• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Bilik Fondu xarici əlaqələrini genişləndirir: Çexiya, Türkiyə, Ukrayna

Bilik Fondu xarici əlaqələrini genişləndirir: Çexiya, Türkiyə, Ukrayna

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu beynəlxalq əlaqələrini genişləndirir. Fond Çexiyanın paytaxtı Praqa şəhərində sərgi keçirməyi planlaşdırır. Dekabr ayında keçiriləcəyi gözlənilən “Azərbaycanın geologiya elmi Çexiyada” sərgisi “Azərbaycan elmi xaricdə” proqramı çərçivəsində reallaşacaq. Bu istiqamətdə artıq müəyyən işlər görülüb.

İnformasiya təminatı sektorundan verilən məlumata görə, Fondun Beynəlxalq layihələr sektorunun müdiri Riyad Məmmədzadə sərginin təşkili ilə bağlı Praqada olub və Çexiyada yaşayan diaspora nümayəndələri ilə görüşüb. Görüşdə həmvətənlərimiz maraqlı təkliflər və ideayalar səsləndirib və Bilik Fondunun mərkəzi və şərqi Avropada həyata keçirəcəyi layihələr müzakirə edilib.

R.Məmmədzadə Azərbaycanın Çexiya Respublikasındakı səfirliyinin baş konsulu Əlimirzamin Əsgərov və konsul Nigar Əfəndiyeva ilə görüşərək, onlara sərgi barəsində ətraflı məlumat verib: “Baş konsul və konsulla görüşümdə layihənin detalları barədə danışdıq. Onlar bildirdilər ki, Azərbaycan elminin dünyada tanıdılması olduqca vacibdir və Bilik Fondunun keçirəcəyi sərgiyə dəstək verməyə hazırdırlar. Belə qərara gəldik ki, səfirliyin xətti ilə bu ölkədə yaşayan, fəaliyyət göstərən diplomatların, siyasi və ictimai xadimlərin sərgidə iştirakı təmin olunacaq”.

Fondun nümayəndəsi Çexiyada fəaliyyət göstərən Azərbaycan və Xəzər araşdırmalar mərkəzinin rəhbər Professor Eduard Qombarov və həyat yoldaşı professor Yana Qombarova ilə də görüşüb: “Professor Eduard Qombarov ilə birlikdə Çexiyanın nüfuzlu Karlov Universitetinə getdik və “Karolinum” adlanan əsas bina ilə tanış olduq. Sərgi bu binanın böyük zalında nümayiş olunacaq”.

R.Məmmədzadə onu da bildirib ki, sərgidə Azərbaycana xas suxur və minerallar, flora və fauna eksponatları, geoloji xəritələr və geologiya elminə dair ədəbiyyat nümayiş olunacaq.

Bilik Fondu Türkiyə ilə əlaqələrə də böyük önəm verir. 8-16 noyabr tarixlərində paytaxt İstanbulda 33-cü Beynəlxalq Kitab Yarmarkası keçiriləcək. Xarici nəşriyyatların, maarifləndirmə işi ilə məşğul olan təşkilatların və fondların iştirak edəcəyi yarmarkaya Bilik Fondunun aparıcı məsləhətçisi Qismət Rüstəmov qatılacaq. O, İstanbulda yerli və xarici naşirlər, vəqf rəhbərləri, tanınmış yazıçı və şairlərlə görüşəcək. Görüşlərdə Bilik Fondunun xarici əlaqələrinin genişləndirilməsi yolları müzakirə ediləcək.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu Kiyevdə Ukrayna Bilik Cəmiyyətinin icraçı direktoru professor Kuşereç Vasil İvanoviç və cəmiyyətin elmi katibi, əməkdar jurnalist Vasilaşko Vasil Fyodoroviçlə görüşüb. Görüşdə hər iki qurumun gələcək əməkdaşlıq perspektivləri müəyyənləşib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR