Dövlət qulluğuna niyə maraq yoxdur?
Bizi izləyin

Qırmızı.az

Dövlət qulluğuna niyə maraq yoxdur?

Azərbaycanda dövlət qurumları gənc və bacarıqlı kadrlar baxımından əziyyət çəkirlər. Ölkədə dövlət qulluğuna marağın zəif olmasını ekspertlər bir neçə səbəblə əlaqələndirir. Bu, dövlət idarələrində əmək haqqının aşağı olması, ali məktəblərdə təhsilin aşağı səviyyədə olması, gənclərin praktik baxımından hazırlanmaması ilə bağlıdır. Namizədlərin dövlət qulluğu imtahanlarında zəif nəticə göstərmələri isə ixtisası üzrə biliklərin zəif olması, yəni, universitet illərində zəif təhsil almalarından qaynaqlanır. Bəzən namizədin normal təhsil səviyyəsi mövcud olsa da, o, müsahibəyə ciddi hazırlaşmır. Başqa bir problem isə bir çox hallarda namizədlərin potensiallarından yuxarı inzibati vəzifəyə maraq göstərməsi və nəticədə həmin vəzifəni tuta bilməməsi ilə şərtlənir.

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev üç gün öncə Prezident yanında İdarəçilik Akademiyasında çıxışı zamanı kadr problemi, gənclərin dövlət qulluğuna marağının azalması məsələlərinə toxunaraq müasir idarəetmənin incəliklərinə bələd olan hazırlıqlı kadrlara ehtiyac duyulduğunu deyib. R. Mehdiyevin sözlərinə görə, kifayət qədər yüksək bal toplayan və hətta Prezident təqaüdünə layiq görülən tələbələr olsa da, sonrakı mərhələlərdə məzunların dövlət qulluğuna cəlb olunması prosesi heç də nəzarət altında deyil. Onlar ya dövlət qulluğuna qəbul olunmaq üçün komissiyaya müraciət etmirlər, ya da ki, uğurla imtahan verib dövlət qulluğuna qəbul edilənlər sırasında geniş təmsil olunmurlar.

Qeyd edək ki, Azərbaycanın dövlət qulluğu modeli nəzəri cəhətdən karyera sisteminə daha yaxın olduğu üçün bu gənclərin dövlət qulluğuna qəbulunu xüsusi təşviq edir. Karyera sisteminin mahiyyəti ona yönəlib ki, burada vətəndaşlar əsasən gənc yaşlarında dövlət qulluğuna aşağı vəzifədən qəbul olaraq sonrakı xidmət illəri və nümayiş etdirdikləri peşə hazırlığı nəticəsində vəzifədə irəli çəkilmək imkanı əldə edirlər. Dövlət Qulluğunda işləmək üçün imtahanlarda iştirak edən şəxslərin təxminən 80%-i kənarda qalır. Keçid ballarının aşağı salınmasına baxmayaraq, vəzifəyə uyğun bilinənlər təxminən 20-30% arası olur. Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının mətbuat xidmətinin rəhbəri Asəf Əliyevin Publika.az-a verdiyi məlumata görə, bu il dövlət qulluğuna müsabiqəyə çıxarılan 933 yerə 7360 namizəd sənəd verib ki, bunlardan test üzrə qalib gələnlərin sayı 1371 nəfər olub və 411 nəfər vəzifəyə uyğun bilinib. Ötən il isə 2054 yerə 12520 namizəd sənəd verib ki, test üzə qalib gələnlərin sayı 2711 nəfər olub. Bunlardan 814 nəfəri vəzifəyə uyğun bilinib. 2012-ci ildə 1227 yerə 7593 nəfər namizədliyini verib ki, bunlardan testdən qalib gələnlərin sayı 1744 nəfər olub və 615 nəfəri isə vəzifəyə uyğun gəlib. Müqayisə üçün bildirək ki, 2007-ci ildə 794 yerə 3691 nəfər namizədliyini verib ki, test üzrə qalib gələnlərin sayı 691 nəfər və vəzifəyə uyğun gələnlərin sayı isə 186 nəfər olub. Ümumilikdə, indiyə kimi dövlət qulluğuna ayrılan vakansiyaların sayı 10881 olub ki, bu yerlər uğrunda 59131 namizəd mübarizə aparıb. Onlardan test üzrə qalib gələnlərin sayı 13170, vəzifəyə uyğun gələnlərin sayı isə 4150 nəfər olub. Dövlət qulluğuna imtahan verənlərin sayında ötən illərlə müqayisədə güclü azalma olmasa da, ümumilikdə maraq zəifdir.

Millət vəkili Fazil Mustafa Publika.az-a müsahibəsində problemin təməlini təhsil sistemində və əsas da universitetlərimizdə bilik meyarının çox zəif rol oynamasında görür. Onun sözlərinə görə, əgər bu gün Azərbaycan universitetləri 5 min dünya universiteti içərisinə girə bilmirsə, 10 min universitet içərisində cəmi 6-7 ali məktəbimizin adı çəkilirsə, universitetlərimizə o qədər vəsait və imkanların həsr olunmasına baxmayaraq, heç bir nəticəsi yoxdursa, demək ki, burada kadr da yetişməyəcək: “Çox az sayda universitet var ki, orada tələbənin dərsə gəlməməyinə görə meyarlar önəmli rol oynamır, bilik rol oynayır. Qalan məsələlər də müxtəlif dərəcədə rektorların iradəsilə həll olunur. Bu ali məktəblərdə bilikdən başqa bütün meyarlar mövcuddur. Biz bu gün hesablasaq görərik ki, Azərbaycanın bugünkü potensialı ilə normal səviyyədə hüquqşünas, normal səviyyədə iqtisadçı və ya beynəlxalq hüquq mütəxəssisi yetişdirmək mümkün deyil”.

İndi qazandığımız az-çox uğurlara gəlincə, millət vəkili bunun daha çox xaricdə təhsil alan potensialın hesabına mümkün olduğunu deyir. Bu işdə də dövlətin, prezidentin ayırdığı vəsaitin təyinatı üzrə xərclənmədiyini deyən F. Mustafa bildirdi ki, həmin vəsait ya geri qayıdır, ya da müraciət edənlər bu və digər formada başqa səmtə yönəldilir: “Xaricdə oxuyan tələbələrin əksəriyyətini dəstəkləmirlər. Bəhanə edirlər ki, bu universitetin adı nazirliyin siyahısında yoxdur. Əgər istedadlıdırsa, ona ayrıca, fərdi qaydada yanaşmaq olar. Məsələn, əgər Almaniyada bir tələbəmiz universitetdə oxuyursa və Azərbaycanın istedadlı kadrıdırsa, onun haqqında məlumatlar toplanmalı, ona dəstək verilməlidir. Ola bilsin ki, həmin universitet Azərbaycan Təhsil Nazirliyinin siyahısında olmasın. Amma Azərbaycan Təhsil Nazirliyinin siyahısında elə ali məktəblər var ki, heç universitet adlandırılması belə doğru deyil, heç bir texniki bazası yoxdur. Buna görə də daha çox xaricdə olan istedadlı tələbələri dəstəkləmək lazımdır”.

Dövlət qulluğuna marağın azlığı, kadr probleminin olması - bunların hamısı kompleks şəkildə yığışaraq həlli çətinləşən problemə çevrilir. Millət vəkilinin sözlərinə görə, orta məktəbdə dərslərin zəif keçirilməsi, uşaqların repititor yanına getməsinə səbəb olur ki, nəticədə onun hesabına ali məktəbə qəbul olurlar: “Əksər ali məktəblərdə qəbul balları aşağı salınır və nəticədə də 600 baldan artıq topalayan tələbənin 1 ildən sonra nəticəsinə baxdıqda görərik ki, davam edə bilmir. Çünki heç bir universitetdə bunun üçün mühit yoxdur. Bu çox ciddi problemdir. Bu Azərbaycanın ən aktual problemidir və bu məsələdə bir dəyişiklik olmasa yaxın gələcəkdə, keyfiyyətli kadrları ümumiyyətlə, Azərbaycanın başqa qurumlarında da tapmaq çətin olacaq”.

Sabiq təhsil naziri Firudin Cəlilov Publika.az-a müsahibəsində bildirdi ki, problem daha çox gənclərin keçdikləri sahənin praktiki tərəfi ilə tanış olmamalarından qaynaqlanır. Gənclər müəyyən ixtisaslara özləri özlərini hazırlamalıdırlar və həmin sahənin ədəbiyyatını bilməlidirlər: “İnstitutda hansı sənəd öyrədilirsə, həmin sənədin praktikası da öyrədilməlidir, ki gənc ikitərəfli hazırlaşdırılsın. Hər şeyin bir yolu, bir düzəni var, sadəcə onu qurub işlətmək lazımdır. Məsələn, “ASAN xidmət” necə qurulub? Arayışların alınmasında çəkilən əziyyətlər birdəfəlik aradan qalxıb. Yəni sistemi düzgün qurmaq lazımdır, nə qədər ki, sistem düzgün qurulmayıb, problemlər aradan qalxmayacaq”.

Ekspertin sözlərinə görə, bəzi nazirliklər gənc kadrları işə götürəndə onları imtahandan keçirirlər. Bu o deməkdir ki, artıq bununla bağlı proses başlayıb. Sadəcə bu prosesi təkmilləşdirmək lazımdır.

F. Cəlilovun sözlərinə görə, burada maaş məsələsi də rol oynaya bilər: “Əlbəttə gənclər baxırlar ki, ticarətdə, biznesdə pul çoxdur, ora can atırlar. Amma gəncləri iş həyatına hazırlamaq lazımdır. Bu mexanizm işləməlidir ki, gənclərin marağı olsun. Bu institut illərindən aparılmalıdır. Necə ki, tibb institutunda həm nəzəri cəhətdən, həm də praktiki baxımdan həkimliyi öyrənirlər. Eyni şeyi də digər sahələrdə də etmək olar. Sadəcə bunu təkmilləşdirmək lazımdır”.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm