Qaz sobası alarkən sertifikat tələb edin
Bizi izləyin

Qırmızı.az

Qaz sobası alarkən sertifikat tələb edin

Satışda keyfiyyətsiz, standartlara cavab verməyən sobalarla bağlı monitorinqlər aparırıq. Bu vaxta qədər isə standarta uyğun olmayan sobaların satılması faktları aşkarlanmayıb.

Bunu Publika.az-a açıqlamasında Standartlaşdırma Metrologiya və Patent üzrə dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı deyib.

“Azərbaycan Respublikasında qızdırıcı, məişət cihazları haqqında standart Avropa standartları əsasında hazırlanıb. Bu standartlarda sobaların konsktruksiyası, təhlükəsizliyi, markalanması və bunlara olan tələbat, həmçinin istismar qaydaları əks olunub. Ölkədə satılan sobaların standarta uyğun olub-olmadığını müəyyən etmək üçün laborator sınaqlarını həyata keçiririk. Laboratoriya Komitənin təcrübə sınaq mərkəzinin tərkibində fəaliyyət göstərir. Bu laboratoriyada qaz sobalarının sınağının aparılması üçün zəruri avadanlıqlarla təchiz edilib.

F.Talıblı bədbəxt hadisələrdə qaz sobaların keyfiyyətsiz olmasının roluna da toxundu.

“2009-2010-cu illərdə Standartlaşdırma Metrologiya və Patent üzrə dövlət Komitəsinin Nəzarət Xidməti tərəfindən aparılan monitorinq zamanı respublikada 100-dən çox ticarət obyektində keyfiyyəti və təhlükəsizliyi zəruri sənədlərlə təsdiq edilməyən 600 ədəd, Bakı şəhərində 28 mağazada 150 ədəd qaz sobası aşkar edilib satışdan çıxarılmışdı. Ötən və bu il ərzində apardığımız monitorinq əsasında belə məhsullar aşkar edilməyib”.

Əsas narahatlığın İrandan gətirilən sobalarla bağlı olduğunu bildirən F.Talıblı artıq bu sahədə də problemin aradan qalxdığını deyib:

“Əvvəlki illərdə daha ucuz başa gəlməsi üçün İrandan təhlükəsizlik klapanları olmayan sobalar gətirildisə, artıq bu faktlara rast gəlmirik. Artıq sobalar təhlükəsizlik klapanları ilə birlikdə gətirilir. Təhlükəsizlik klapanları otaqda oksigenin miqdarı insan həyatı üçün təhlükəli həddə çatanda sobanı söndürmək, qazın təzyiqi artanda sobada təzyiqi sabit saxlamaq, tüstü bacasında problem olanda qurğu sobanı dərhal söndürülməsi kimi xüsusiyyətlərə malikdir. Bir daha istehlakçılardan soba alarkən sertifikat tələb etmələrini xahiş edirik. Sertifikat olmayanda isə komitəyə məlumat versinlər”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm