MTRŞ-dan ittiham: Aparıcıların yaradıcılıq potensialı tükənib
Bizi izləyin

Qırmızı.az

MTRŞ-dan ittiham: Aparıcıların yaradıcılıq potensialı tükənib

Ötən gün ANS-in efirində müğənni Təranə Qumral və Nazəninin bir-birinə qarşı səsləndirdikləri fikirlər ölkə gündəminin əsas mövzusuna çevrildi. Kimin haqlı, kimin haqsız olması müzakirə edilərkən, biz məsələnin başqa bir tərəfini araşdırdıq.

Tərəflərin bir-birinə qarşı səsləndirdikləri ittihamlar, təhqir dolu ifadələr birmənalı qarşılana bilməz. Elə qarşılanmadı da. Təhqir edənin cəzalandırılması ilə hüquq mühafizə orqanları məşğul olacaq. Biz isə efirdə bu cür mövzuların işıqlandırılmasına nə qədər ehtiyac olmasını və bu cür verilişlərlə bağlı hər hansı inzibati tədbirlərin görülüb-görülməməsini araşdıracağıq.

Milli Televiziya və Radio Şurasının sədr müavini Qafar Cəbiyevin sözlərinə görə, ictimai əhəmiyyəti olmayan verilişlərin hazırlanması televiziya aparıcılarının, verilişləri hazırlayanların yaradıcılıq potensialının tükəndiyini göstərir.

“Televiziya əməkdaşları bir-iki mövzu tapıb, onlar da müğənnilərin dedi-qodu söhbətləri, ailə-məişət problemlərindən kənara çıxa bilmir. Onlar cəmiyyətə geniş diapazonda baxa bilmirlər. Cəmiyyətdə elm, təhsil və s. sahələrdə uğur qazanan yetərincə insan var. Lakin televiziyalar 5-6 müğənni tapıblar, hər səhər və axşam onları efirə çıxarırlar. Sadə vətəndaş olaraq mən də bu cür verilişlərin əleyhinəyəm. Həmin verilişdə elə fikirlər səsləndirildi ki, onlar ciddi istintaq araşdırması tələb edir. Həmçinin qarşılıqlı təhqiredici ifadələr də işlədildi. Bununla bağlı tərəflər qanun çərçivəsində müvafiq qurumlara müraciət edə bilərlər. Lakin Şura televiziyaların yaradıcılıq məsələlərinə müdaxilə edə bilmir. Televiziyaların yaradıcılıq məsələsinə müdaxilə etmək bizim səlahiyyətimizə daxil deyil”.

Şura rəsmisi onu da bildirib ki, ailə-məişət problemlərinə, münaqişələrə efirdə geniş yer ayrılması cəmiyyətə təsirsiz ötüşmür:

“Televiziyaların təkrar-təkrar münaqişələri işıqlandırması, ictimai əhəmiyyət kəsb etməyən, reytinq naminə belə verilişlərin yayımlanması düzgün deyil. Televiziya Şurasının bu məsələyə müdaxilə etmək səlahiyyəti qanuniləşsəydi, mən bu tip verilişlərin bağlanmasının tərəfdarı olardım”.

Media eksperti Arif Əliyev hesab edir ki, efirdə bu cür mövzuların artması mövzu azlığından irəli gəlir.

“Ümumilikdə, telekompaniyalar yarı-mədəniyyət, yarı-incəsənət mövzularına daha çox maraq göstərirlər. Bu, jurnalistikanın günahı deyil, bu, cəmiyyətdən irəli gələn məsələdir. Nəinki müğənnilərin, siyasətçilərin də bir-birinə olmazın sözünü deməsi adi hal alıb”.

A.Əliyev hesab edir ki, bu məsələdə MTRŞ-nın müdaxiləsi mümkündür.

“Bizdə səlahiyyətin olmaması barədə səsləndirilən fikirlər, adətən, bəhanə olur. Bütün təşkilatların kifayət qədər səlahiyyəti var. Lazım gələndə səlahiyyətin aşılması hallarını dəfələrlə müşahidə etmişik”.

A.Əliyev televiziyaların cəmiyyətin artan problemlərinin televiziya verilişləri ilə əlaqəli olmasını birmənalı şəkildə qəbul etmədiyini bildirib:

“Bu fikir o zaman təsdiqlənə bilər ki, KİV ictimai rəydə böyük rol oynasın, ciddi tendensiya yarada bilsin. Lakin hesab edirəm ki, bizdə heç də bu hal müşahidə edilmir. Hazırda media proses yaratmır, proseslərin arxasınca sürünür”.

Baş Psixiatr Gəray Gəraybəyli isə cəmiyyətdə aqressiyanın çoxalmasının əsas səbəbini televiziyalarda ailə-məişət mövzularının artmasında görür.

“Təəssüf ki, televiziya əməkdaşları aqressiya ilə zəngin verilişlərə üstünlük vermələrini bazar iqtisadiyyatı qanunları ilə yaşamaları ilə əsaslandırırlar. Düzdür, dava, münaqişə mövzulu verilişlər daha çox auditoriya yığır. Bir vaxtlar ailənin şəxsi işinə toxunmağa heç kimin ixtiyarı yox idi. İndi isə tərəflər efirdə milyonlarla insanın qarşısında dava edirlər, əlbəyaxa olurlar. Sabah uşaq sual verəcək ki, bu, pis haldırsa, nə üçün efirdə göstərirlər? Valideynlər bu suala cavab verməkdə çətinlik çəkir”.

Psixiatr hesab edir ki, qonşu kişi və ya qadınla qoşulub qaçmaq kimi halların dəb halını almasının da kökündə bu verilişlər dayanır:

“İnsanlar psixoloji cəhətdən indiki həyatda daha sərbəstdirlər. Hətta uşaqlar valideynlərindən daha müstəqildir. Bu hallar isə bəzən ifrata çatır”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm