• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Baş psixiatr: “Cəmiyyətdə bir aqressiya var”

Baş psixiatr: “Cəmiyyətdə bir aqressiya var”

Dünyada hər il 800 min insan həyatına qəsd edir. Dünya Səhiyyə Təşkilatının hesabatına görə, hər 40 saniyədə bir nəfər özünü öldürür.

Təşkilatın hesabatında qeyd edilir ki, 2012-ci ildə 804 min nəfər özünə qəsd edib. Bu isə o deməkdir ki, hər 100 min nəfərdən 11,4 nəfəri intihar edir.

Hesabatda bildirilir ki, bir çox ölkədə intihar edənlərin statistikası aparılmır, bəzi hallarda intiharlar bədbəxt hadisə, yaxud başqa formada təqdim olunur. Digər məlumata görə, həyat şəraiti yüksək olan ölkələrdə kişilər qadınlara nisbətən üç dəfə çox intihar edir, orta və daha pis həyat şəraiti olan ölkələrdə isə özünə qəsd edən kişilərlə qadınların sayı, demək olar, bərabərdir.

Statistikaya görə, yaşı 15-dən 29-a qədər olan insanların ölümünün başlıca səbəblərindən biri intihardır. Bununla belə, 70-dən yuxarı yaşı olan insanların intihara meyillilikləri daha yüksəkdir.

Azərbaycandakı müalicə-profilaktika müəssisələrində qeydiyyata düşən psixi xəstə diaqnozu qoyulmuş xəstələrin sayı 2012-ci ildə 121139 nəfər olubsa, 2013-cü ildə 2995 nəfər artaraq 124134 nəfər təşkil edib. Ölkədə ilk dəfə ruhi xəstə diaqnozu qoyulmuş xəstələrin statistikasına əsasən, əhalinin hər 100 min nəfərinə 52,7 psixi xəstə düşür.

2004-cü ildə ölkəmizdəki müalicə-profilaktika müəssisələrində qeydiyyatda duran psixi xəstələrin sayı 112169 nəfər olubsa, 2013-cü ildə bu rəqəm 124134 nəfərə qədər artıb. 9 il ərzində ölkədə psixi xəstəliklərə mübtəla olanları sayı 11 965 nəfər təşkil edib.

Rəqəmlər xəstələrin sayının ildən-ilə artdığını göstərir. Xəstələrin sayı bir tərəfə, hər gün cəmiyyətdə artan aqressiya, dava, intihar, cinayət xəbərlərin sayı da artır. Bəs dəhşətli cinayətlərin, intiharların baş verməsində psixi xəstəliklərin payı nə qədərdir? Hər cinayət törədən psixi xəstədirmi?

Suallarımıza Tibb Universitetinin Psixiatriya Kafedrasının müdiri, baş psixiatr Gəray Gəraybəyli cavab verəcək.

Xəstələrin sayı rəsmi rəqəmlərdən daha çoxdur

Baş psixiatr son illər Azərbaycanda psixi sağlamlığı müsbət dəyərləndirdi:

“7-8 il əvvəl insanlar psixi sağlamlıq sözünü “psixi pozuntu”, “dəlilik” kimi qəbul edirdilər. Son illərdə buna münasibət dəyişib. Bu da Səhiyyə Nazirliyi tərəfindən psixiatriyaya ayrılan diqqətin nəticəsidir. Ümumdünya Səhiyyə Təşkilatının 2007-2008-ci illərdə ölkəmizdə psixi sağlamlıqla bağlı apardığı sorğu bu sahədə nöqsanlara aydınlıq gətirdi. Həmin sorğunun nəticələri əsasında “Psixi Sağlamlıq üzrə Milli Strategiya” hazırlandı. Psixioloji xidmətin əhaliyə daha da yaxınlaşması üçün, Bakı Psixonevroloji Dispanser ləğv edildi, orada çalışan şəxslər rayon poliklinikalarında fəaliyyətə başladı. Bu həm əhalinin müraciətini asanlaşdırdı, həm də xəstəliklə bağlı stereotipi aradan qaldırdı.

Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə əsaslansaq, ölkədə psixi xəstələrin sayı artır. Psixiatrın sözlərinə görə, Dövlət Statistika Komitəsi tərəfindən açıqlanan rəqəmlər yalnız xəstəxanada yatan, rəsmi qeydiyyatda olan xəstələrin sayını əks etdirir. Özəl klinikalara gedənlərin, evdə həkimə müraciət edənlərin statistikası aparılmır. Psixi xəstələr arasında qonşusu ilə söhbət edib sakitləşənlər də var. Ona görə də psixi problemdən əziyyət çəkən insanların statistikası dəqiq deyil. Bu xəstəliklərin sayı rəsmi açıqlanan rəqəmdən daha çoxdur.

Şəhər mühitində normal yuxu yatmaq mümkün deyil

Statistikanı dəqiq demək mümkün deyil. Bəs ölkədə ən çox hansı psixi xəstəliklər yayılıb və bunun səbəbi nədir?

Baş psixiatr psixi xəstəliklər arasında ən çox depressiyalar, affektiv (əhvali-ruhiyyə) pozuntular, təşviş, həyəcan, nevrozların, biopolyar pozuntuların artdığını və bunların da stresslə bağlı olduğunu deyir.

“İnsanların psixi sağlamlığını pozan səbəblər sırasından ekologiyadan tutmuş, səbirsizlik, vaxt məhdudiyyəti, stresslər və digər faktorları sadalaya bilərik. Yer kürəsində insanların sayı durmadan artır, bu da istər makro, istərsə də mikro problemlər yaradır. Müharibə, münaqişə, təbii fəlakətlər, şəhərlərdə əhalinin artması, bunun yaratdığı gərginliklər də psixioloji problemləri yaradan səbəblərdəndir. Əsəb yorğunluğunun əsas səbəbi istirahətsiz iş prosesidir”.

Psixiatrın sözlərinə görə, normal psixika üçün vacib şərtlərdən biri yuxudur. Amma şəhər mühitində normal yuxu yatmaq mümkün deyil.

“Çünki gecə küçədə olan səs-küy, gündüz saatlarından fərqlənmir. Nəticədə insan 8 saat yatsa da, dincəlmir. Bu stress də zamanla bədəndə toplanır və psixi problemlərlə nəticələnir. Münaqişələr, stresslər, daim tələsmək, küy də insan beynini yorur”.

Hər bir cinayət - istər törədən, istərsə də qurban üçün faciədir

Bəlkə də, bayaqdan sadaladığımız problemlərə görə, psixi problemlər də çoxdur. Son iki ayda kürəkənin ailənin bütün üzvlərini öldürməsi, bacının bacısının başını kəsməsi, oğulun ananı öldürməsi faktlarını tez-tez eşidirik. Onlar əməllərinə qısqanclıq, namus, əsəbi pozuntu və s. əsaslar gətirir. Bu ağır cinayətlərin artmasının əsas səbəbi nədir?

Psixiatr hesab edir ki, hər bir cinayətin səbəbi barədə fikir söyləmək üçün əvvəlcə məsələ tam araşdırılmalıdır. Lakin hər cinayət istər törədən, istərsə də qurban üçün faciədir. Deməzdim ki, aqressiya yalnız qohumlara qarşıdır, bütün cəmiyyətdə biz bunu hiss edirik. Müsahibim hesab edir ki, hər aqressiv, qısqanc insan cinayət törətmir, bu hissi tormozlayan müxtəlif səbəblər var.

“Tormozlama olmayanda insan dava edə, hətta cinayət törədə bilər. 50 il əvvəl də qısqanclıq var idi, lakin bu qədər cinayət olmurdu. Ən kəskin davalarda belə kimsə yaralanan kimi münaqişə bitirdi. İndi isə kimsə müdaxilə etməzsə, məktəbli uşaqların davası belə ölümlə nəticələnə bilir. Bu da ətrafdan olan faktorlarla bağlıdır. Çünki televiziya, kino, cizgi filmlər belə insanlara aqressiya aşılayır. Sosioloji sorğu aparsaq görərik ki, bir məhəllədəki gənclərin 50%-dən çoxunun cibində bıçaq var. Bunun səbəbi hər gün dava etmək təhlükəsi və özünümüdafiədir. Hadisələrin qarışısını almaq üçün yalnız küçədə bıçaq satışını aradan qaldırmaq kifayət deyil, cəzalar artırıla bilər, həmçinin uşaqlarla söhbətlər edilməlidir. Bir sözlə, cinayətin qarşısını almaq üçün kompleks tədbirlər görülməlidir”.

Son vaxtlar intiharlar da artıb. 15 yaşlı uşağın, 75 yaşlı kişinin intiharı isə qəribə görünür. Düzdür, onların da problemi ola bilər və var. Amma intihara səbəb olacaq problem nə ola bilər? Hər dəfə belə xəbərlərlə qarşılaşanda ilk ağıla gələn sual bu olur.

Psixiatr intiharın yaşının olmadığını, hər intiharın öz səbəbi olduğunu dedi. Onun sözlərinə görə, cavan yaşda əsas səbəb nakam sevgi, məhəbbətdirsə, yaşlılarda isə xəstəlik, tənhalıq, uzun illər bağlandığı işi itirməsi kimi səbəblər ola bilər.

İnsanların ən yaxın dostu, qohumu mobil telefon, kompüterdir

Lakin adətən, ailələrin, qohumların açıqlamalarında həmin şəxslərin probleminin olmadığını deyirlər. G.Gəraybəyli psixiatr olaraq bu fikri qəbul etmədiyini deyir:

“İmpulsiv intihar yalnız kifayət qədər ciddi psixi xəstəlikdə baş verə bilər. Praktika göstərir ki, intiharların əksəriyyəti psixi xəstəlik daşıyıcıları deyil. Çox zaman həmin şəxsin yaxınları onun problemlərindən xəbərsiz olurlar. İndi insanların yaxın dostu, qohumu mobil telefon, kompüterdir. Bir ailənin üzvləri günlərlə bir yerdə oturub nəyisə müzakirə etmir. Bir yerdə oturub çay içmək, dərdləşmək ənənəsi artıq itib. Bu ünsiyyət olmadan uşağın problemini necə bilmək olar? Haradan bilmək olar ki, uşaq kompüterin qabağında oturub nə düşünür? Həyatımızda insanın psixikası üçün vacib olar bir çox məqamlar itirilir. Bunun əsas səbəblərindən biri texnikadır. Kompüter, internet həyatın vacib amilidir, lakin gecə 6-ya qədər internet klubda oturan uşaq sabah psixi xəstə olur. Bu məsələyə də diqqət etmək lazımdır. İnsanların içində qalan mənfi enerji bir gün intihar, aqressiya, xəstəlik və s. istiqamətə yönəldir”.

Psixi problem cəzadan yayınmaq üçün bəhanədir

Bəzən cəzadan yayınmaq üçün insanlar yalandan psixi xəstə olduğunu, cinayəti anlaqsız vəziyyətdə törətdiklərini bildirirlər.

Psixiatrın sözlərinə görə, anlaqsız halda cinayət törətmək mümkündür. Çünki elə psixi vəziyyət ola bilər ki, adam hərəkətlərinə cavabdeh ola bilmir.

“Əlbəttə, cəzadan boyun qaçırmaq üçün bu yola əl atanlar az deyil. Bu hər zaman olub, insanlar ya mövcud xəstəliyi qabardır, ya da olmayan xəstəliyin əlamətini göstərməklə cəzadan yayınmağa çalışırlar. Məhkəmə ekspertizası isə bu məsələni araşdırıb, düzgün qərar çıxarmalıdır”.

Psixi sağlamlığı olmayan fiziki sağlam ola bilməz

Müsahibimin sözlərinə görə, psixi xəstəliklər artsa da, insanlar onun müalicəsini çox zaman ikinci plana keçirirlər. O, sadə görünən psixi problemlərin bir çox xəstəliklərə səbəb ola biləcəyini bildirdi:

“Bu xəstəliklər vaxtında müalicə edilmədiyi halda müxtəlif orqanların fəaliyyətini pozur. Mədə xorası, hipertoniya, ürək xəstəlikləri, infarkt birbaşa psixioloji faktorlarla bağlıdır. Sadəcə, insanlar buna son mərhələdə diqqət ayırırlar. Son illər insanların fiziki görünüşlərinə diqqət etdiklərini müşahidə edirəm, hər kəs gənc, gözəl, incə görünməyə çalışır. Bu, müsbət haldır, lakin insanlar psixi sağlamlıqlarına o qədər də diqqət etmirlər. Psixi sağlamlığı olmayan fiziki sağlam ola bilməz”.

400 psixiatr var

Psixi problemlərin artdığını dediniz. Həmçinin qeyd etdiniz ki, xəstələrin də sayı statistikada göstəriləndən daha çoxdur. Bəs bu xəstələrin müalicəsi üçün kadr potensialı necədir?

G.Gəraybəyli psixi xəstəliklərlə bağlı əsas problemlərdən birinin məhz kadr təminatı ilə bağlı olduğunu deyir:

“Bu problem bütün dünyada müşahidə edilir. Psixiatriya çətin sahədir. Ona görə də Tibb Universitetinin məzunları digər ixtisaslara könüllü, istəyərək getsələr də, psixiatriyaya nadir hallarda gəlirlər. Çünki bu sahədə hər kəs işləyə bilməz. ÜST-nın məlumatına görə, dünya əhalisinin 10%-də depressiv pozuntular var. Bu rəqəmi psixiatrların sayı ilə müqayisə edəndə necə bir mənzərə yarandığını təxmin etmək çətin deyil.

Lakin yeganə sevindirici məqam var ki, bütün dünyada olduğu kimi Azərbaycanda da psixi sağlamlıq məsələlərinə psixiatrlarla yanaşı terapevtlər, ailə, poliklinika həkimləri yardım göstərir. Insanlar psixi pozuntularla bağlı həmin həkimlərə müraciət edir, bir ay ərzində onların müalicəsinin effekti olmazsa, bu məqamda professional psixoloqa yönləndirilir.

Bu gün ölkədə 400-ə yaxın psixiatr var. Onların da sayı dəyişkəndir, çünki tez-tez xaricə gedənlər olur”.

Psixologiya mərkəzlərinin sayının artması dəbə minib

Son illər psixoloji sağlamlıq mərkəzlərinin sayı artıb. Lakin onların heç də hamısının keyfiyyətli xidmət göstərdiklərini deyə bilmərik. Üstəlik, bu mərkəzlərin işinə də nəzarət mümkün deyil. İnsanların mərkəzlərə axın etməsi də bir reallıqdır. Necə düşünürsünüz, bu mərkəzlər psixi xəstəliklərin azalmasında hansı rol oynaya bilər?

Psixiatr hesab edir ki, istər dövlət, istərsə də özəl psixoloji məsləhətxanaların sayının artması arzu olunan müsbət haldır.

“Lakin psixoloji yardım mərkəzlərində çalışanlar məndən inciməsin, bu hal bir növ dəbə minib. Ona görə də başqa ixtisas sahibləri bir neçə aylıq kurs keçərək hər hansı özəl müəssisədə çalışırlar. Ancaq psixologiya çox dərin elmdir və hər sertifikatı olana yaxşı psixoloq demək mümkün deyil. Ona görə də peşəkar psixoloqların ali məktəblərdə hazırlanması vacibdir”.

Baş psixiatr deyir ki, psixi xəstəlikdən uzaq olmaq üçün insanlara yaxın olmaq lazımdır. Dostlarımıza, qohumumuza, qonşunmuza daha mərhəmətli olaq. Vaxt qıtlığı, informasiya bolluğu bizi insaniyyətdən uzaqlaşdırmasın.

Gülxar Şərif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR