Anar Cəbrayıllı: “Əvvəllər müsahibə alırdım, indi müsahibə verirəm”
Bizi izləyin

Qırmızı.az

Anar Cəbrayıllı: “Əvvəllər müsahibə alırdım, indi müsahibə verirəm”

Bu gün 40 yaşını qeyd edən “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Publika.az-ın suallarını cavablandırıb.

40 yaşınız tamam oldu. Adətən, 40 yaşı qeyd etmirlər. Siz necə, qeyd edəcəksiniz?

Gördüyünüz kimi, işdəyəm. Mənim üçün adi iş günüdür. Belə fikirlər eşitmişəm, sözün düzü, elə bir təmtəraqlı ad günü keçirməyim də yadıma gəlmir. Həmişə ailə üzvlərim, dostlarımla bir yerdə keçirirəm ad günümü. Bu il də ötən illərdən fərqlənməyəcək.

Bəzən jurnalistikaya dövlət qurumlarında işləmək üçün tramplin kimi baxırlar. Sizdə necə olub?

Mənim yanaşmam belədir ki, əgər bir insan əziyyət çəkirsə, gecə-gündüz işləyirsə, üzüyuxarı gedəcək. Təbii ki, burada qismət məsələsi də var. Doğrudur, elə savadlı jurnalistlərimiz var ki, illərdir jurnalistikadadırlar, bu gün də davam edirlər. Burada, görünür, alın yazısı da rol oynayır.

Jurnalist Anar Cəbrayıllı və məmur Anar Cəbrayıllı. Hansını özünüzə daha yaxın bilirsiniz?

Jurnalisti, əlbəttə. Mən məmurdan çox, jurnalistəm. İşim də jurnalistlərlə bağlıdır. Hər gün jurnalistlərlə görüşürəm, müsahibə verirəm, işim elə kabinetdə oturub suallara cavab verməkdən ibarət deyil. Özümü ANS-də necə hiss edirdimsə, “Azərsu”-da da elə hiss edirəm.

Məmur olmasaydınız, sizə jurnalist kimi “Azərsu” haqqında yazı yazmaq tapşırılsaydı, hansı nöqsanları göstərərdiniz?

Əlbəttə ki, gördüklərimi də deyərdim. Hər gün sizin yazdıqlarınızı, su xətlərində qəzaları yazardım. “Azərsu”nun əməkdaşları abonentlərlə yaxşı davranmırlarsa, onu yazardım. Bütün gördüyüm problemləri yazardım. Mən əvvəl jurnalist kimi çalışdığım dövrlərdə də su ilə bağlı yazmışam. Deyə bilərəm ki, 10 il əvvəllə müqayisədə indi bu sahədə böyük fərqlər var. Əvvəl biz binaların qarşısında çəkiliş aparanda adamlar su problemi, binlarda suyun gəlməməsi ilə bağlı üstümüzə gəlirdilər. Bu gün artıq bütün binalar 24 saat su ilə təmin olunur. Mən o vaxt da problemlərdən işləyirdim, bu gün də problemlərlə məşğul oluram.

Televiziyada xəbər aparıcısı idiniz. Darıxırsınız aparıcılıq üçün?

Elə çox şey dəyişməyib əslində. Əvvəl müsahibə alırdım, indi müsahibə verirəm. Hər həftə jurnalistlərə bir neçə müsahibə verirəm. Bu sahədə işləməyimdə sərbəstlik baxımından, problemlərə yanaşma baxımından aparıcı olmağımın böyük rolu olub. Mən jurnalist olanda həmişə çalışırdım ki, müsahibim mümkün qədər az danışsın ki, sinxron az olsun. İşimi sürətlə görməyə öyrəşmişəm. Elə ona görə də indi məndən müsahibə alanda çalışıram ki, konkret danışım, qısa olsun. Mənə hər gün onlarla müraciət, şikayət göndərilir ki, bunlar da mənim işimi monotonluqdan uzaqlaşdırır. Jurnalistlər işimizi maraqlı edir. Hər kəsə təşəkkürümü bildirirəm.

Publika.az kollektivi də Anar Cəbrayıllını doğum günü münasibətilə təbrik edir, ona cansağlığı və iş həyatında uğurlar arzu edir.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm