Azərbaycanlı köçkünlər Ed Kaşinin fotoobyektivində - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Azərbaycanlı köçkünlər Ed Kaşinin fotoobyektivində - FOTOLAR

Berlində tanınmış ABŞ fotojurnalisti Ed Kaşinin azərbaycanlı qaçqın və məcburi köçkünlərə həsr olunmuş “Yerinə yetirilməmiş arzular: Azərbaycanın qaçqın və məcburi köçkünləri” adlı sərgisinin açılışı olub. Bu barədə Publika.az-a Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) məlumat verilib.

Sərgi TEAS-ın Almaniyadakı ofisi tərəfindən təşkil olunub.

İyirmi ildən artıqdır ki, Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağ və yeddi ətraf rayondan qovulmuş 1 milyondan çox qaçqın və məcburi köçkün Azərbaycandakı düşərgələrdə məskunlaşıb. Bu insanlar üçün hər gün bir mübarizədir, onlar öz ata-baba yurdlarına qayıtmaq arzusundadırlar. BMT Təhlükəsizlik Şurasının Ermənistana qarşı qəbul etdiyi dörd qətnaməyə və digər işğalın beynəlxalq təşkilatlar tərəfindən qınanılmasına baxmayaraq, Avropa mediası azərbaycanlı didərginlərin durumuna laqeyd yanaşır. Lakin “National Geographic”, “Magazine”, “New York Times”, “Time” və “Newsweek” kimi nəşrlərlə əməkdaşlıq etmiş E.Kaşi bu dəfə öz obyektivini qaçqın və məcburi köçkünlərə tərəf çevirib. Bu fotoşəkillər onların üzləşdiyi çətinlikləri əks etdirir, lakin eyni zamanda insan ruhunun möhkəmliyini və umidlərin qırılmadığını göstərir.

E.Kaşinin dediklərindən: “20 ildən artıqdır ki, erməni işğalından əziyyət çəkən bu insanları taleyin ümidinə buraxmaq olmaz. Dünyada ən böyük məcburi köçkün ordusu Azərbaycanın payına düşür. Öz peşə fəaliyyətim vasitəsilə mən bu insanların dərdinə şərik çıxmış oluram. Belə ki, bu gün öz əsərlərimi Berlində təqdim etməkdən qürur duyuram”.

Avropa Azərbaycan Cəmiyyətinin Almaniyadakı direktoru Şahin Namati-Nassab bildirib: “Erməni silahlı qüvvələri tərəfindən zorakılıqla torpaqlarından çıxarılmış 1 milyondan çox qaçqın və məcburi köçkünün taleyi unudulmamalıdır. Lakin bəzən müharibə, qaçqın və məcburi köçkün axını kimi məsələləri uzaqdan dərk etmək o qədər də asan deyil. İnsan faciəsini çox zaman incəsənət vasitəsilə dərk etmək daha asan olur. Buna görə də biz Ed Kaşinin fotosərgisini dəstəkləməkdən məmnunuq. Biz xüsusilə şadıq ki, sərginin açılışına belə böyük maraq var, burada 400-dən artıq qonaq iştirak edir”.

Məlumat üçün bildirək ki, 2013-cü ilin iyun ayında E.Kaşi üz layihəsi ilə əlaqədar Azərbaycanda səfərdə olub. Bunun nəticəsində Londonda fotosərgi açılıb. Daha sonra həmin sərgi estafeti Parisə, indi isə Berlinə verib. Bu layihə E.Kaşi və TEAS tərəfindən birgə təsis olunmuş “VII Foto” Agentliyi tərəfindən dəstək alıb. Həmin agentliyin məqsədi mədəniyyət, siyasət və iqtisadiyyat sahəsində Avropa-Azərbaycan münasibətlərini Avropa istiqamətində inkişaf etdirməkdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm