Əcnəbilərə şad xəbər: qeydiyyata düşmə müddəti uzadıldı
Bizi izləyin

Qırmızı.az

Əcnəbilərə şad xəbər: qeydiyyata düşmə müddəti uzadıldı

Dövlət Miqrasiya Xidməti Publika.az-ın suallarını cavablandırıb.

Azərbaycanda hazırda nə qədər miqrant var? Onlar əsasən hansı ölkələrdəndir?

Bu rəqəm ayrı-ayrı illər üzrə müxtəlif olur. Məsələn ötən il Azərbaycana gələn təxminən 900 min əcnəbinin 47,3 faizi Rusiya Federasiyasının, 15,9 faizi Gürcüstanın, 11,5 faizi Türkiyənin, yerdə qalanı isə bütün qitələri əhatə etməklə ayrı-ayrı ölkələrin payına düşüb.

Əməkçi miqrantlar nə qədərdir və əmək bazarında hansı sahələr üzrə qruplaşıblar?

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyətinə cəlb olunması əmək miqrasiyası kvotası ilə müəyyən olunur və Nazirlər Kabinetinin 2009-cu il 4 iyun tarixli qərarı ilə təsdiq edilmiş “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”na əsasən tənzimlənir. Cari il əcnəbilər üçün 12 min kvota ayrılmışdı. İş icazəsinin qüvvədə olma qaydalarına nəzarəti Dövlət Miqrasiya Xidməti həyata keçirir.

Miqrantlar əsasən tikinti, neft-qaz, yəni enerji sektoru və emal sənayesi, iri istehsalat layihələri, yaşayışın təşkili və ictimai iaşə, təhsil, topdan və pərakəndə ticarət, kənd təssərrüfatı, turizm, avtomobillərin təmiri sahələrində çalışırlar.

Azərbaycanda əcnəbilərin qeydiyyat proseduru necədir? Əcnəbilər 3 gün ərzində qeydiyyatdan keçmədikdə onları hansı cəzalar gözləyir?

Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 21-ci madddəsinə əsasən ölkəmizdə 10 gündən artıq (“Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Qanuna əsasən 3 gün 10 günlə əvəz olunub) müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Bunun üçün əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi qəbul edən tərəf, yəni qaldığı yerin (mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər belə ictimai yerlər) müdiriyyəti və ya mənzilin, digər yaşayış sahəsinin sahibi əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölkəyə gəldiyi vaxtdan 10 gün ərzində həmin şəxsin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi və onun pasportunun, yaxud digər sərhəd keçmə sənədinin surətini Dövlət Miqrasiya Xidmətinin internet informasiya ehtiyatı, elektron poçt vasitəsi ilə və ya şəxsən müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də olduğu yer üzrə qeydiyyata alınmaları üçün Miqrasiya Məcəlləsində müəyyən olunmuş qaydada müraciət edə bilərlər.

Ərizə daxil olduqdan sonra Dövlət Miqrasiya Xidməti dərhal əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barədə məlumatları Vahid Miqrasiya Məlumat Sisteminə daxil etməklə onları olduğu yer üzrə qeydiyyata alır və bu barədə 1 iş günü ərzində müraciət edən şəxsə məlumat verir.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı müddətlərə qeydiyyata alınırlar:

viza əsasında gələnlər – vizada göstərilən qalma müddətinə;

viza tələb olunmayan qaydada gələnlər 90 gün müddətinə.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması üçün dövlət rüsumu ödənilmir.

Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduğu yeri dəyişdikdə, o, Miqrasiya Məcəlləsində nəzərdə tutulmuş qaydada yeni olduğu yer üzrə qeydiyyata alınmalıdır.

Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədlər olmadan, habelə qeydiyyatsız yaşamasına görə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər İnzibati Xətalar Məcəlləsinin 339.1.1.-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla üç yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilir.

Əməkçi miqrantlarla bağlı qanunvericiliyə dəyişiklik edilib. Dəyişiklikdə nə nəzərdə tutulub?

Azərbaycan bütün sahələrdə olduğu kimi, miqrasiya sahəsində də, mütərəqqi və qabaqcıl dünya təcrübəsindən istifadə edir. Miqrasiya Məcəlləsinin qəbulu bu sahədə Qanunvericiliyin yeni dövrün tələblərinə uyğunlaşdırılması məqsədilə həyata keçirilən tədbirlərdən biri olmuşdur. Miqrasiya Məcəlləsinə əsasən əmək vizası Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq niyyətində olan və bunun üçün Azərbaycan Respublikasının dövlət orqanlarının, Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi şəxslərin və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, habelə xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin işəgötürən tərəf qismində vəsatəti əsasında gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilir.

Qeyd edək ki, Miqrasiya Məcəlləsinə əsasən miqrasiya prosesləri ilə bağlı bir sıra prosedurlar kifayət qədər sadələşdirilmişdir. Belə ki, əvvəlki qanunvericilik müvəqqəti yaşamaq üçün icazənin, o cümlədən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin müddətinin dörd dəfədən artıq uzadılmasına yol vermirdi, amma hazırkı qanunvericiliklə bu məhdudiyyət aradan qaldırılmışdır. Eyni zamanda, Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olan, qaçqın statusunun verilməsi üçün vəsatət verən, qaçqın statusu almış və ya siyasi sığınacaq verilmiş şəxslərə, eləcə də himayəsində 18 yaşına çatmamış və ya I qrup əlil Azərbaycan Respublikasının vətəndaşı olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə və s. hallarda Miqrasiya Məcəlləsinin 64-cü maddəsinə əsasən iş icazəsinin alınması tələb olunmur.

Əcnəbilərin “Azərpoçt” şöbələrində miqrasiya uçotuna alınması barədə DMX ilə sözügedən qurum arasında razılıq əldə olunması ilə bağlı məlumat yayılıb. Bu məsələ ilə bağlı ətraflı məlumat verməyinizi xahiş edirik.

Bu məlumat həqiqətə uyğun deyildir.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm