz, əhalinin pul gəlirlərinin 8 faiz artması, 80 mini daimi olmaqla 110 min yeni iş yerlərinin yaradılması, ölkə iqtisadiyyatına rekord miqdarda – 28 milyard dollar investisiya qoyulması, ölkənin valyuta ehtiyyatlarının 50 milyard dollara çatmaqla ümum daxili məhsulun 70 faizini təşkil edərək dünya miqyasında ən qabaqcıl göstəricilərdən biri olması xüsusi vurğulanmışdır.

Qeyd edilmişdir ki, ötən ilin bir sıra mühüm tarixi hadisələri içərisində xalqımızın bu günü və gələcəyi üçün taleyüklü əhəmiyyətə malik olan ictimai-siyasi tədbirin – Azərbaycan Respublikası Prezidentinin seçkilərinin nəticələri xalqla dövlətin vəhdətinin və birliyinin əyani təsdiqi və bariz nümunəsi olmuşdur. 2013-cü ildə demokratik prinsiplərə və beynəlxalq standartlara uyğun olaraq keçirilmiş Prezident seçkilərində xalqımız yekdilliklə cənab İlham Əliyevi növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçməklə ölkədə mövcud əmin amanlığın və həyata keçirilən sosial-iqtisadi siyasətin davamlılığına, hərtərəfli inkişaf dinamikasının sürətlənməsinə, xalqın rifahının və gələcəyinin təmin olunmasına, insan hüquq və azadlıqlarının sistemli və ardıcıl olaraq qorunmasına səs vermişdir.

Bildirilmişdir ki, 2013-cü ildə prokurorluq orqanlarının fəaliyyəti ilk növbədə qanunla müəyyən edilmiş, Azərbaycan Respublikası Prezidentinin göstəriş və tövsiyələrindən irəli gələn vəzifələrin vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsinə, prokurorluğun müasir beynəlxalq standartlar səviyyəsində təkmilləşdirilməsi prosesinin daha intensiv şəkildə davam etdirilməsinə, yeni informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiq olunmasına, bütün fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin daha da artırılmasına yönəlmişdir.

Hesabat dövründə prokurorluq orqanları digər hüquq mühafizə orqanları, ilk növbədə Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri ilə əlaqəli şəkildə fəaliyyət göstərərək ölkədə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa, xüsusən də onun mütəşəkkil təzahürlərinə qarşı mübarizənin gücləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlərin görülməsini təmin etmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin yeni inzibati binasının açılışında, Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında korrupsiyaya qarşı mübarizə ilə bağlı verdiyi tapşırıqlar bu istiqamətdə fəaliyyətin səmərəliliyinin daha da artırılaraq ən yüksək tələblər səviyyəsində həyata keçirilməsinin təmin olunmasına zəmin yaratmışdır.

Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması korrupsiyaya şərait yaradan halların aradan qaldırılması istiqamətində mühüm addım olmuşdur.

2013-cü ildə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin fəaliyyəti daha uğurlu olmuşdur ki, bu da qanunla müəyyən edilmiş digər səlahiyyətlərlə yanaşı, idarəyə korrupsiya ilə bağlı olan cinayətlər üzrə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək hüququnun verilməsi, idarənin yüksək təşkilati əsaslara və çevik struktura malik ixtisaslaşmış mühüm dövlət qurumu kimi formalaşması ilə əlaqədar olmuşdur. İdarənin “Qaynar xətt” əlaqə mərkəzinin fəaliyyətinin düzgün qurulması müsbət nəticələr vermişdir.

Dövlət başçısı cənab İlham Əliyevin ötən ilin yanvarında imzaladığı “İnformasiya kommunikasiya texnologiyaları ili” elan edilməsi haqqında” sərəncamının icrasının təmin edilməsi məqsədi ilə Baş Prokurorluq üzrə təsdiq edilmiş geniş Tədbirlər planının vaxtında icrası təmin olunmaqla prokurorluqda informasiya kommunikasiya texnologiyalarının tətbiqi səviyyəsinin yüksəldilməsinə, bu sahədə həyata keçirilən işin səmərəliliyinin xeyli dərəcədə artırılmasına nail olunmuş, “Elektron Sənəd Dövriyyəsi Proqramı”nın və “Elektron Cinayət” İnformasiya Proqramının tətbiqi ilə əlaqədar zəruri tədbirlər görülmüşdür.

Diqqətə çatdırılmışdır ki, 2013-cü ildə ədalətli və şəffaf kadr siyasətinin həyata keçirilməsi məsələlərinə xüsusi diqqət yetirilməklə, bu sahədə görülən sistemli iş və məqsədyönlü tədbirlər davam etdirilmiş, kadrların demokratik əsaslarla müsabiqə yolu ilə seçilməsi prosesinin ardıcıllığı, fəaliyyətlərində uğurlar əldə etmiş işçilərin həvəsləndirilməsi, ciddi nizam-intizam şəraitinin mövcudluğu üçün tələbkarlığın artırılması, müvafiq peşəkarlıq səviyyəsinə malik şəxslərin vəzifədə irəli çəkilməsi, işçilərin fəaliyyətinin obyektiv qiymətləndirilməsi, stajorluq və sınaq dövrünü keçən gənc mütəxəssislərin hərtərəfli hazırlıqlı prokurorluq işçiləri kimi yetişmələri üçün zəruri tədbirlərin görülməsi təmin edilmişdir.

Azərbaycan Respublikasında həyata keçirilən dövlət gənclər siyasətinin tələblərinə, ölkə həyatının bütün sahələrində gənclərin əməyindən hərtərəfli istifadə olunması və ictimai həyatımızın müxtəlif istiqamətlərində onların fəal iştirakının stimullaşdırılması barədə Dövlət başçısı cənab İlham Əliyevin tövsiyələri və göstərişlərinə müvafiq olaraq 31 yanvar 2014-cü il tarixdə prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan şəxslər üçün 100 ştat vahidi üzrə elan edilmiş müsabiqənin birinci mərhələsi olan test imtahanı keçirilmiş və müvəffəqiyyət qazanmış 105 nəfər müsabiqənin növbəti yazılı imtahan mərhələsinə buraxılmışdır.

Xidməti fəaliyyətlərində müsbət iş göstəricilərinə nail olmaqla təşkilatçılıq bacarığı nümayiş etdirmiş 15 nəfər, o cümlədən 8 nəfər, ilk dəfə müstəqil vəzifəyə irəli çəkilərək rayon prokuroru vəzifələsinə təyin edilmiş, 111 prokurorluq işçisi yuxarı təsnifatlar üzrə müxtəlif vəzifələrə irəli çəkilmiş, xidmətdə fərqləndiklərinə görə 193 işçi mükafatlandırılmışdır. Təqdirəlayiq haldır ki, rəhbər vəzifələrə irəli çəkilən şəxslər içərisində müsabiqə yolu ilə qulluğa qəbul edilən gənc hüquqşünasların nisbi çəkisi artmışdır.

Qeyd olunmuşdur ki, prokurorluq orqanlarında ciddi tələbkarlıq şəraitinin formalaşdırılması istiqamətində həyata keçirilən qətiyyətli tədbirlərin nəticəsi olaraq, 2013-cü ildə icra və əmək intizamının pozuntusuna, işində və xidmətdən kənar fəaliyyətində kobud qanunsuzluqlara yol verdiklərinə görə 49 əməkdaş intizam məsuliyyətinə cəlb edilməklə, 32 nəfərə şiddətli töhmət və töhmət elan olunmuş, 3 əməkdaş tutduğu vəzifələrdən azad edilmiş, prokurorluq işçisinə yaraşmayan və prokurorluqda xidmətlə bir araya sığmayan hərəkətlərə yol verdiklərinə görə 3 əməkdaş prokurorluq orqanlarından xaric olunmuşdur. Baş Prokurorluğun Təşkilat-analitik və Kadrlar idarələri, habelə Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası və Bakı şəhər prokurorluqlarının müvafiq qurumları, habelə bütün strukturların rəhbərləri və tabe prokurorlardan, bundan sonra da bütün neqativ təzahürlərə qarşı barışmaz mübarizə xəttinin qətiyyətlə davam etdirilməsi, xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi məsələlərində prinsipiallığın daha da artırılması tələb edilmişdir.

Dövlətin həyata keçirdiyi sosial yönümlü siyasətin prioritetlərinə uyğun olaraq prokurorluq orqanlarında əvvəlki illərdə olduğu kimi, 2013-cü ildə də vətəndaşların müraciətlərinə və qəbulu məsələlərinə xüsusi diqqətlə yanaşılmışdır.

Qeyd edilmişdir ki, hesabat dövründə prokurorluqda vətəndaşların müraciətlərinə baxılması işinin səmərəliliyin artırılması üzrə ardıcıl və sistemli tədbirlərin görülməsi təmin edilmişdir. Vətəndaşların müraciət etmək imkanlarının genişləndirilməsi və asanlaşdırılması, buna əvvəlkindən daha az vaxt sərf olunması, daxil olmuş müraciətlərə daha diqqətlə yanaşılaraq qaldırılan məsələlərin həlli istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsi, bu sahədə müasir informasiya kommunikasiya texnologiyalarından istifadə edilməsi, vətəndaşların yaşayış yerlərində qəbulunun prosedurları hazırlanaraq təcrübədə səmərəli tətbiqi həyata keçirilmişdir. Eyni zamanda, bu sahədə işin təşkilində müəyyən çatışmazlıqların hələ də mövcudluğu diqqətə çatdırılmaqla, tələb edilmişdir ki, müraciətlərə baxılması və vətəndaşların qəbulu işi gündəlik nəzarətdə saxlanılmaqla, “Azərbaycan Respublikası Prokurorluğu orqanlarında müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin səmərəliliyinin artırılması haqqında” əmrin qeyd-şərtsiz icrası, həmin fəaliyyət istiqaməti üzrə işin düzgün təşkili, bu sahəyə cavabdeh əməkdaşların məsuliyyətinin artırılması təmin olunsun.

Dövlət başçısının tapşırıq və tövsiyələrinə müvafiq olaraq Baş prokuror tərəfindən respublikanın müxtəlif bölgələrində prokurorluğun rəhbər işçilərinin iştirakı ilə vətəndaşların qəbulu keçirilməklə, qaldırılan məsələlərin yerində həll edilməsi və əsaslı müraciətlərin təmin olunması istiqamətində hərtərəfli tədbirlər həyata keçirilmişdir. Bu tədbirlər mütəmadi xarakter daşımaqla, hesabat ilində Ağstafada - 199, Lənkəranda - 100, Qubada - 87, Şəkidə - 71, Ağsuda - 56, Ağcabədidə - 58 və Şirvanda – 41, cəmi 612 vətəndaş qəbul edilməklə müraciətlərinə baxılmışdır.

Diqqətə çatdırılmışdır ki, 2013-cü ildə prokurorluğun maddi-texniki təminatının gücləndirilməsi sahəsində də əhəmiyyətli işlər görülməklə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin milli memarlıq üslubunda müasir dövrün yüksək standartları səviyyəsində yeni inzibati binasının tikintisi yekunlaşdırılaraq istifadəyə verilməsi təmin edilmiş, Bakı şəhər prokurorluğunun inzibati binası əsaslı təmir edilmiş, Zaqatala hərbi, Bakı şəhərinin Yasamal və Sabunçu rayon prokurorluqlarının inzibati binalarının tikintisi başa çatdırılmışdır.

Kollegiyada hesabat məruzəsi ilə çıxış edən Baş prokurorun birinci müavini Rüstəm Usubov bildirmişdir ki, prokurorluq orqanları tərəfindən hesabat dövrü ərzində digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə cinayətkarlığa qarşı aparılan mübarizə nəticəsində respublika üzrə qeydə alınmış ağır və xüsusilə ağır cinayətlərin sayı, ilk növbədə adam oğurluğu, adamları girov götürmə, banditizm, cinayətkar birlik yaratma cinayətləri əhəmiyyətli dərəcədə azalmışdır.

2013-cü ildə prokurorluq orqanlarında istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin səmərəliliyinin artırılması istiqamətində həyata keçirilən məqsədyönülü tədbirlər, bu sahədə müsbət iş göstəricilərinin əldə edilməsi, işin təşkilinə cavabdeh olan əməkdaşların məsuliyyətinin artırılması ilə nəticələnmişdir.

Qeyd edilmişdir ki, Prokurorluq, Daxili İşlər, Ədliyyə, Vergilər və Fövqaladə Hallar nazirlikləri, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinin istintaq qurumları tərəfindən hesabat dövründə 14.090 cinayət işinin istintaqı yekunlaşdırılmaqla, ittiham aktları və ya qərarlar təsdiq olunan 9.950 iş aidiyyəti üzrə baxılması üçün məhkəmələrə göndərilmişdir.

Prokurorluq orqanlarının icraatında olmuş cinayət işləri üzrə ümumi göstəricinin 40,7 faizini təşkil edən 26.0 milyon manatdan artıq miqdarda maddi ziyan ödətdirilmişdir. Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi tərəfindən istintaqı tamamlanmış işlər üzrə vurulmuş ziyanın 98,6 faizi və ya 7.2 milyon manatın, Daxili işlər orqanları üzrə 42.3 milyon manatın və ya 73,4 fazinin, Milli Təhlükəsizlik Nazirliyi üzrə isə 85,9 faizinin ödətdirilməsi təmin edilmişdir.

İbtidai araşdırmaya prosessual rəhbərliyin və istintaq üzərində prokuror nəzarətinin gücləndirilməsinə yönəldilmiş tədbirlərin nəticəsi olaraq, hesabat ilində 340 cinayət işi üzrə icraata xitam verilməsi və 881 iş üzrə icraatın dayandırılması barədə qanunsuz və əsassız qərarlar ləğv edilmiş, bu fəaliyyət sahəsi üzrə yol verilmiş qanunsuzluq hallarının aradan qaldırılması və pozuntulara yol vermiş əməkdaşların cəzalandırılması məqsədi ilə 707 təqdimat verilmişdir.

2013-cü ildə qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd cinayətlərinin açılması, bu cinayətləri törətmiş şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində fəaliyyətin səmərəliliyinin artırılması üçün zəruri tədbirlər həyat keçirilmiş, qeyri-aşkar şəraitdə törədilmiş cinayətlərlə əlaqədar Baş Prokurorluğun müvafiq idarələrinin əməkdaşları yerlərə ezam olunmaqla, lazımi istintaq hərəkətlərinin aparılmasına əməli köməklik göstərilmiş, bu sahədə digər hüquq mühafizə orqanlarının köməyindən istifadə olunmuşdur.

Həmin tədbirlərin, habelə prokurorluğun Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin əməliyyat qurumları ilə həyata keçirdikləri əlaqəli işinin nəticəsidir ki, 2013-cü ildə qeydə alınmış 206 qəsdən adam öldürmə cinayətinin (2012-ci ildə 198 hadisə) 194-nün, o cümlədən qeyri-aşkar şəraitdə törədilmiş iki və daha çox şəxsin ölümü ilə nəticələnən qəsdən adam öldürmə cinayətindən 69-nun isti izlərlə, qeydə alınmış 56 qəsdən adam öldürməyə cəhd cinayətindən (2012-ci ildə 53 hadisə) isə 55-nin açılması təmin olunmuşdur.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirlərinə baxmayaraq, 2013-cü ildə baş vermiş 12 (2012-ci ildə 8) qəsdən adam öldürmə və 1 (2012-ci ildə 2) qəsdən adam öldürməyə cəhd cinayətləri açılmamış qalmışdır.

Hesabat dövründə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi tərəfindən cəmiyyətdə böyük rezonansa səbəb olan bir neçə ağır və xüsusilə ağır cinayətlərə dair işlərin istintaqı aparılmışdır.

Belə ki, 23-24 yanvar 2013-cü il tarixlərdə İsmayıllı şəhərində baş vermiş kütləvi iğtişaş, özgə əmlakının qəsdən məhv edilib zədələnməsi, hakimiyyət nümayəndəsinə zor tətbiq edilməsi və sair faktlarla, həmçinin 7 mart 2013-cü il tarixdə “Nida” adlı qurumun bir qrup üzvlərinin yaşadıqları ünvanlarda Bakı şəhərində kütləfi iğtişaşlar törətmək məqsədilə kütləvi aksiyada insanların həlak olmasına yönələn partlayışların törədilməsində istifadə üçün əldə olunmuş “Molotov kokteyli” adlanan partlayıcı qurğuların aşkar edilməsi faktları ilə bağlı başlanmış cinayət işləri üzrə ümumilikdə 28 nəfər təqsirləndirilən şəxs barəsində cinayət işlərinin ibtidai istintaqı tamamlanmaqla baxılması üçün aidiyyəti üzrə Ağır Cinayətlər Məhkəmələrinə göndərilmiş və hazırda həmin cinayət işləri məhkəmə baxışında olmaqla yekunlaşmaq üzrədir.

İdarədə həmçinin böyük ictimai rezonansa səbəb olan digər cinayət işlərinin, o cümlədən Qusar rayonunda vəhhabilik təriqətinə mənsub bir qrup şəxsin banditizm, polis əməkdaşlarının qəsdən öldürülməsi, Zaqatala rayonunda cinayətkar qruplaşmalar arasında cinayət aləmində üstünlük əldə etmək məqsədilə aralarında baş vermiş münaqişə, Sumqayıt şəhərində çay evində odlu və soyuq silahlar, partlayıcı qurğular tətbiq edilməklə törədilmiş hadisələrlə əlaqədar istintaqı davam etdirilir.

Bildirilmişdir ki, Baş Prokurorluğun rəhbərliyinin daim diqqət mərkəzində olmaqla və ciddi narahatlıq doğuran məsələlərdən biri kimi qaz sızması və partlayışı, habelə dəm qazından zəhərlənmə ilə əlaqədar insanların ölümü və sağlamlığına zərər vurulması, ölkə iqtisadiyyatına və vətəndaşlara əhəmiyyətli ziyan dəyməsi ilə nəticələnən hadisələrlə bağlı digər aidiyyəti qurumlarla əlaqəli şəkildə məqsədyönlü tədbirlər həyata keçirilmişdir.

Cinayətkarlığa qarşı mübarizə sahəsində terrorçuluq, müxtəlif xarakterli ekstremizm təzahürlərinə qarşı mübarizə məsələləri də daim diqqət mərkəzində saxlanılmaqla, bu qəbldən olan cinayət işlərinin istintaqı zamanı bütün təqsirli şəxslərin ifşa olunaraq məhkəmə məsuliyyətinə verilməsi ilə yanaşı, cinayəti doğuran səbəb və şəraitlərin aşkarlanaraq qabaqlayıcı və profilaktiki tədbirlərin görülməsi təmin edilmişdir.

Son illər aktuallığı və narahatlığı ilə diqqəti çəkən məsələlərdən biri də yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətləri və bu hadisələr zamanı ölən və yaralananların sayının yüksək olmasıdır.

2012-ci illə müqayisədə respublikada dövlət qeydiyyatına alınmış nəqliyyat vasitələrinin sayı 102 min ədəd artaraq 2013-cü ilin sonuna təqribən 1 milyon 300 minə çatması fonunda yol-nəqliyyat hadisələrinin sayının 1,6 faiz, qəzalarda həlak olan şəxslərin sayının 0,3 faiz, yaralanların sayının isə 1,6 faiz azalması müşahidə edilmişdir.

2013-cü ildə 16 ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi açılmamış qalmışdır ki, bu da 2012-ci illə müqayisədə 7 hadisə və ya 30,4 % azdır. Açılmayan ölümlə nəticələnən yol-nəqliyyat hadisələrindən 6-sı Bakı şəhərində, 10-u isə respublikanın digər şəhər və rayonlarında qeydə alınmışdır.

Açılmamış ölümlə nəticələnən yol nəqliyyat hadisələri ilə bağlı istintaqı aparılan cinayət işləri Baş Prokurorluğun müvafiq idarələri tərəfindən öyrənilməklə müzakirələri aparılmış, cinayətlərin açılması istiqamətində Daxili İşlər Nazirliyi ilə zəruri tədbirlər davam etdirilir.

Baş prokurorun müavini-Respublika Hərbi prokuroru Xanlar Vəliyev, Naxçıvan Muxtar Respublikasının prokuroru Səbuhi Şahverdiyev, Bakı şəhər prokuroru Əziz Seyidov, Laçın rayon prokuroru Ceyhun Almasov çıxışlarında 2013-cü il ərzində cinayətkarlığa qarşı mübarizə, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində müvafiq tabe struktur qurumlar tərəfindən görülmüş işlər barədə ətraflı məlumatlar verməklə, “Prokurorluq haqqında” qanunda nəzərdə tutulmuş istiqamətlər üzrə fəaliyyətin səmərəliliyinin daha da artırılması, prokurorluq orqanlarının işinin müasir məzmunda təkmilləşdirilməsi və mövcud çatışmazlıqların aradan qaldırılmasına yönəldilmiş konkret təkliflər irəli sürmüşlər.

Kollegiya iclasına yekun vuran Baş prokuror Zakir Qaralov Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2012-ci il tarixli “Yol-nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında” Sərəncamından irəli gələn vəzifələrin icrası ilə əlaqədar yol-nəqliyyat hadisələrinin təhqiqatında və istintaqında, açılması təmin edilməmiş ölümlə nəticələnən yol-nəqliyyat hadisələri ilə bağlı əməliyyat-axtarış və istintaq hərəkətlərinin həyata keçirilməsində qanunların icrasına nəzarətin gücləndirilməsi, yol-nəqliyyat hadisələri ilə bağlı aparılan təhqiqat, istintaq və ekspertizalar zamanı korrupsiya və digər sui-istifadə hallarına yol verən şəxslərin məsuliyyətə cəlb edilməsinin təmin olunması ilə bağlı zəruri tədbirlərin görülməsinə dair konkret göstərişlər vermişdir.

İclasda həmçinin, korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin daha da gücləndirilməsi barədə Dövlət başçısı cənab İlham Əliyevin verdiyi tapşırıqlara müvafiq olaraq, cari ildə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi, əlaqədar struktur qurumlar və tabe prokurorluqlar tərəfindən digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə korrupsiya və rüşvətxorluğa qarşı daha geniş miqyasda qətiyyətli və sistemli mübarizə aparılması, mütəşəkkil cinayətkarlığın bu təhlükəli təzahürlərinin qarşısının alınması və onları doğuran səbəblərin aradan qaldırılması istiqamətində qabaqlayıcı tədbirlərin həyata keçirilməsi barədə tapşırıqlar verilmişdir.

“Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2009-cu il tarixli Fərmanının qeyd-şərtsiz icrası prokurorluq orqanlarının qarşısında duran əsas vəzifələrdən biri kimi müəyyənləşdirilməklə, Baş Prokurorluğun əlaqədar qurumları və bütün tabe prokurorlara həmin Fərmanın və Baş Prokurorluq üzrə müvafiq əmrin yerinə yetirilməsi istiqamətində zəruri işlərin davam etdirilməsi, aşkarlanan korrupsiya hüquqpozmaları üzrə qətiyyətli tədbirlərin görülməsi və qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması hər bir prokurorluq əməkdaşından tələb edilmişdir.

Görülmüş müsbət işlərlə yanaşı, həmçinin fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar ətraflı təhlil olunmaqla, istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsində, cinayətkar hərəkətlər nəticəsində hüquqi və fiziki şəxslərə vurulmuş zərərin ödənilməsi, vətəndaş müraciətlərinə baxılması və onların qəbulu ilə əlaqədar işin təşkilində yol verilən çatışmazlıqların qısa müddətlər ərzində aradan qaldırılması üçün konkret tapşırıqlar verilmişdir.

Kollegiya iclasında əminlik ifadə edildi ki, Azərbaycan Respublikası Prokurorluğunun kollektivi öz qüvvələrini səfərbərliyə almaqla bundan sonra da fəal vətəndaşlıq mövqeyi nümayiş etdirməklə Azərbaycan Respublikası Prezidentinin həyata keçiridiyi uzaqgörən və müdrik dövlət siyasətinə tam sadiq qalaraq, ölkəmizdə aparılan möhtəşəm quruculuq işlərində, digər əlaqədar dövlət orqanları ilə birlikdə dövlətçiliyimizin maraqlarının, bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitlik və əmin-amanlığın qorunması, cinayətkarlığın bütün təzahürlərinə və hər cür qanunsuzluqlara qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün səlahiyyət hədləri daxilində zəruri tədbirlərin görülməsini təmin edəcək, dövlət müstəqilliyimizin möhkəmləndirilməsi və Azərbaycanın daha da qüdrətlənməsi yolunda öz xidmətlərini göstərəcəkdir.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR