İnstitut direktoru səhiyyədən narazılıq etdi
Bizi izləyin

Qırmızı.az

İnstitut direktoru səhiyyədən narazılıq etdi

“Ölkəyə idxal edilən ərzaq, dərman, məişət və s. malların üzərində Azərbaycan dilində yazılar verilməlidir, həm də bu yazılar ədəbi dilimizin qaydalarına uyğun olmalıdır”.

Axar.az xəbər verir ki, bu fikirlər oktyabrın 29-da AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda dərman preparatlarının dili ilə bağlı keçirilən müzakirədə səsləndirilib. Müzakirədə çıxış edən institutun direktoru, akademik Tofiq Hacıyev Azərbaycan dilinin işlənməsi ilə bağlı “Dövlət Proqramı”na uyğun olaraq dərman preparatlarının içlik vərəqələrinin monitorinqinin nəticələri barədə danışıb. O qeyd edib ki, Səhiyyə Nazirliyi bu sahədə xeyli faydalı işlər görür, amma buna baxmayaraq, hələ də dərman içliklərində kifayət qədər dil qüsurları qalır. Həmin qüsurların leksik, qrammatik, həm də üslubi səviyyələrdə müşahidə olunduğunu diqqətə çatdıran akademik problemin həlli ilə bağlı xeyli işlərin görülməli olduğunu bildirib.

Monitorinq şöbəsinin müdiri, professor Qulu Məhərrəmli ölkəyə idxal olunan dərman preparatlarının dilinin həddindən artıq ağırlığını və qeyri-praktikliyini, onların terminlərlə çox yüklənməsini, yersiz təkrarlara, dolaşıq cümlələrə yol verildiyini qeyd edərək, bunun daha çox uğursuz tərcümə ilə bağlı olduğunu diqqətə çatdırıb.

Səhiyyə Nazirliyi “Farmakoloji və Farmakopeya” şurasının əməkdaşları - tibb elmləri namizədi İbrahim Rəhimov və Fatimə Hüseynova təmsil etdikləri qurumun bu istiqamətdə gördüyü sistemli işlər barədə məlumat verərək müzakirə olunan problemə öz münasibətlərini bildiriblər. Tərcüməçilərin və ölkəyə dərman gətirən, lakin bir çox hallarda içlik vərəqələrində preparatların zərərli təsirlərini gizlədən firmaların bu məsələdə məsuliyyətinin artırılması vurğulanıb.

Polemika şəraitində keçən toplantının sonunda Səhiyyə Nazirliyi ilə Dilçilik İnstitutunun mütəxəssisləri arasında əməkdaşlığın genişləndirilməsi qərara alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm