Qız mənimdir, oxutmuram, əl çəkin!
Bizi izləyin

Qırmızı.az

Qız mənimdir, oxutmuram, əl çəkin!

"Bu il ali məktəblərə qəbul imtahanları zamanı Yardımlı və Lerik rayonlarından sənəd verənlər arasında qızlar müvafiq olaraq 16 və 21 faiz təşkil edib. Bir sıra rayonlarda, misal üçün, Masallı, Cəlilabad, Qobustan, Ağsu və Sabirabadda sənəd verən qızların sayı 40 faizdən azdır. Bu, onu göstərir ki, adıçəkilən bölgələrdə kifayət qədər mürəkkəb, gizli və latent proseslər gedir".

Bu sözləri Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Prezident yanında Dövlət İdarəçilik Akademiyasında çıxışı zamanı qızların təhsildən yayınmasından danışarkən deyib.

R.Mehdiyev bildirib ki, bir çox regionlarda, xüsusilə də cənub bölgəsində azyaşlı qızların təhsildən yayınaraq qeyri-rəsmi ailə qurması artıq adi hala çevrilib:

“Onlar nə fiziki, nə də mənəvi cəhətdən hazır olduqlarıı halda erkən yaşda ana olurlar. Bu məsələ həm səhiyyə, həm təhsil, həm də hüquq mühafizə orqanlarının diqqətindən necə yayınır?”

Prezident Adminstrasiyası rəsmisinin fikirləri ölkədə qızların təhsildən yayınma məsələsini yenidən gündəmə gətirib. Əlbəttə, bunu bütün bölgələrə aid edə bilmərik. Bəzi rayonlarda hətta ali təhsilli qızların sayı oğlanlardan çoxdur.

Qızlar yoxdur

Ən çox hansı rayonlarda valideynlərin qızları təhsildən ayırmalarını Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının açıqladığı rəqəmlərdən daha aydın görə bilərik.

Belə ki, 2013-cü ilin qəbul nəticələrinə əsasən, Yardımlı, Lerik, Cəlilabad və Masallı bölgələrindən olan abituriyentlər arasında qızların nisbi sayı 13-30 faiz təşkil edib.

2013-cü ildə Yardımlı rayonunda 556 nəfər abituriyent imtahanda iştirak edib, onların 483-ü oğlan, 73-ü qızdır, Lerikdə 527 nəfərin 425-i oğlan, 102-si qızdır, Masallı rayonu 1184 nəfərin, 831- i oğlan, 353-ü qızdır, Cəlilabad rayonu 1353 nəfər sənəd verib, onların 967-si oğlan, 386-sı qızdır.

Lənkəran rayonunda isə ötən il qızların qəbul nəticələri oğlanlardan çox olub. 1729 nəfər sənəd verib, onların 833-ü oğlan, 896-sı qızdır.

TQDK-nın mətbuat xidmətindən Publika.az-a bildirdilər ki, 2014-cü ilin rayonlar üzrə qız və oğlanların nisbəti ilə bağlı nəticələr hazırlanır. Yaxın zamanda nəticələr elan ediləcək.

Bu il buraxılış imtahanlarının nəticələri adıçəkilən rayonlarda vəziyyətin heç də ürəkaçan olmadığını göstərir.

IX sinifdə buraxılış imtahanı verən oğlan və qızların sayı təxminən bərabərdir. 2014-cü ildə buraxılış imtahanında iştirak edən oğlanların sayı 53%, qızların sayı isə 46% olub. Amma elə rayonlar var ki, orada IX sinifdə oxuyan oğlanların sayı 60%-dən çoxdur, hətta IX sinifdə oxuyan qızlar yoxdur. Həmin rayonlar Şamaxı və Qobustan rayonlarıdır. XI sinifdə buraxılış imtahanında iştirak edənlərin 56%-i oğlanlar, 44%-i qızlar təşkil edir. Ancaq elə rayonlar var ki, məsələn, Lerikdə imtahan verənlərin 70-80%-dən çoxu oğlanlardır və qızların sayı çox azdır.

2014-cü ildə ölkə üzrə 9-cu siniflərdə buraxılış imtahanında bəzi rayonlar üzrə oğlanların sayı 60 faizdən çoxdur.

Rayonlarda nəticələr

TQDK-nın açıqladığı rəqəmləri əsas tutaraq qızların ən çox təhsildən yayındığı cənub bölgəsini əhatə edən rayonların icra hakimiyyətləri ilə əlaqə saxlamağa çalışdıq. Gün ərzində dəfələrlə zəng etsək də, bəzi icra hakimiyyətində telefona cavab verən tapmadıq. Cavab verənlər isə qəbul nəticələri barədə dəqiq rəqəmləri verə bilməyəcəklərini dedilər.

Ona görə də rayonlar üzrə yalnız statistik rəqəmləri İcra hakimiyyətlərinin saytından əldə edə bildik. Düzdür, bir çoxu bu rəqəmləri belə sayta yerləşdirməmişdilər.

Bu il Lənkəranda keçən tədris ilində 1699 nəfər məzundan 900 nəfəri ali məktəblərə qəbul olunmaq üçün sənəd verib. Onlardan 473 nəfəri ali məktəblərə qəbul olunub ki, bu da keçən ilki nəticədən 13 nəfər çoxdur.

Lerikdə 2013/2014-cü tədris ilində 151 nəfər məzun, o cümlədən builki məzunlardan 114 nəfəri ali məktəblərə qəbul olunub, onların 38-ni qızlar təşkil edir. 234 məzun, o cümlədən builki məzunlardan 192 nəfəri orta ixtisas məktəblərinə qəbul olunub ki, onların 83 nəfəri qızlardır.

Yardımlıda 2013-2014-cü tədris ilində IX siniflərdə oxuyan 905 nəfər şagirddən 903 nəfəri ümumi orta təhsil haqqında şəhadətnamə, XI siniflərdə oxuyan 694 nəfərdən 692 nəfəri orta təhsil haqqında attestat alıb. 286 nəfəri ali məktəblərə qəbul üçün imtahan verib, onlardan 119 nəfəri ali məktəblərə daxil olub. Bundan əlavə, əvvəlki illərdə məktəbi bitirmiş daha 43 nəfər məzun bu ildən ali məktəblərə qəbul olub. Bununla da qəbul olanların sayı ümumilikdə 162 nəfər olub ki, bunların 16-sı qızlardır.

Lakin bu rəqəmlər ailələrin qızlarını nə üçün təhsildən yayındırmasını tam izah etmir. Bunun səbəbi isə ekspertlərdən öyrəndik.

Bu, dəhşətli rəqəmdir

Sosioloq Əhməd Qəşəmoğlu deyir ki, cənub bölgəsində qızların təhsildən yayınmasında valideynlər müxtəlif səbəblər göstərirlər:

“Bir müddət əvvəl cənub bölgəsində apardığımız sosioloji araşdırma nəticəsində, valideynlərin qızlarını təhsildən yayındırma səbəblərini araşdırmışıq. Valideynlər deyir ki, qız təhsili davam etdirməyəcəksə, 11-ci sinfə qədər oxumağın da mənası yoxdur. Ona görə də, 3-4-cü sinifdən qızları məktəbdən çıxarıb ev işlərində, təsərrüfatda köməkçi işlədirlər. Başqa bir səbəb Bakıdakı mühitə olan inamsızlıqdır. Çünki indi paytaxtdakı mühit təhlükəlidir. Həmçinin qızın 16 yaşdan sonra yük olduğunu düşünürlər. Qız yaşlandıqca adına pis sözlər yayılmasından da qorxub tez ərə verirlər. Rayonların təhsil işçiləri valideynlərlə danışmağın mənasız olduğunu deyirlər və bu məsələdə günahı valideynlərdə görürlər”.

Paytaxtla bağlı narahatlıq, həmçinin cəmiyyətin vəziyyəti ilə bağlı düşüncələr digər rayonlarda yaşayan valideynlərin də qızlarını təhsildən yayındırması üçün əsas səbəb ola bilər. Yəni cənubda yaşayan valideynin keçirdiyi narahatlığın şimaldakı valideynin keçirmədiyini deyə bilmərik. Bəs nə üçün digər rayonlardakı valideynlər bu əsasla qızlarını təhsildən yayındırmır? Ə.Qəşəmoğlu cənub bölgəsində yaşayan valideynlərin bu qərarında din faktorunun da böyük rol oynadığını deyir:

“Həmin rayonlarda xurafat faktoru da valideynlərin fikirlərinə daha çox təsir edir. Qızını məktəbə qoymaq istəyənlər isə ətrafdakıların münasibətindən qorxaraq fikrindən yayınır. Bir çox cənub kəndlərində bu cür ictimai qınaq qızları təhsildən yayındıran səbəblər sırasındadır. Təhsildən yayınan qızlar erkən nikahın qurbanı olur. Ötən il 25 min uşağın nikahdankənar doğulması faktı da problemin aktuallığını göstərir. Azərbaycan kimi ölkə üçün bu, dəhşətli rəqəmdir. Həmin qızlar gələcəyin savadsız valideyni deməkdir, onların yetişdirdiyi uşaqların aqibətinin necə olacağını əvvəldən təxmin etmək mümkündür”.

Nikah yaşının artırılması nəyi dəyişdi?

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin məsləhətçisi Aynur Veysəlova bildirib ki, 2013-cü ildə 229 erkən nikah qeydə alınıb və həmin dövrdə 2885 uşaq 15-17 yaşlı qadınlar tərəfindən doğulub.

“Düzdür, 2011-ci ildə bu rəqəm 2138, 2012-ci ildə 295 olub. Yəni azalma müşahidə edilib. Lakin bu sayın kəskin azalmasında əsas faktor kimi Ailə Məcəlləsində qızların nikah yaşının artırılması çıxış edir. Lakin bütövlükdə ölkə üzrə erkən nikah problemi hələ də qalır. Erkən nikahlarla bağlı iqtisadi rayonlar üzrə araşdırma aparılıb. Lənkəran iqtisadi rayonunda ötən il 33 erkən nikah faktı qeydə alınıb. Cənub bölgəsində Masallı və Cəlilabadda erkən nikahların sayı daha çoxdur. Aran rayonlarından Saatlı, Sabirabad, Ucar, Salyan, Zərdabda erkən nikahlara daha çox rast gəlinir”.

A.Veysəlova bildirib ki, bu istiqamətdə maarifləndirmə ilə yanaşı, məktəb, ailə də rolunu dərk etməlidir:

“Ailə qızını təhsildən yayındırmağın məsuliyyətini dərk etməlidir. Cinayət qanunvericiliyinə görə, erkən nikaha məcbur etmə cinayət məsuliyyəti yaradır. Həmin şəxslərə qarşı 4 min manat cərimə və ya 4 il həbs cəzası nəzərdə tutulur. Düzdür, bu qərarlar erkən nikahların sayını nisbətən azalmasına səbəb olub. Lakin hələ də bu problem qalmaqdadır”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm