• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Yanan uşaq barədə məlumat verən müəlliməyə həmkarları hücum etdi - ÖZƏL

Yanan uşaq barədə məlumat verən müəlliməyə həmkarları hücum etdi  - ÖZƏL

11 saylı İnteqrasiya təlimli İnternat məktəbində baş vermiş hadisə ilə bağlı hüquq müdafiəçilərinə məlumat verən Mülkücahan müəlliməyə qarşı məktəbdə təzyiqlər başlayıb.

Bu barədə Publika.az-a Azərbaycan Uşaq Fondu Bakı şəhər şöbəsinin sədri, hüquq müdafiəçisi Teymur Rzayev məlumat verib.

“Direktorun otağında məktəbin Feyzulla adlı əməkdaşıı Mülkücahan müəlliməyə xəsarət yetirmək istəyib. Müəllimə bu barədə “102 xidməti”nə zəng edərək məlumat verib.Təhdidlərin səbəbi də müəllimənin mətbuata məlumat verməsidir. Xəsarət alan şagird bu günə qədər Mülkücahan müəllimənin sinfində olsa da, heç bir səbəb olmadan onu müəllimənin sinfindən çıxarıblar. Mülkücahan müəllimə uşağa yaxın buraxılmır. Həmçinin müəlliməyə izahat yazması üçün təzyiq göstərilir, lakin bu izahatın nə üçün yazılması bildirilmir. Məktəbin bir qrup müəllimini Mülkücahan müəlliməyə qarşı qaldırırlar. Nədənsə, internat məktəbində baş vermiş məlum hadisə məxfi saxlanılır və doğru məlumatlar verilmir”.

T.Rzayev Təhsil Nazirliyi tərəfindən dünən yayılan məlumatda Fateh Quluzadənin anasının adından verilən fikirlərin inandırıcı olmadığını bildirdi:

“Anası ixtisasca həkim ola bilər, lakin hər bir xəstəlikdə diaqnozu həmin sahə üzrə mütəxəssis qoya bilər. Bundan başqa, uşaq anasının yox, dövlət müəssisəsinin nəzarətindədir və məsuliyyəti də həmin məktəbin direktoru daşıyır. Bu günə kimi uşağın yarası heç bir mütəxəssisə göstərilməyib. Bu da həm uşağa qarşı laqeydlik, həm də qanunların pozulmasıdır”.

Qeyd edək ki, hadisə barədə yalnız Təhsil Nazirliyi məlumat yayıb. Yayılan məlumatın isə obyektivliyi şübhə altındadır. Məlumatda deyilir ki, oktyabrın 30-da 11 saylı İnteqrasiya təlimli internat məktəbin şagirdi Surxay çay içmək istəyərkən internat yoldaşı Fateh Quluzadə onun əlinə toxunduğundan Fatehin çiyin nahiyəsində yüngül yanıq əmələ gəlib. Hadisə ani zamanda baş verib, dərhal tərbiyəçi və dayə Fatehə ilk tibbi yardım göstəriblər. Yanıq kəskin dərəcəli olmadığından uşağın xəstəxanaya aparılmasına ehtiyac qalmayıb. Hazırda uşağın səhhəti tam normaldır, dərslərdə iştirak edir və sinif yoldaşları ilə oynayır, eyni zamanda, internat məktəbinin tibb bacısının gündəlik diqqət və qayğısı ilə əhatə olunub.

Digər dövlət qurumlarından isə hələ ki mətbuata heç bir açıqlama verilməyib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Publika.az-a bildirdilər ki, Komitənin əməkdaşları məktəbdə olub, uşağa baş çəkiblər. Lakin məlumat tam hazır olmadığına görə, bu barədə mətbuata məlumat verilmir.

Sabunçu rayon İcra hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Səbahət Hünbətova hadisə barədə mətbuatdan eşitdiklərini, lakin məktəbə gedib uşağa baş çəkməyə vaxtlarının olmadığını dedi:

“Əlbəttə, gedib uşağın vəziyyəti ilə yerində maraqlanmalıyıq. Lakin işlər o qədər çoxdur ki, getməyə imkan olmayıb. Dəqiq nə vaxt gedib uşağa baş çəkəcəyimiz hələ bəlli deyil”.

Xatırladaq ki, hüquq müdafiəçisi T.Rzayevin, dünən yayılan məlumata görə, oktyabrın 10-da 11 saylı İnteqrasiya təlimli İnternat məktəbində Surxay adlı uşaq internat yoldaşı Fatehin üzərinə qaynar su tökərək yandırıb. Buna səbəb internatda uşaqlara nəzarətin lazımi səviyyədə olmamasıdır.

Bu, Təhsil Nazirliyinin tabeliyində olan internat məktəblərində baş verən ilk fakt deyil. Bundan öncə Suraxanı rayonunda yerləşən 7 saylı internat məktəbində 7 yaşlı uşağın döyülməsi ilə bağlı məlumat yayılmışdı.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR