Elektroşok: xeyri və ziyanı
Bizi izləyin

Qırmızı.az

Elektroşok: xeyri və ziyanı

Bu günlərdə Milli Məclisdə “Polis haqqında” qanuna dəyişiklik edilərək Azərbaycan polisinə elektroşokdan istifadəyə icazə verildi. Elektroşok 4 halda və ancaq lazımi məqamda istifadə olunacaq. Sənəddə əks olunmuş dəyişikliyə əsasən, polis cinayətkarın insan həyatına təhlükə yaratdığı halda; kütləvi iğtişaşlar və qiyamlar zamanı; silahlı şəxsin silahdan istifadə etməklə müqavimət göstərmək ehtimalı olduğu halda və həbsdə olan şəxsi güc yolu ilə qaçırmaq istədikdə elektroşokdan istifadə edə bilər. Elektroşok qurğusunu gəzdirəcək şəxslərin, yəni zabitlərin dairəsi isə daxili işlər nazirinin əmri ilə müəyyən ediləcək.

Elektroşoker nədir?

Elektroşoker ucunda iki nazik tel olan cihazdır. Üzərindəki düyməni basmaqla istiqamətləndirilən şəxsin bədənində 50 min voltluq şok yaradır və sonra isə 5 saniyə ərzində bədəndə elektrik axını yaranır. Elektrik axını isə şiddətli ağrıya səbəb olur. Polis elektroşok vasitələri ilə cinayətkarı və cəmiyyətə zərər vermək istəyən şəxsi və ya qrupu bir neçə metrdən zərərsizləşdirə biləcək.

Elektroşokdan istifadə edən polislər üçün təlim keçiriləcək

Millət vəkili Fazil Mustafanın Publika.az-a bildirdiyinə görə, polis elektroşoku kurs keçəndən sonra istifadə edə bilər. Millət vəkili hesab edir ki, elektroşok bütün məqamlarda istifadə oluna bilməz: “Vətəndaşa qarşı hər hansı həyati təhlükə yaranarsa, polisin özünə qarşı hansısa təhlükə olarsa, bundan istifadə oluna bilər. Elektroşokun istifadəsində əsas məqsəd həm də vətəndaşın səhhətinə zərər yetirməməkdir”.

Millət vəkilinin sözlərinə görə, polis elektroşokdan istifadə edən zaman cinayətkarın kimliyinə də nəzər yetirməlidir, bu əgər azyaşlı uşaqdırsa, əlildirsə, qadındırsa və onun qaçmaq ehtimalı yoxdursa, bu halda elektroşokdan istifadə etmək düzgün deyil. İstifadənin məsuliyyətinə gəlincə, polis silahla necə davranırsa, bununla da elə davranmalıdır.

F. Mustafa bildirdi ki, elektroşok açıq satışda olmayacaq və birbaşa polisin arsenalına daxildir. Bir sıra vasitələr, o cümlədən qandal açıq satışda olmadığı kimi, bu alət də yalnız polisə aiddir.

Elektroşok insan orqanizminə necə təsir edir?

Elektroşokun insan sağlamlığına zərərinə gəlincə, həkimlər bunun ağır fəsadlar yarada biləcəyini söyləyirlər. Nevropatoloq Yusif İsmizadənin Publika.az-a verdiyi məlumata görə, elektroşok istifadə olunan adamda cürbəcür xəstəliklər yarana bilər: “Ürəyi zəif olan adama çox güclü şok təsir göstərə bilər. Fəsadlara gəlincə, insult, infarkt, qorxudan şəkər, arterial təzyiq yarada bilər, nitqi, danışığı tutula bilər. Ümumiyyətlə, elektroşok çox təhlükəlidir”.

Lakin psixoloq Elnur Rüstəmov bu cihazdan istifadənin insan psixologiyasına elə ciddi təsir etməyəcəyini düşünür. Psixoloqun Publika.az-a verdiyi məlumata görə, elektroşokdan psixologiyada bir çox məqamlarda istifadə olunur: “İctimai asayişi pozan ərəfədə insanlar eyforiya vəziyyətində olurlar. Ətrafda nə baş verdiyinin, danışıqlarının, davranışlarının, hərəkətlərinin fərqində olmurlar. Ona elektroşokla təsir edəndə o, ərtafda nə baş verdiyinin bir anlıq fərqində olur. Dolayısıyla, düşüncə yerinə qayıdır, eyforiya vəziyyətindən çıxa bilir. Bu praktikadan dünyanın hər yerində istifadə olunur. Bunun psixoloji baxımdan xüsusi bir zərəri yoxdur. Əslində faydası ola bilər”.

Maraqlıdır ki, dünya ölkələrinin əksəriyyətinin polis sistemlərində elektroşokdan istifadə edilir. Amma bu cihazdan istifadə etməzdən əvvəl polis işçilərinə xüsusi kurs keçilir. Onlar bu halda həmin cihazlardan insan sağlamlığına ziyan vurmadan istifadə qaydalarını öyrənirlər. Belə ki, bəzi cihazlar tərkibi etibarilə normadan artıq zərərli ola bilir və insanın ilk növbədə ürəyini sıradan çıxarır.

Rusiya, Türkiyə, ABŞ və dünyanın bir sıra aparıcı ölkələrində polisin bu vasitədən istifadə etməsilə yanaşı, elektroşok cihazı açıq satışda var. Rusiya Federal qanununa görə, yaşı 18-dən yuxarı olan hər kəsə özünümüdafiə məqsədilə elektroşoker ala bilər. Bu cihaz modellərindən asılı olaraq müxtəlif qiymətə satılır. Modellər isə 60 000 voltdan 700 000 volta qədər dəyişir. Rusiyada yalnız yerli istehsalçılar tərəfindən istehsal olunmuş və gərginliyi 90 000 voltdan çox olmayan elektroşokerlərin satışına icazə verilir. ABŞ-da özünümüdafiə məqsədilə istifadə olunan bu cihaz çox geniş yayılıb. Ştatdan asılı olaraq elektroşoker gərginliyinə görə heç bir məhdudiyyət qoyulmadan satılır. Qonşu Türkiyədə də elektroşokerin açıq satışına icazə verilir. Qiymətlərinə gəlincə isə, bu gərginlikdən asılı olaraq Türkiyədə 30TL-dən 100 TL-yə, Rusiyada 900 rubldan 10 000 rubla qədər dəyişir.

Rusiyalı satıcılar bu cihazın təsirinin insanın fizioloji xüsusiyyətlərindən asılı olduğunu düşünürlər. Onların sözlərinə görə, 60 000 volt birinə öldürücü təsir etsə belə, digər biri 200 000 volt gərginliyi hiss etməyə bilər. Əlbəttə ki, burada geyimin və vurulan hissənin də rolu var. Belə ki, elektroşokun təsirini geyim azalda bilər.

Ümumiyyətlə, mütəxəssislərə görə, elektroşokerin ən effektiv təsir etdiyi hissələr ayağın bud hissəsi və boyundur. Əl hissədə isə demək olar ki, heç bir təsiri olmur. Elektroşokeri 50 yaşdan yuxarı şəxslərin baş hissəsinə vurmaq təhlükəli ola bilər. Bu, minimum huşun itməsinə, maksimum isə ölümə səbəb ola bilər.

Bütün yazılanlara rəğmən, kiçik bir statistikanı da nəzərinizə çatdırmq istəyirik. Beynəlxalq Əfv Təşkilatının açıqlamasına görə, 2001-2012-ci illər ərzində Amerika Birləşmiş Ştatlarında elektroşok vurulduqdan sonra 500 nəfər dünyasını dəyişib.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm