Ehtiyatlı olun, qarşıda reklam lövhəsi var!
Bizi izləyin

Qırmızı.az

Ehtiyatlı olun, qarşıda reklam lövhəsi var!

Bu yaxınlarda mətbuatda bir xəbər oxudum. Xarici ölkədə üzərində qeyri-etik reklam olan avtomobil xeyli sayda qəzaya səbəb olmuşdu. Əslində, magistral yollarda yerləşdirilən billboardlar vasitəsilə reklam ən geniş yayılmış və ənənəvi növlərdən biridir. İstənilən məhsulun və ya xidmətin müəyyən ərazidə yayılması üçün magistral yollarda reklam yerləşdirilməsi reklam olunan məhsula alıcı tapılması baxımından çox effektiv rol oynayır. Yollardan gün ərzində minlərlə insanın istifadə etməsini nəzərə alsaq, bu reklamların təsir dairəsinin də nə qədər geniş olduğunu görmüş olarıq. Hələ gün ərzində eyni şəxs bir yoldan bir neçə dəfə gedib-gələrsə, istər-istəməz reklam olunan məhsul onun yaddaşına həkk olunacaq. Küçə reklamları isə təkcə piyadaların deyil, sürücülərin də diqqətini rahatlıqla cəlb edir. Bəs hansı reklamlar qəza vəziyyəti yarada bilər? Reklam şitlərini harada qoymaq təhlükəlidir?

Harada reklam lövhəsi qoymaq olmaz?

Ümumiyyətlə, psixoloqlar hesab edirlər ki, reklamın mətni pozitiv olmalıdır. Psixoloji cəhətdən insana əsəb gətirməməlidir. İnkişaf etmiş ölkələrdə reklam lövhələrinə bu baxımdan ciddi nəzarət olunur. Azərbaycanda “Reklam haqqında” qanun 1997-ci ildə qəbul edildiyindən bu sahədə ciddi boşluqlar və onların yaratdığı dərin problemlər var. Hüquqşünas Ərşad Hüseynovun Publika.az-a verdiyi məlumata görə, reklamla bağlı hələ SSRİ dövründə Nazirlər Sovetinin qəbul elədiyi qərar və Azərbaycan Prezidentinin 2000-ci ildə imzaladığı fərman var və bu iki hüquqi akt arasında zidiyyət var. Birinci sənədə görə, yol hərəkəti zolağında yalnız yol hərəkətinə aid reklamların yerləşdirilməsinə icazə verilir. Yol hərəkətinə aid olmayan reklam plakatlarının, şitlərinin yolların kənarında təhkim və mühafizə zolağında yerləşdirmək qadağandır. Hüquqşünasın sözlərinə görə, sovet qanunvericiliyi bizə yol kənarında reklamı qadağan etsə də, yeni qanunvericilikdə yollarda yola aid olmayan reklamların yerləşdirilməsinə də icazə verilir.

Bu gün yollarımızda tam olaraq reklam nişanlarına oxşayan reklam lövhələri olduğunu deyən Ə. Hüseynovun sözlərinə görə, bir sıra hallarda reklam daşıyıcısına icazə verilmir. Təhlükəli nöqtələrdə, yolayırıcı, körpü, uçurum olan ərazilərdə yol hərəkəti baxımından reklam yerləşdirmək olmaz:

“Yollardakı reklam lövhəsi yol nişanlarına oxşar olmamalıdır. Görməni məhdudlaşdırmamalıdır. Döngədə, tökülmə torpaq üzərində, sürüşmə zonasında, dəmiryol keçidləri, tunellər, estakadalarda reklam yerləşdirmək olmaz. Körpünün 350 metrliyində də reklama icazə verilmir”.

Hüquqşünasın sözlərinə görə, hərəkət sürəti 60 km/saatla məhdudlaşdırılan yollarda da reklam lövhələri qoyula bilməz. Reklam dirəyi 20 metrdən çox olmamalı və işıqlandırılma və yanğına qarşı mühafizə sistemi ilə təmin edilməlidir.

İşıqlandırma sürücünün gözünü qamaşdırarsa, işıq mürəkkəb fon yaradaraq yolun başqa hissələrini görməyə mane olarsa, etik qaydalardan kənar, zorakılığa çağıran motivli reklamların küçələrdə vurulmasına icazə verilmir.

Hüquqşünas həmçinin bildirdi ki, qanunvericilikdə reklamların yerləşdirilməsinin texniki parametrləri də var: “Reklam yol çiynindən, hərəkət hissəsindən kənarda, azı 2 metr məsafə olmalıdır. İstənilən reklam yerləşdirilərkən dövlət yol polisi ilə razılaşdırılmalıdır. Əsas məsələ təhlükəsizliyə yönəldiyindən təhlükəsizliyə xələl gətirə bilən, sürücünün diqqətini yayındıran reklamlara yol verilməməlidir”.

Reklam lövhəsi yol nişanlarının qarşısını kəsməməlidir

Avtomobil yollarında reklam şitlərinin yerləşdirilməsi yalnız icra hakimiyəti orqanının razılığı, icazəsi əsasında qoyulur. Baş Dövlət Yol Polis İdarəsinin ictimayətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyevin Publika.az-a verdiyi məlumata görə, onların özbaşına qoyulması qadağandır: “Reklam şitləri qoyulanda yol qurğularının, təhlükəsizlik üçün nəzərdə tutulmuş yol nişanlarının qarşısını kəsməməlidir. Yol polisi müəyyən edir ki, avtomobillərin hansı hissəsində, hansı ölçüdə reklam vurula bilər və buna icazə verir. Əgər avtomobillərdə diqqəti yayındıran yazılar olarsa, İnzibati Xətalar Məcəlləsinin 221-ci maddəsilə məsuliyyət nəzərdə tutulur”.

“Qəzaların səbəbini reklamlarda axtarmaq düzgün deyil”

Lakin reklamçılar qəzaların səbəbini reklamda axtarmağın düzgün olmadığını düşünürlər. Reklam üzrə mütəxəssis Eldar Quliyevin sözlərinə görə, əgər sürücü avtomobili düzgün idarə edə bilmirsə, qaydaları pozursa, qəza şəraiti yaradırsa, onun reklamla heç bir aidiyyəti yoxdur: “Elə qəza hadisələri olur ki, nə yaxında üzərində reklam olan avtomobil olur, nə ətrafda bir reklam lövhəsi, amma dəhşətli qəza törədilir. Yəni qəzaları reklamlarla bağlamaq düzgün deyil”.

Bütün dünyada yol kənarlarında reklamlar quraşdırıldığını deyən ekspertin sözlərinə görə, bunların böyük əksəriyyəti də elə yola aid olmayan reklamlar olur. Azərbaycanda da bu sahədə vəziyyət eynidir. Ekspertin sözlərinə görə, bütün qoyulan reklamlar qanun çərçivəsində qoyulmalı və burada bir sıra qanunda nəzərdə tutulmuş qaydalar, o cümlədən məsafə də nəzərə alınmalıdır.

Reklamla bağlı yeni qanun hazırdır

Milli Məclisin iqtisadi-siyasət komitəsinin üzvü Vahid Əhmədovun Publika.az-a bildirdiyinə görə, Azərbaycanda “Reklam haqqında” qanunun qəbulundan 17 il keçib. Bu 17 ildə qanun layihəsində bir çox dəyişikliklər, o cümlədən, internet, kompüter sistemi geniş vüsət alıb. Ona görə də ölkədə təzə qanunun qəbuluna ehtiyac var: “Biz reklam haqqında yeni qanun hazırlayaraq Milli Məclisə təqdim etmişik. Bu, köhnə qanundan 70% fərqlənir. Yeni qanuna görə, avtomobil yollarında reklamlar yerləşdirilərkən məsafə, reklamın ölçüsü, dili, nəzərə alınmalıdır. Nəqliyyat vasitələrində təhlükəsizliyi təmin etmək üçün qabaq və arxa şüşələrinə reklamın vurulması tamamilə qadağan edilib”.


Reklamçılar İttifaqı və ictimaiyyətlə birlikdə geniş müzakirələr aparıldığını deyən V. Əhmədov bildirdi ki, yeni qanun qəbul ediləndən sonra küçələrdə qəza vəziyyəti yaradan reklamlar da olmayacaq.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm