Arif Quliyev Cem Yılmaza meydan oxudu - BRİFİNQ
Bizi izləyin

Qırmızı.az

Arif Quliyev Cem Yılmaza meydan oxudu - BRİFİNQ

Tanınmış gülüş ustası, xalq artisti Arif Quliyev "Brifinq"in qonağı oldu.

Redaksiya heyəti ilə tanış olan Arif bəy zarafatından da qalmadı. Əməkdaşımız Bəxtiyar Məmmədli ilə zarafatlaşan A.Quliyev "Gündəlik Teleqraf"ın ofisində xoş aura ilə qarşılaşdığını söylədi:

"Redaksiyanızda olan enerjini duydum. Hiss elədim ki, hər biriniz jurnalistika sənətinə təkid, tapşırıqla yox, sevərək gəlmisiniz. Hər bir sahə özünəməxsus şəkildə xalqa xidmət edir. Biz aktyorlar insanların daxili mədəniyyətini, dünyabaxışını artırmaq üçün səhnədə ayrı-ayrı adamların əsərlərini oynayırıq. Siz jurnalistlər isə yenilikləri, həqiqəti çatdırırsınız, insanların gerçəkliyi tam açıqlığı ilə görməsinə şərait yaradırsınız. Məni dəvət etdiyiniz üçün təşəkkür edirəm. Hazırlıqsız, cızma-qarasız üz-üzə çıxmışıq, söhbət edəcəyik".

"Müstəntiq olmaq istəyirdim"

Aqil Lətifov: Siz necə, aktyorluq sənətinə öz istəyinizlə gəlmisiniz?
- Bəli. Elə sənətlər var ki, insanın özü ilə dünyaya gəlməlidir. İstəkdən asılı deyil, tapşırıqla alınmır. Daxilən duymuşam ki, bu sahəyə getsəm, fikir və arzularım puça çıxmayacaq. Aktyorluq, müğənnilik, rəssamlıq, bəstəkarlıq sənəti Allahın insanlara verdiyi istedad və qığılcımdır. Özümün üç sənətə meylim olub: birincisi jurnalistika, ikincisi aktyorluq. Bir də müstəntiq olmaq istəyirdim".

"400-ə yaxın məqaləm dərc olunmuşdu"

"Sinifdə nə itirdisə, onu dərhal tapırdım. Qələm və dəftəri kim kimdən oğurlayırdısa, söhbət edib uşaqların fikrini yayındırırdım, güldürürdüm, başları qarışırdı, çantalarını axtarırdım və itən qələmi, dəftəri tapırdım. 1968-ci ildə təyinatla Mingəçevir şəhərinə gəldim və teatrda işləməyə başladım. Orada işləyə-işləyə teatrın həyatından "Mingəçevir işıqları" qəzetinə məqalələr yazırdım. Əvvəl ştatdan kənar müxbir idim, sonra məni xüsusi müxbir təyin etdilər. Həmin jurnalist vəsiqəm hələ də qalır. 400-ə yaxın məqaləm dərc olunmuşdu. Bakıda "Vışka", "Bakinski raboçi" qəzetlərinə Mingəçevirin mədəni həyatından yazırdım. Bu sənəti sevmişəm.

Nərmin Muradova: Üç sənətdən aktyorluğu seçdiyinizə görə heç peşman olmusunuz?
- Aktyorluğu özüm seçdim. Teatrda işləyəndə də sənət dostlarım haqqında esseler, oçerklər yazmışam, görkəmli sənətkarlarımız Atabala Səfərov, Kübra Əliyeva, Ramiz Məmmədov barəsində yazılar qələmə almışam. İnsan hər sahəni bilmək üçün can atmalıdır. Bizim sənətimiz el sənətidir. Aktyor səhnəyə çıxır, min adama, televiziyada isə milyonlara dərs deyir. Sənətkarla yolda fizik, rəssam, kimyaçı rastlaşa bilər və verdiyi sualı bilməsən, xoşagəlməz vəziyyət yarana bilər. Ona görə də aktyorun üstün biliyi olmalıdır. Aktyorluq sənətinə gəlməyimə peşman olmamışam. Bütün sahələrdə belədir ki, sənətə təzə gələndə səni hələ tanımırlar, elə ki rollar oynayırsan, kollektivdə də hörmətin olur. Səni tanımağa başlayanda isə kollektivlə tamaşaçı arasında disbalans yaranır. Seçiləni əzmək istəyirlər, yaxşını görməyə gözləri olmur. Əgər qorxaqsansa, intriqalara uyursan və yoxa çıxırsan. Qorxmursansa, cavab vermirsən, inkişaf edirsən və onları üstələyirsən. Amma bəzən insanı o dərəcəyə çatdırırlar ki, peşmançılıq hissi yaranır. Elə olur ki, uğurla oynayırsan, kollektivdə deyirlər ki, "bu nə roldur?". Növbəti gün səni roldan çıxarırlar, bu da sənə təsir edir. Onda istəmişəm ki, çıxıb gedim. Fikirləşmişəm ki, nahaq gəldim, məni inkişaf etməyə qoymurlar. Gərək daxilində mətinlik hiss edəsən, işinlə onlara cavab verəsən.

"Yüz dəfə köhnə əsərdə oynamaqdansa, teatrdan çıxmaq daha yaxşıdır"

Bəxtiyar Məmmədli: Son illərdə tamaşalarda rollarınız azdır, televiziyada da az-az görünürsünüz. Bu, nə ilə bağlıdır?
- İki il yarımdır ki, Musiqili Teatrdan təqaüdlə əlaqədar çıxmışam. Amma ondan qabaq yeni əsərlərdə obrazlar canlandırmışam. Məsələn, Üzeyir Hacıbəyovun "Ər-arvad", Qoqolun "Evlənmə" tamaşasında, "Məşədi İbad"da hambal rolunu 3 il öncə oynamışam. "On min manatlıq kef" tamaşasında baş rola dəvət etdilər, imtina elədim. Dedim ki, bunu 20 il bundan qabaq Hacıbaba Bağırov oynayıb, əsər də üç gün tamaşaya qoyulub. Əgər görkəmli sənətkarımız o əsəri bir il oynamayıbsa, deməli, o əsərdə heç nə yoxdur. Mən o rolu oynamadım və xəstəliyimlə də əlaqədar teatrdan çıxdım. Çünki yüz dəfə köhnə əsərdə oynamaqdansa, elə teatrdan çıxıb getmək daha yaxşıdır. Olan-qalan hörmətini də dövr edən köhnə əsərlər yoxa çıxarır.

N.Muradova: Sonuncu dəfə tamaşaçılar Sizi "Axırıncı dayanacaq" filmində gördülər. Filmin təqdimatında söylədiniz ki, rejissor Fikrət Əliyev mənə istədiyimi göstərməyə imkan vermədi.
- Fikrət Əliyev çox gözəl rejissordur. Rejissor əsərin aparıcı qüvvəsidir, o əsəri ələkdən keçirmiş adamdır. Dedi ki, "Arif, səni dəvət edirəm və istəyirəm ki, sən mənim gördüyüm kimi olasan, 30 ildəki Arif Quliyev olmayasan, dəyişiləsən, gördüyüm obrazı səndən ala bilim". Mənə elə gəlir ki, buna nail ola bildi. Düzdür, orada öz tapıntılarım da vardı. Məsələn, ölü durub baxır, Fuad Poladov bizi otaqdan qovur, Qorxmaz Əliliyə deyir ki, "götür bunu da rədd ol burdan", mən də deyirəm ki, "ayağımız yüngüldü, ölü dirildi". O sözləri özümdən demişəm. Rejissor filmin ikinci müəllifidir. Yazardan əlavə əsərin aspektiv əlamətlərini görür, seçir və əsas amalını ortaya çıxarır. Bilmirəm, əsər və bizim rolumuz nə qədər uğurlu olub. Bizim qiymətvericimiz xalq və tamaşaçıdır. Bir gün həkim mənə dedi ki, "Arif müəllim, səndən xahiş edirəm, özünə yaxşı bax". Mən də dedim ki, "hə "doktor", evdə güzgüyə baxıram". Əgər sən öz işini sevirsənsə, sənə kömək edən rejissorun işini bəyənməlisən.

Nərgiz Ehlamqızı: Hazırda "Biznesmen" filminə çəkilirsiniz?
- Dramaturq Ramiz Abdullayevin "Biznesmen" əsərini İrəvan teatrında oynamışdıq. İndi isə rejissor Nail Naiboğlu əsəri dolğun film kimi çəkir və biznesmen obrazına da məni dəvət edib. Cavan rejissordur, amma təcrübəli və istedadlıdır. Gəncləri həmişə alqışlayıram.

"Mədəniyyət evlərinin hamısı qiymət "oxuyur"

Ruslan Xəlil: Sizin 1980-ci illərin axırı, 1990-cı illərin əvvəllərində televiziya tamaşalarınızı maraqla izləyirdik. Həmin ssenari və səhnəciklərlə insanları yenə də güldürmək mümkündür? Yoxsa, insanların zövqü dəyişib?
- Sualların iki şaxəli oldu, hərəsinə dair 5 saat danışmaq olar. Yunan filosofu Heraklit deyir ki, hər şey dəyişir, inkişaf edir. Bu dəyişiklik zəminində səhnə də dəyişir, amma yaxşı tərəfə dəyişilməlidir. Yeni süjetlər və səhnəcikləri deyəndə insanlar gülür. Əvvəllər gedirdin, bilet satırdın, hamı gəlirdi. İndi isə hər şey sponsora birləşib. Hansısa mədəniyyət evini kirayələmək istəyirsən, hamısı qiymət "oxuyur". Mən o qədər pulu haradan verim? İndi afişalar bahalaşıb. Ancaq teatrımı dolandıra bilirəm, işləyib işçilərə pul verməliyik. Ortaya çıxmaq üçün dəstək lazımdır.

R.Xəlil: Köhnə lent yazılarına baxanda "kaş bu rolu oynamayaydım" dediyiniz olubmu?
- Təbiidir. Adam daim öz üzərində işləyir. İnsanın səhvini deyəndə başa düşməlidir. Mənim ən yaxşı cəhətim o olub ki, kim nə səhv deyib onu başa düşmüşəm, düzəltmişəm. İradları qəbul etməsəydim, bəlkə də ortaya çıxa bilməzdim. Fikrət Əliyev dedi ki, nə eləmisən onları qırağa qoy, bunu tam səlis, olduğu kimi de. Mən də demişəm. Həmin səhnələri indi oynamaq olmur. Yeni yazarlar lazımdır. Yazarı da cəlb etmək üçün maddiyat lazımdır. Özüm monoloqları deyirəm. Sabah camaatı yığsınlar, iki saat çıxış edim, amma o zalı ala biləcəksənmi? Bileti alacaqlar, amma salonu almaq lazımdır.

R.Xəlil: Youtube-də lent yazılarınızı yerləşdirmisiniz? İzlənilir?
- Mən etməmişəm, amma yerləşdirənlər var.

"Cem Yılmazın imkanları məndə olsa, onun auditoriyasını toplayaram"

N.Ehlamqızı: Türkiyədə Cem Yılmazla Azərbaycan yumoristlərini tez-tez müqayisə edirlər. Belə fikirlər səsləndirilir ki, onun kimi sözlə güldürmək qabiliyyəti olan yumoristimiz yoxdur. Bununla razılaşırsınız?
- O estrada janrında çalışır, teatrda yox. Biz hamımız teatra bağlanmışıq deyə tək ifaçılığa çox girə bilmirik. Amma mən həm teatrda, həm də tək ifaçılıqda olmuşam. O cür televiziya aparıcılığında Cem Yılmaz yekdir. Bilirsiniz onun nə qədər sponsoru var? Mənə də ona yaradılan şəraitdən yaradılsa, elə hadisələr danışaram, situasiya quraram, vəziyyət yaradaram ki...

N.Ehlamqızı: O salon, o şərait olsa, Cem Yılmazın auditoriyasını toplaya bilərsiniz?
- Əlbəttə, toplayaram.

R.Xəlil: Türkiyədə sponsoru zəhmətlə əldə edirlər, ortaya iş qoyub maliyyə qazanırlar. Sponsor istedadsız adama pul vermir axı. Bizdə isə Sovet dövründən qalma istək var, hazır ssenari, salon, ayın sonunda maaş...
- Bilirsiniz, televiziya onlara şərait yaradıb, 5-6 nəfərin köməyilə efirə çıxıblar. Sponsorlar görür yaxşı verilişdir, ona can atırlar. Bizdə isə desəm, mənə yer ver, verməzlər.

N.Muradova: Sizə verilişlərdən təkliflər gəlməyib?
- Mən verilişlər aparmışam. "Yeriniz məlum", "Söhbət var" verilişlərinin aparıcısı olmuşam. Hər birini bir il aparmışam. Olub ki, televiziyada, rayonda görüşlərdə monoloqlar demişəm.

R.Xəlil: Monoloqların bir çoxunun ara musiqiləri kimi yaşama müddəti olur. Sizin monoloqlarınızdakı hansısa kəlam və fikirlər tamaşaçının yadında qalır?
- Onu deyə bilmərəm, o, mənim səlahiyyətimdə deyil. Mənim satira teatrım var, 50 nəfəri yığıb monoloqumu göstərirəm. Mən bunu bacarıram. Televiziyaya desəm, gəl çək, deyəcək onun çəkilişi üçün bu qədər maliyyə vəsaiti lazımdır. İndi kommersiya zamanıdır. Hər bir işin həlli var, amma hamısı maddiyyata dirənir.

Səxavət Həmidli: Öz dolanışığınız necədir?
- Normaldır. Xalq artistiyəm, prezident təqaüdçüsüyəm, teatrda işləməsəm də, təqaüd alıram. Özümün "Arif" satira teatrının arabir qastrolları, tamaşaları olur, rayonlara gedirik, camaatla görüşürük. Aktyorları toyda görmək istəyənlər olur, dəvət edəndə məclislərə, yubileylərə gedirik.

N.Ehlamqızı: Bəzi aktyorlar maddi çətinliküzündən məcbur olub toya gedir. Çünki heç kəs səs-küy və o cür auditoriyada masabəyilik etmək istəmir. Siz ehtiyac duyub toylara gedirsiniz?
- Hər iki tərəf var. Elə adamlar var istəyir ki, oğlunun toyunda masabəyi olum, dəvət edir. Oraya niyə getməyəsən. Kommunist rejimində toylara getmək qorxulu idi. Mən partiyaçı idim. Bir dəfə getmişdim, qəzetdə də yazmışdılar ki, Kommunist Partiyasının üzvüdür, toya gedib. Mən də dedim ki, qonaq getmişəm, yaxşı ki, məni istəyənlər vardı, kömək etdilər, çox zərbə dəymədi.

R.Xəlil: Kütlənin səviyyəsinə enmək qorxulu deyilmi?
- Şəxsən mən tamaşaçını ayırmıram. Burada ziyalı da, fəhlə də, oxumuş və oxumamışlar, uşaqlar da var. Hamısı mənim aləmimdə tamaşaçıdır. Bir var tamaşaçının səviyyəsinə enmək, bir də var tamaşaçını öz səviyyənə qaldırmaq. Ona görə də, dediyin sözün çəkisi, ibrətamiz amalı və sözaltı mənası olmalıdır. Onda tamaşaçını qaldıra bilərsən. Bizim yaratdığımız, ifamız yadda qalmasaydı, günahkar aktyorlar olardı. Görürsünüz, Şövkət Ələkbərova, Rəşid Behbudov, Əliağa Ağayev unudulmur, çünki onlar sanballı sənət nümunələri yaradıblar və xalqın ürəyinə girə biliblər.

N.Ehlamqızı: İndi partiya mənsubiyyətiniz var?
- Bitərəfəm. Öz fikrim və əqidəmlə bugünkü Azərbaycanımızın sabitliyini təmin edən, yüksək səviyyəsini dünyaya tanıtdıran hakimiyyətin tərəfindəyəm.

"Bəzi siyasətçilər artıq aktyorluq edirlər"

R.Xəlil: Aktyorun siyasiləşməsi, yoxsa siyasətçinin aktyorlaşması təhlükəlidir?
- Ümumiyyətlə, hərənin öz işi var. Mənim qiymət verməyim doğru çıxmaz. Amma bir də görürsən ki, bəzi siyasətçilər aktyordan artıq ifa edirlər.

R.Xəlil: Amma aktyor o vaxt maraqlı olur ki, siyasi və sosial problemlərə toxunur.
- Mövzusunda, səhnəciyində toxuna bilər. Aktyor hamıya, bütövlükdə xalqa xidmət eləməlidir.

"Elə bildim, məni övladlığa götürməyə gəliblər"

N.Muradova: Mediadan küsdüyünüz vaxtlar olub?
- Yox, media məni Arif Quliyev edib. Mənim haqqımda ilk məqalə 1961-ci ildə "Azərbaycan pioneri" qəzetində çıxıb. O zaman peşə yönümlü internat məktəbində oxuyurdum, dülgərliyi öyrənirdik. Əhməd Bağırov adında jurnalist gəlib, soruşub 4-cü sinif şagirdləri içində əlaçı kimdir? Deyiblər Arif Quliyevdir. Axtarıb məni tapa bilmirdilər. Mən də stolun altında gizlənmişdim, elə bilirdim, məni övladlığa götürməyə gəliblər.

"Məktəbin direktoru məni oğulluğa götürmək istəyirdi"

Mən heç vaxt o uşaqlardan ayrılıb kiminsə oğulluğu olmaq istəməmişəm. Məktəbin direktoru özü də məni oğulluğa götürmək istəyirdi. Mənsə həmişə gizlənirdim. Bu dəfə də elə bildim yenə kimsə aparmağa gəlib. Sonra məni stolun altından tapıb çıxardılar. Haqqımda yazmışdı ki, uşaq evində qalır. 5 uşaq olublar, anası ilə atası rəhmətə gedib, onu uşaq evinə qoyublar. O məqalənin adı "Sabahın ustası" idi. Siz bir jurnalistin düşüncəsinə baxın. Mən dülgər yox, aktyorluğun ustası olmuşam.

S.Həmidli: Sizin ailədə 5 uşaq olduğunuzla bağlı yazılanlar doğru idi?
- Hələ də o informasiyanı haradan götürüb yazdığını bilmirəm. Çarşablı qadın məni Mərdəkandakı uşaq evinin qabağına qoyub getmişdi.

"Ən böyük günah oğlumun olub"

R.Xəlil: Arif bəy, Sizin övlad itkinizlə bağlı televiziyada gedən süjet çox ağır idi. Məncə, o süjet elə monoloqlarınız qədər yaşayacaq...
- O da həyatın sınağıdır. Üç nəfər bir adamı məhv edib. Oğlumun təqsiri ondan ibarət olub ki, iki nəfər deyib oğlanı zəng elə çağır. O da çağırıb, çıxıb gedib, hadisə də olub. Özü orada olmayıb, mərhumu vurmayıb. Mən məhkəmədə dedim ki, ən böyük günah elə oğlumun olub. Niyə zəng edib çağırırdın? Dedim ki, təqsirkar cəzasını çəkməlidir. İstəyir Arifin oğlu olsun, istərsə də Stalinin. Stalin heç öz oğlunu generala dəyişmədi. Oğlum da heç kəsdən artıq deyildi, cinayət törədib cəzasını çəkməli idi. Mən ölən oğlanın valideynlərinin yerinə özümü qoydum, yas mərasiminə də getdim. Hər bir günah bilməməzlikdən baş verir. O bilməməzliyə getməmək üçün ağıllı olmaq lazımdır. Addımını atanda fikirləşməlisən. Oğluma deyirdim ki, ata kimi arxandayam, oxu. Mənim arxamda duran olmamışdı axı. Hər şeyə özüm təkbaşına qərar vermişəm. İnsanın özü gərək düşünsün ki, bu hərəkəti etmək olar, yoxsa yox. Oğlumda o qədər təqsir olmasa da, gərək mərhumu zəng edib çağırmayaydı. Deyə bilərdi ki, sizə lazımdırsa, özünüz zəng edin. Sonra da Fərid xəstələndi, həbsdən çıxdı və dünyasını dəyişdi. Gərək böyüyün sözünə baxasan.

S.Həmidli: Adətən, sənət adamları ailəsinə, övladına çox zaman ayıra bilmir, haradasa boşluq yaranır...
- Ondan asılı deyil. Dərsə yola salırsansa, gedib onu bütün gün izləməyəcəksən ki. Uşaq olanda qoşulur ətrafına, insan gərək özü hər şeyi fikirləşə.

S.Həmidli: Beləliklə, filmdə deyildiyi kimi, ikinci dəfə yetim qaldınız...
- Həyatdır da. Yenidən Allahın sınağı idi. O sınaqdan da gərək çıxasan, başqa neyləyəsən.

"Doğum tariximi özlərindən yazıblar"

S.Həmidli: Valideynlərinizin axtarışı heç səmərə vermədi?
- Yox, səmərə vermədi. Heç bir sənəd qoyulmayıb. Bəlkə də kimdirsə, görüb dayanmışam, götürüb internat məktəbinə qoyub çıxıb gedib. Heç bilmirəm 1950-ci ildə doğulmuşam, yoxsa 1947-ci ildə. Doğum tariximi məktəbdə təxmini özlərindən yazıblar.

R.Xəlil: Bəzən deyirlər ki, ata, ana insana evlənənədək lazım olur...
- Valideyn həmişə lazımdır. Mədinə Gülgünün ana haqqında bir şeiri var:
O, solmuş, saralmış bir dağ kimidir,
Beli də bükülüb, yumaq kimidir,
Çətinə düşdümmü onu anıram,
Anıram, sanıram, qanadlanıram.
Yəni ana hər yaşda sənə lazımdır. Arxadır, dindir, bərəkətdir, hörmətdir. İnsan valideyni ilə qürur duyur, həmişə elə düşünürsən ki, güclüsən, varsan, sözün keçir.

S.Həmidli: Arif bəy, bu yaxınlarda mətbuatda Sizin ölüm xəbəriniz yayılmışdı. Bu xəbərə yumorla cavab vermişdiniz, bir cümlə də əlavə etmişdiniz ki, Allah ağzınızdan eşitsin...
- Onsuz da ölüm haqdır. Gələnlə gedənin qarşısını kəsmək qeyri-mümkündür, bu, Allahın əlindədir. İnsan doğulur və bir gün dünyanı tərk edir. Ölümdən qorxanda o, daha da yaxınlaşır. Gərək ondan qorxmayasan. Bir dəfə Dağıstanın Dərbənd şəhərində "Ölülər" filminə çəkilirdik. Çəkiliş qəbiristanlıqda idi. Mən qədim qəbirlərin arasını gəzirdim, orada bir fikir oxudum: "Keçəndə çox da qürrələnmə, mən artıq öz evimdəyəm, amma sən hələ də qonaqsan".
İnsanlar bu dünyada qonaqdır. Deyir qonaq qonağı istəməz, ev yiyəsi heç birini (gülür). İnsan iz qoymalıdır, Allah ona şərait yaradır, hərənin öz ağlı, dərrakəsi olmalıdır ki, yaşasın, yaratsın və yaxşı iz qoysun. İnsan ölümündən sonra da xatirələrdə yaşayır.

Nərgiz EHLAMQIZI

Foto: Elçin MURAD

Oxumağa davam et
Reklam
Reklam

Gündəm