Valideynləri tərəfindən atılmış Aytənin həyat hekayəsi
Bizi izləyin

Qırmızı.az

Valideynləri tərəfindən atılmış Aytənin həyat hekayəsi

"Dayımın evindən qaçıb bulvara getdim. Soyuq idi, paltarım da qalın deyildi. Həm üşüyürdüm, həm də nə edəcəyimi düşünürdüm. Bu vaxt iki oğlan mənə yaxınlaşdı. Əvvəl qorxdum, sonra nədənsə onlara inandım. Məni evlərinə apardılar".

Bu hadisə 4 il əvvəl baş verib. 18 yaşlı Aytən həmin gün o iki oğlanla qarşılaşmasaydı, onlara inanmasaydı, həyatı, yəqin ki, fərqli olardı. Amma inandı. Çünki başqa yolu yox idi.

O, atasının kim olduğunu bilmir, anasının isə ancaq səsini eşidib. İndi o səsi də çoxdan unudub.

Publika.az-ın “Qırmızı xətt” layihəsində valideynlərinin imtina etdiyi qızın həyat hekayəsi ilə tanış olacaqsınız.

Anam 3 ay sonra qayıdacağını deyib gedib

“Mən olanda anam mənə baxa bilməyib, bir qadına verib. Üç ay sonra gəlib götürəcəyini deyib, heç bir sənəd də verməyib. Ancaq adımı deyib gedib. Məni saxlayan qadın heç vaxt atamın kim olması ilə maraqlanmayıb. Qadının əri ölmüşdü, mənə tək baxırdı. Əlbəttə, o vaxt həmin qadını anam bilirdim və mənə hər zaman doğma qızı kimi davranıb. Düzdür, heç vaxt məktəbə getməmişəm. Amma ana bildiyim həmin qadın məni yaxşı yetişdirib. Bir gün belə məktəbdə olmasam da, oxuyub-yaza bilirəm. O qadın rusdilli idi, ona görə də rus dilini əla bilirəm. Düzdür, məhəllədəki uşaqlar məktəbə gedəndə pis olurdum, amma o qadın həmişə məni sakitləşdirib, bir gün mənim də məktəbə gedəcəyimi deyirdi. Niyə məktəbə getmədiyimi isə heç vaxt demirdi. On yaşım olanda məni yanına çağırıb həqiqəti mənə açdı”.

Həqiqəti bilmək Aytənin həyatını kökündən dəyişir. Elə bir dəyişiklik ki, Aytəni yalanla yaşadığı günlərə şükür edir.

“O, doğma anamın Türkiyədə işlədiyini dedi. Amma mən yenə inanmadım, günlərlə ağladım. Narahat idim, təsəvvür edin, birdən-birə ana bildiyiniz birinin yad olduğunu öyrənirsiniz. Axı o, mənim anam deyildisə, niyə bu vaxta qədər mənə yalan deyib? Niyə öz anam məni axtarmayıb? Bütün günü bu barədə düşünürdüm.

Bir müddət sonra anamla maraqlanmağa başladım, onu görmək istəyirdim. Onun gözləri nə rəngdədir, gözəldirmi? Bir gün məni saxlayan qadın dedi ki, anam zəng edib, mənimlə danışmaq istəyir.

Amma yenə inanmadım. Telefondakı anam idi, o sanki illərdir məni tanıyırmış kimi sorğu-sual etdi. Səsini eşidəndə artıq özümü ona yaxın hiss etməyə başladım. Söz verdi ki, mütləq gəlib məni öz yanına aparacaq. Amma bu sözü eşidəndə heç də sevinmədim, ağladım, çünki istəmirdim onunla gedim, çünki birdən-birə həyatımda hər şeyi dəyişəcəkdi. Buna hazır deyildim. O gündən sonra anam tez-tez zəng etməyə başladı”.

Aytənin qəlbini ələ alan anası ona hədiyyələr göndərirdi. Hər dəfə zəng etdikcə, onlar daha da yaxınlaşırdılar. Günlər keçdikcə, artıq Aytən anasının onun yanına getmək təklifi ilə razılaşmağı düşünür, ta ki o zəng edib anası olmadığını deyənə qədər.

“Bir gün isə o zəng etdi və onun qızı olmadığımı dedi.“Səni istəmirəm, yanıma gətirməyəcəm” dedi və telefonu yerə qoydu. Bu dəfə isə artıq ona olan inamım yenidən qırıldı, düşünürdüm ki, görəsən, niyə o artıq məni istəmir, nə baş verib? Məni himayəyə götürən qadın anamın bəzi problemləri olduğunu, ona görə də hərdən belə əsəbi olduğunu deyirdi. Anladım ki, anamın problemi içkidir. Daha sonra bir ilə yaxın o, nə zəng elədi, nə də hədiyyə göndərdi. Mən də yavaş-yavaş onu unudurdum. Öz anam olmasa da, məni saxlayan qadınla əvvəlki kimi mehriban idim. Bir gün o, yenə zəng etdi, pulu olmadığını, ona görə neçə müddətdir zəng etmədiyini dedi”.

Tanımadığım qohumların evində

Aytən artıq üzünü görmədiyi, telefonda sevdiyi anasına inanmır, hətta ona olan sevgisinin də öldüyünü hiss edir. Artıq anasının zənglərinə cavab vermir. Lakin bununla iş bitmir. Aytəni himayə edən qadın onu dayısı və xalasının yanına aparır. Bundan sonra onlarla qalacağını deyir.

“Məni xalamgilin yanına aparanda dedi ki, gəlib məni görəcək, amma bir daha gəlmədi. Xalamgili heç tanımırdım, onlarla necə davranacağımı da bilmirdim. Xalam anamın məni istəmədiyini, ona görə başqa qadına verdiyini deyirdi. Onun danışıqları mənə pis təsir edirdi, ona görə dayımın yanında qalmaq istədiyimi dedim. Dayımın iki oğlu var idi, onlarda günlərim yaxşı keçirdi. Dayım da, uşaqları da mənimlə mehriban idi. Amma arvadı dayımın mənimlə yaxın olmasını qısqanırdı. Dayım evdə olanda mənimlə mehriban, tək olanda isə başqa cür davranırdı. Hər axşam məndən dayıma şikayət edirdi”.

İki oğlan yaxınlaşdı

Dayısının yoldaşının davranışlarına dözə bilməyən Aytən evdən qaçır. Qalacaq yeri olmadığına görə, bulvara gedir.

“İlk gecəni Bulvarda keçirdim. Orda gəzirdim, nə edəcəyimi, hara gedəcəyimi bilmirdim. Hava çox soyuq idi. Həm üşüyürdüm, həm də nə edəcəyimi düşünürdüm. Bu vaxt iki oğlan mənə yaxınlaşdı. Əvvəl qorxdum, onlardan qaçmaq istədim, kənarlaşdım, sonra yenə yaxınlaşdılar. Soruşdular ki, mən kiməm hara gedirəm, gecə vaxtı burada nə edirəm. Mən onlara inandım və başıma gələnləri danışdım. Dedilər ki, mənə kömək edəcəklər. Bir evə apardılar, bir neçə gün orada qaldım. Bir neçə gün qalandan sonra onlar məni başqa bir evə apardılar. Həmin evdə ana, ata, bacılar qardaşlar, çox adam var idi. Onlar mənimlə mehriban davrandılar. İlk dəfə idi ailə mühiti görürdüm”.

Bu ailədə hamı onunla ailənin qızı kimi davranır. Artıq həyatının müsbət istiqamətə dəyişdiyini düşünən müsahibimin çox keçmir ümidləri yenə məhv olur.

“Qardaşlarım çox yaxşı idi, elə anam, atam da, amma qızlar yox. Məktəbə getməmişəm, hamı elə bilər ki, həyatı anlamıram. Amma elə deyil. Mən yaxşı və pis insanları tanıyıram və o qızlar yaxşı deyildi. Indi danışmağa utanıram, amma utanacaq heç nə etməmişəm. Qızlar məni özləri ilə gəzməyə aparırdılar. Bəzən anaları ilə dalaşır, ata, qardaşlarından gizli evdən çıxırdılar. Bir gün evin qızlarından birinin rəfiqəsi gəldi, gəzməyə getməyi təklif etdi. Anası çox gec olduğundan razılıq vermədi. Amma qızlar onu dinləməyib getdilər və məni də özləri ilə apardılar. Bir kluba getdik, onlar dostları ilə söhbət edirdilər, mən də onlara baxırdım. Mənə tapşırdılar ki, evdəkilərə bu barədə heç nə deməyim. Əgər nəsə desəm, bu həm mənim, həm də onlar üçün yaxşı olmaz”.

Klubdakı oğlanlar mənə yaxınlaşmaq istədi

Aytən deyir ki, yaşı az olsa da, oranın yaxşı yer olmadığını anlayıb. Amma bu barədə heç kimə heç nə deməyib. Qızlar tez-tez onu həmin kluba aparıblar.

“Mən bilirəm, kluba getmək, küçədə qalmaq nədir. Orada hamı içki içir, siqaret çəkir, bir sözlə çox pis vəziyyət idi. Oğlanlar mənə baxırdılar, amma özümü elə aparırdım ki, sanki onları görmürəm. Çox qorxurdum, sıxılırdım. Bir dəfə klub işçiləri oğlanlardan birinin mənimlə tanış olmaq istədiyini dedi. Çıxanda onunla getməyimi təklif etdi, amma mən qorxdum, qaçıb mətbəxdə gizləndim. Oğlanlar gedəndən sonra çıxdım. Heç vaxt oradakı oğlanlarla danışmamışdım. Təmiz qızam, özümə söz vermişəm həmişə təmiz qalacam. Artıq o kluba getmək istəmirdim, qızlar da qorxduğumu görürdü. Bir gün məni aparan oğlanlar sığınacaqdan danışdılar. Məni də ora aparacaqlarını dedilər. Əvvəl getmək istəmədim, onlar sığınacaqda hər şeyin yaxşı olacağını dedilər. Bir müddət bura öyrənmədim, tez-tez qaçırdım. Axırda söz verdim ki, bir də burdan qaçmayacam. Artıq dörd ildir burdayam. Indi kursa gedirəm, özümə yeni həyat qurmaq istəyirəm. Ömür boyu sığınacaqda qala bilmərəm axı”.

Aytən valideynlərinin məsuliyyətsizliyinin qurbanıdır. O, həyatını məhv edən o iki insanı bəlkə də, heç vaxt tanımayacaq, görməyəcək. O artıq həmin insanlar barədə düşünmür, amma görəsən Aytənin uşaqlığını əlindən alan, oxumaq, ailədə yaşamaq hüququndan məhrum edən insanlar onu yada salır? Bunu da heç vaxt bilməyəcəyik. Bildiyimiz bir şey odur ki, uşaq yaşında bu qədər problem yaşamış Aytənin xoşbəxt gələcəyi barədə rahatlıqla düşünmək olmur. Amma ən azından gələcəyi ilə bağlı xoş xəyallar qura bilir. Buna görə də, Kəmalə xanıma, onların dili ilə desək, xalalarına təşəkkür edirlər.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm