Avstriya səfiri ADU-nun Elmi Şurasında oldu
Bizi izləyin

Qırmızı.az

Avstriya səfiri ADU-nun Elmi Şurasında oldu

Azərbaycan Dillər Universitetinin Elmi Şurasının noyabrın 3-də keçirilən növbəti iclasında Avstriyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Silvia Mayer-Kaybiç qonaq oldu.

Elmi Şurada çıxış edən rektor, professor Səməd Seyidov səfiri universitetin ali orqanı olan Elmi Şurasında salamladı. O, bildirdi ki, səfirin Azərbaycandakı fəaliyyəti ərzində Azərbaycan-Avstriya arasında bütün istiqamətlərdə, o cümlədən mədəni, iqtisadi və təhsil sahəsində əlaqələrin inkişafında gördüyü işlər Azərbaycan-Avstriya əməkdaşlıq tarixində vacib və əhəmiyyətli yer tutacaq. Rektor Səməd Seyidov bu günlərdə səfirin Azərbaycandakı missiyasının bitəcəyini təəssüflə yada salaraq səfirin diplomatik fəaliyyəti dövründə, nəinki Azərbaycan, həmçinin Azərbaycan Dillər Universiteti üçün də mühüm işlər gördüyünü söylədi. Həmin işlərdən birinin bu yaxınlarda ADU-nun Tərcümə fakültəsinin dekanı, universitetdəki Avstriya Kitabxanasının rəhbəri, dosent Vilayət Hacıyevin Avstriyanın Federal Prezidenti tərəfindən iki ölkə arasında mədəni əlaqələrin inkişafında, Avstriya ədəbiyyatının tədqiqində və eləcə də onun Azərbaycan dilinə tərcümə işində qazandığı nailiyyətlərə görə “Avstriyanın elm və incəsənət sahəsində I dərəcəli fəxri xaç” ordeni ilə təltif olunduğunu xatırlatdı. Azərbaycanla Avstriya arasında hərtərəfli əməkdaşlığın inkişafında böyük rol oynayan Avstriya mərkəzinin fəaliyyətindən danışan rektor, professor Səməd Seyidov Silvia Mayer-Kaybiçin Azərbaycana səfir təyin olunmasından sonra Avstriya mərkəzinin “Avstriya mədəniyyəti kitabxanası“ statusu alaraq səfirin dəstəyi və köməkliyi ilə inkişaf etdiyini söylədi. Bu əməkdaşlıq çərçivəsində Azərbaycandan ADU-dan 400-ə yaxın azərbaycanlı tələbənin Avstriyaya təhsil almaq üçün yollandıqlarını deyən rektor Səməd Seyidov bu istiqamətdə səfirin diqqət və qayğısını xüsusi vurğuladı. O, bu diqqətin səfirin tərəfindən Azərbaycana, Azərbaycan təhsilinə və təhsil işçilərinə verilən yüksək qiymətin nəticəsi olduğunu dedi. ADU-nun əməkdaşı Vilayət Hacıyevin bu ali mükafata layiq görülməsini bu görülən işlərdən biri olduğunu və Avstriya dövləti tərəfindən təqdim olunan ordenin iki milləti və dövləti birləşdirən qıfıl olduğunu dedi. Azərbaycan-Avstriya əlaqələrinin inkişafında böyük rol oynayan səfir Silvia Mayer-Kaybiçə bu münasibətlə və ADU əməkdaşına verdiyi yüksək qiymətə görə təşəkkürlərini bildirdi. Rektor Səməd Seyidov Vilayət Hacıyevin Azərbaycanda alman dilinin tədrisi və inkişafında, almandilli tərcümə işlərində əldə etdiyi uğurlar sayəsində Azərbaycan bayrağını qaldırdığına görə alimi layiq görüldüyü ad münasibətilə təbrik etdi və universitet adından dəyərli hədiyyə ilə mükafatlandırdı.

Avstriyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Silvia Mayer-Kaybiç çıxış edərək Azərbaycanda fəaliyyət göstərdiyi illərdə görülən işlərdən, Avstriya-Azərbaycan əlaqələrindən söz açdı. O, ADU ilə əlaqələrdən danışaraq Avstriya kitabxanasının açılması ilə bağlı müqavilə imzalandığı tarixə nəzər saldı. Səfir öz növbəsində əlaqələrin inkişafında səylərini əsirgəmədiyi üçün rektor, professor Səməd Seyidova təşəkkürlərini bildirdi. Vilayət Hacıyevin tərcüməçilik fəaliyyətindən, iki ölkə arasında əlaqələrin inkişafındakı rolundan danışaraq alimin ünvanına xoş sözlərini çatdırdı.

Daha sonra çıxış edən Tərcümə fakültəsinin dekanı, dosent Vilayət Hacıyev ona verilən qiymətə görə səfirə, göstərilən diqqətə görə Səməd Seyidova, sevincini onunla bölüşən Elmi Şura üzvlərinə təşəkkürlərini bildirdi. Rektorun universitetdə yaratdığı münbit şəraitin nəticəsində əməkdaşların uğurlara imza atdığını deyən Vilayət Hacıyev səfirin ona verilən ordendə böyük əməyi olduğunu sözlərinə əlavə etdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm