8 nəfərlik, işsiz ailə və üçəm körpə
Bizi izləyin

Qırmızı.az

8 nəfərlik, işsiz ailə və üçəm körpə

Musa Quliyev: “Kasıbdır niyə üçəm doğur, birin doğsun”

Tükəzban Səmədova: “Doğuş üçün 600 manat pul ödədik”

Xətai rayonu Əhmədli qəsəbəsi, Məzahir Rüstəmov küçəsində yerləşən yataqxanada üçəm uşaq dünyaya gəlib. Xətai rayonu 34 saylı polis bölməsinin arxasında yerləşən yataqxana paytaxtdakı digər yataqxanalardan ancaq çöldən baxanda fərqlənir. Yəni, yataqxana bayırdan baxanda səliqəlidir. Içəri girəndə isə darısqal, avadanlıq yığılmış, qaranlıq dəhlizlərdən eyni tanış qoxu gəlir. Bu kəsif, nəm qoxusudur.

Bu dəhlizə ayaq başmağımıza səbəb isə iyun ayının 4-də Səmədovlar ailəsində dünyaya göz açan üçəmlərdir.

“Sevinc pulu”ndan xəbərsiz ana

Qapını uşaqların anası Tükəzban xanım açır. Dar dəhlizdə bir neçə qapı var. Dar olmasına baxmayaraq, dəhlizə xeyli avadanlıq yığılıb. Amma burada avadanlıqdan daha çox iri, dəmir şkaflar adamı sıxır. Içəridə isə tam sakitlikdir. Üçəmlər yatıblar.

Söhbət zamanı bəlli olur ki, Tükəzban 17 yaşında ailə qurub, 19 yaşında ana olub. Ailə qurduqdan 8 ay sonra hamilə qaldığını bilən qadın USM müayinəsindən keçərkən üçəm uşaqları olacağından xəbər tutur:

“Həkim iki qız bir oğlan olacağını deyirdi, lakin sonradan bildik ki, üçü də qızdır. Çox sevindim ana olmağıma, qızlarımın salamat doğulmasına”.

Tükəzban xanımdan uşaqlara dövlət tərəfindən verilən birdəfəlik müavinət-“Sevinc pulu”nu aldığını soruşuram. Məlum olur ki, gənc ana dövlətin yenicə doğulmuş uşaqlara birdəfəlik verdiyi 75 manat müavinətdən xəbərsizdir: “Yox, bizə pul verməyiblər. Belə müavinətin olduğunu bilmirdim. Amma biz doğuş üçün 600 manat ödədik xəstəxanaya”.

Qeyd edim ki, uşaqların atası işsizdir. 8 nəfərin yaşadığı iki otaqlı evdə ancaq üçəmlərin nənəsi Nigar Səmədova Səhiyyə Nazirliyinin protez bərpası qurumunda çalışır. Əri və oğlanları isə fəhlə işləyirlər. Bu isə həmişə olmur. Bəzən onlar iş təklifi olmadığından həftələrlə işsiz qalırlar. İndi isə evdə üçəm körpə var.

Tükəzban xanım deyir ki, uşaqlar ana südündən doymurlar deyə, süni qida ilə də yemləyir. Lakin gündəlik pampers və süni qida xeyli pul aparır: “Hələ ki, papmersləri var, nənələri bir qutu alıb, amma bu qurtardıqdan sonra yenisini almağa pul da yoxdur”.

Ailə başçıları acınacaqlı durumları ilə bağlı dövlət başçısı İlham Əliyevə, Əmək və Əhalinin Sosial Müdafiəsi və Səhiyyə nazirliklərinə, Xətai rayon İcra Hakimiyyətinə müraciət ediblər:

“Dövlət başçısına və səhiyyə nazirinə ünvanlan məktubumuz Xətai rayon icra hakimiyyətinə göndərilib. Müraciətimizə baxan yoxdur. İcra hakimiyyəti də uşaqların taleyi ilə maraqlanmır. Gəlib qapını açıb, bu uşaqlarla maraqlanan yoxdur. Xarici ölkələrdə üçəm, əkiz doğulan uşaqlara dövlət qayğı göstərir, bizdə isə maraqlanan yoxdur. Rusiyada yaşayan əmimin əkiz övladı oldu, onun ailəsinə mənzil verdilər. Biz isə uşaqlara verməyə yemək də tapmırıq”.

“Uşağın üçəm və ya tək doğulmasının elə bir önəmi yoxdur”

Ortaya maraqlı sual çıxır. Ailə məcəlləsində əkiz və ya üçəm uşaqları dünyaya gələn ailələrin sosial durumunu yaxşılaşdırmaq üçün hansı maddələr nəzərdə tutulub? Bu sualla Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyevə müraciət etdik. O, dedi ki, əslində qanunvericilikdə üçəm doğulmuş uşaqların ailələrinə yardımla bağlı xüsusi bir qanun nəzərdə tutulmayıb, amma o uşaqların valideynin yaşadığı ərazinin icra orqanı öz imkanları daxilində o ailəyə müəyyən köməklik edə bilər. Amma uşağın üçəm və ya tək doğulmasının elə bir önəmi yoxdur.

Milli Məclisin komitə sədrinin müavini Musa Quliyevə konkret ünvanı, 8 nəfərin iki otaqlı evdə yaşadığı Səmədovlar ailəsində dünyaya gələn üçəmlərin acınacaqlı durumundan danışanda isə, o, bizə çox qeyri-adi cavab verdi: “O adam baxsın görsün ki, saxlaya bilirsə üçünü doğsun, saxlaya bilmirsə bir uşaq doğsun”. Biz Musa Quliyevə “axı bu qadın üç uşaq doğacağını öncədən bilmirdi” deyəndə o, daha maraqlı cavab verdi: “onlar çox yaxşı bilirlər ki, neçə embiron qoydurublar ora”. Milli Məclisin deputatına xatırladanda ki, qadın süni mayalanmadan istifadə etməyib, təbii yolla hamilə qalıb. O zaman Musa Quliyev ailənin sosial təminat almasını məsləhət gördü.

Daha sonra ixtisasca nervpotoloq olan deputat Musa Quliyevə ailənin dövlət qurumlarına ünvanlandığı məktubların baxılması üçün Xətai rayon icra hakimiyyətinə göndərildiyini və adıçəkilən qurumun da bu olaya etinasız yanaşdığını çatdırdıq. Deputatdan yenə də qeyri-adi açıqlama gəldi: “İcra hakiminin vaxtı, imkanı olsa baxacaq, olmasa baxmayacaq”.

Onu da qeyd edək ki, deputatın nəzərdə tutduğu süni mayalanma ölkəmizdəki bəzi özəl klinikalarda Türkiyədən gəlmiş həkimlər tərəfindən həyata keçirilir və 7-8 min manata başa gəlir.

Ataları qızlarına Fatimə, Zeynəb və Zəhra adlarını qoyub. Körpələr bir-birlərinə çox oxşayırlar, ayırıb-seçmək mümkün deyil. Anaları isə deyir ki, o, doğulduğu gündən qızlarını yaxşıca tanıyır: “Nənələri başlarının üzərinə adları yazılmış lövhə asır ki, ayıra bilsin. Mən isə ilk gündən tanıyıram”. Söhbət zamanı Tükəzban xanım orta təhsili də yarımçıq qoyduğunu dedi: “Mən orta məktəbi də tam oxumadım. Amma qızlarımın təhsil almasına,oxumasına mütləq çalışacam. Bu çox vacibdir”.

Arzu

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm