• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

“Nardarandan gedib Suriyada döyüşənlər haqda heç kim heç nə demir”

“Nardarandan gedib Suriyada döyüşənlər haqda heç kim heç nə demir”

Qaradağ rayonundakı Müşfiqabad məscidinin imamı Mübariz Qaçayevin “Media forum” saytınıa müsahibəni ixtisarla təqdim edirik.

-Son günlər Müşfiqabad məscidinin adı tez-tez hallanır, sizin məsciddə çalışan din xadimlərini Azərbaycan vətəndaşlarını Suriyaya göndərməkdə ittiham edirlər. Məscidə ibadətə gələnlər azalıbmı?

- Heç bir dəyişiklik yoxdur. Məscid ibadət yeridir, insanlar gəlib namaz qılır, axirətləri üçün çalışırlar. Biz axirətə, qiyamət gününə inanan insanlarıq. Bu gün cümə namazı qılınıb. Soyuq havaya, yolların palçıq olmasına baxmayaraq insanlar ibadətə gəlmişdilər. Namaz qılınıb, dua edilib, başqa söhbət olmayıb. İnsanların məscidə gəlməsində məqsəd namaz qılıb Allahın əmrini yerinə yetirməkdir. Bizim başqa niyyətimiz yoxdur.

- Cümə namazı necə keçdi, əvvəllər gələn qədər insan vardımı?

- Şükür, həmişə olduğu kimi bu gün də çox gözəl keçdi. Məscidin ətrafı tamamilə qardır. Buna baxmayaraq camaat məscidə gəlmişdi, hətta qarın üstündə namaz qılıblar.

- Cümə namazlarında məscidə təxminən nə qədər adam toplanır?

- Mən içəridə oluram, deyə bilmərəm. Buna ancaq kənardan müşahidə edən adam cavab verə bilər. Mən çölə çıxanda artıq hamı getmiş olur. Ona görə dəqiq deyə bilmərəm. Amma adam çox olur. İçəridə yer olmadığına görə həyətdə, məscidin bağçasında da namaz qılınır.

- Hüquq mühafizə orqanlarından məscidə gələn, sizinlə söhbət edən olubmu? Əraziyə nəzarət gücləndirilibmi?

- Gəlib-gedənlər haqqında bir söz deyə bilmərəm, bu onların öz işidir, nə etməli olduqlarını bilirlər. Amma təhlükəsizlik məsələləri həmişə gündəmdə olub. Nəzarət edilir ki, yanlış, hikmətsiz hərəkətlərə yol verilməsin. Hətta soruşurlar ki, vəziyyət necədir, hər şey normaldır, ya yox. Problem yoxdur. Namaz zamanı gəlib-gəlmədiklərini deyə bilmərəm. Bu, dövlətin öz işidir.

- Siz bu gün cümə xütbənizdə nədən danışdınız?

- Bugünkü xütbədə elmdən bəhs etdik. Cavanlarımıza bildirdik ki, elm hər kəsə və həmişə lazımdır. Müəllim, həkim elmsiz olanda ona yaxşı yanaşmırıq. Belələri olanda hamı deyir ki, elmi yoxdur. Elmli olmaq daha yaxşıdır. Xütbəmdə dedim ki, dünyəvi məsələlərdə elmə qiymət verdiyimiz kimi, dinimizin şəriəti ilə bağlı məsələlərdə də alimə, elmə və maariflənməyə böyük dəyər verməyiniz lazımdır.

- Xütbələrinizdə müharibə bölgələrində yaşayan, çətinliklərlə üzləşən müsəlmanların durumu kimi məsələlərə toxunursunuzmu?

- Allah-taalanın dinimizi, peyğəmbərlərimizi göndərməyində məqsəd insanların daha yaxşı yaşaması, bir-biri ilə xoş münasibət qurmasıdır, bataqlıqdan, çirkinlikdən və digər yanlışlıqdan düz yola yönəlməsinə yol göstərməkdir. “Quran”da bunun yolları da göstərilib. Din tək namaz qılmaq, oruc tutmaqdan ibarət deyil. Bunlardan əlavə Allah-taalanın insanlar üzərinə qoyduğu haqlar, qadağalar var. Bura valideyn, qohum-əqrəba, qonşuluq və digər insanların haqları, əmr və qadağalar, haram və halallar daxildir. Biz bu mövzulara müntəzəm müraciət edir, söhbət aparırıq. Cəmiyyətimizin, insanların islah olunmasını istəyirik. Dini gözəl biləndə insanlar daha xoş münasibət qurur, bir-birinə rəhmli olurlar.

- Sizin məsciddə və xütbələrinizdə nə vaxtsa Suriya məsələlərindən danışılıbmı? Siz nə vaxtsa tərəfdarlarınızı Suriyaya gedib orada cihad etməyə çağırmısınızmı?

- Bunlar hamısı iftiradır. Mətbuatda yazırlar ki, kiminsə atası Müşfiqabad məscidinə gedib, oğlunu tələb edib. Guya həmin şəxsin oğlu Müşfiqabad məscidində namaz qılıb. Mən nə həmin şəxsi, nə də oğlanlarını tanıyıram. Bizə lazım olan - gəncləri dini səpkidə elmləndirməkdir. İnsanın elmi olmasa, hər yola düşə bilər. Bizim Suriyaya getmək kimi məsələlərlə, söhbətlərlə, əməllərlə heç bir əlaqəmiz yoxdur. Belə bir müraciət, çağırış da etməmişik. Belə bir hal ola da bilməz. Mənim xütbələrimin hamısı yazılıb, kim istəsə gəlib baxa bilər.

- Gənclərdən yanınıza gəlib Suriyaya gedib-getməmək məsələsində nəsə soruşan, məsləhət alan olubmu?

- Xeyr, olmayıb. Hamısı yalan söhbətlər, uydurma və məscidimizə atılan iftiradır. Allah hər kəsin öz iftirasını öz başına yıxacaq.

- Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası fətva verdi ki, axund və imamlar öz xütbələrində şəhidlik, cihad haqqında mövzulara yer ayırsınlar, gəncləri maarifləndirsinlər. Siz xütbələrinizdə bu mövzulara toxundunuzmu?

- Cihadla bağlı məsələlər alimlərə, buna haqqı çatanlara aiddir. Mən kiməm ki? Məsciddə imamlıq edirəm. Mənim işim namaz qıldırmaq, insanları islaha çağırmaqdır. Sizin dediyiniz məsələ mənim işim deyil. O işə qarışa bilmərəm. Biz insanları yaxşı əməllərə, haramdan, içkidən, zinadan uzaq durmağa səsləyirik. Sizin dediyiniz məsələlər böyük alimlərin və buna haqqı çatan insanların işidir ki, fətva versinlər. Biz fətva vermirik.

Mənim bu qədər savadım yoxdur. Suriyada gedib döyüşməyin cihad, orada ölməyin şəhidlik olub-olmaması alimlərə aid məsələdir.

- Azərbaycanda insanları Suriyaya döyüşə aparan məscidlər, təşkilatlar varmı?

- Bunu kim deyirsə, yalan danışır. O gənclər özləri Suriyaya yollanır. Hazırda internet dövrüdür, informasiyalar sürətlə yayılır, hər kəsin hər şeydən xəbəri var. Suriyaya getməyi hər hansı məscidin adına bağlamaq haqsızlıqdır.

Burada diqqəti çəkən bir məqam var. Çox maraqlıdır ki, bu gün Nardarandan, Maştağadan gedib Suriyada döyüşənlər haqda heç kim heç nə demir. Məqsədləri əhli-sünnə camaatını gözdən salmaqdır. Biz öz əxlaqımız, əməlimizlə göstərəcəyik ki, bunlar yanlış fikirlərdir.

- Deyirsiniz sizə şər atırlar, bunu kimlər edir, sizə məlumdurmu?

- Sözsüz ki, məlumdur. Mediada da mənə şər atırlar. Bu gün də yazıblar ki, guya məni həbs ediblər.

- MTN-ə çağırılmağınız doğrudur?

- Tamamilə yalandır. Belə bir hal yoxdur.

- Azərbaycanda dini baxımdan, o cümlədən təriqətlər arasında bir gərginlik varmı?

- Gərginlik yoxdur. Boş sözləri ortalığa atmaqda məqsəd gərginlik yaratmaqdır. Biz belə fikirlərdən uzağıq.

- Müşfiqabad məscidinin dini icmasını dövlət qeydiyyatına alıblarmı?

- Bizim məscid 1998-ci ildə Qafqaz Müsəlmanları İdarəsi və Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. İcmaların təkrar qeydiyyatdan keçməsi ilə bağlı 2007 və 2009-cu illərdə sənədlərimizi Qafqaz Müsəlmanları İdarəsinə vermişik. İndiyədək bir cavab almamışıq. Bu yaxınlarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən nümayəndələr gəlmişdi. Məscidin fəaliyyəti, icmalarla bağlı araşdırma apardılar. Ümid edirik ki, inşallah, dini icmamız qeydiyyatdan keçəcək. Nə qərar verilsə, onu qəbul edəcəyik.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR