• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Əməyin təhlükəsizliyi üzrə Milli Strategiya hökumətə təqdim olundu

Əməyin təhlükəsizliyi üzrə Milli Strategiya hökumətə təqdim olundu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən “Azərbaycan Respublikasında əməyin təhlükəsizliyi və sağlamlaşdırılması üzrə Milli Strategiya”nın layihəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, yaxın gələcəkdə qəbul edilməsi gözlənilən bu sənəddə əməyin təhlükəsizliyi və sağlamlaşdırılması sahəsində perspektiv tədbirlər əksini tapıb.


Layihədə Əməyin Mühafizəsi üzrə Milli İnformasiya Mərkəzinin, Dövlət Əməyin Mühafizəsi Fondunun, əməyin mühafizəsi vasitələrini istehsal edən müəssisələrin yaradılması kimi tədbirlər yer alıb. Habelə, layihəyə əsasən, iş yerlərində təhlükəsizlik və sağlamlıq üzrə Avropa standartlarının qəbul edilməsi, əməyin gigiyenik təsnifatının, əməyin mühafizəsi və gigiyenası üzrə normativ hüquqi aktların hazırlanması, bu sahənin idarə edilməsi sisteminin, həmçinin qadınlar üçün müəyyən edilmiş əməyin mühafizəsi norma və qaydalarının təkmilləşdirilməsi nəzərdə tutulur.


Bunlarla yanaşı, əməyin mühafizəsi və gigiyenası üzrə mütəxəssislərin hazırlanması üçün təhsil müəssisələrinə dövlət sifarişlərinin verilməsi, bu sahədə çalışan mütəxəssislərin əlavə təhsilinin təmin edilməsi, işçilərin sağlamlığının qorunması məqsədilə icbari tibbi sığorta olunmasına, iş yerlərinin attestasiyasının keçirilməsinə dövlət və ictimai nəzarətin gücləndirilməsi tədbirləri də layihədə əksini tapır. Layihədə müəssisələrdə əməyin yüksək səviyyədə mühafizəsi şəraiti yaradılmasına yönəldilmiş iqtisadi siyasətin aparılması, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanın təmin edilməsi, yeni və yenidən qurulmuş bütün müəssisələrin əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə sertifikat-pasportlaşdırılmasının həyata keçirilməsi və s. kimi perspektiv tədbirlər müəyyən olunub.


Eyni zamanda, əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və gigiyenası norma və qaydalarına əməl edilməsinə dövlət və ictimai nəzarətin əhatə dairəsinin genişləndirilməsi, təhlükəsiz əmək şəraitinin yaradılmasının, təhlükəsiz texnika və texnologiyanın tətbiqinin, fərdi və kollektiv mühafizə vasitələrinin istehsalının və əməyin mühafizəsində qabaqcıl təcrübədən istifadə edilməsinin həvəsləndirilməsi və s. də perspektiv tədbirlər sırasındadır. Layihədə Strategiya qəbul edildikdən sonra onun həyata keçirilməsi üçün Dövlət Proqramının hazırlanması da nəzərdə tutulur.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR