DSMF sədri: "Pensiya üçün staj tələbi qoyulmayacaq"
Bizi izləyin

Qırmızı.az

DSMF sədri: "Pensiya üçün staj tələbi qoyulmayacaq"

“Minimum məbləğdən yuxarı pensiya üçün kapital toplamış şəxslərə, ümumiyyətlə, staj tələbi qoyulmayacaq”.

Publika.az xəbər verir ki, bu barədə DSMF sədri Elman Mehdiyev “Azərbaycanda pensiya islahatları: yeni inkişaf mərhələsinin əsas hədəfləri” mövzusunda media nümayəndələri və ekspertlərin iştirakı ilə keçirilən görüşdə bildirib.

Əmək pensiyasının baza hissəsinin restrukturizasiyası və minimum pensiya məbləği göstəricisinin tətbiqi ilə bağlı sualları cavablandıran DSMF sədri bildirib ki, hazırda vətəndaşların pensiya kapitalı ödənilən cəmi sosial sığorta haqqının 50 faizinin fərdi hesablarda qeydə alınması ilə formalaşdırılır, digər 50 faizi isə sistemin ümumi xərclərinin, o cümlədən pensiyaçılar üçün bərabər məbləğlərlə ifadə olunan baza hissəsinin maliyyələşdirilməsinə yönəldilir. Məhz bu hal yüksək əməkhaqqından sosial sığorta haqqı ödənilməsinə marağı azaldır. Bunun tənzimlənməsi, eləcə də qeyri-leqal əmək ödənişlərinin iqtisadi üsullarla aradan qaldırılması işləyənlərin fərdi hesablarında onlar üçün ödənilən sığorta haqqının yarısının deyil, tam məbləğinin əks etdirilməsini tələb edir:

“Bu qaydanın tətbiqi ilə sosial sığorta haqqı ödəyiciləri daha yüksək pensiya alacaq və əmək haqlarının tam qeydiyyatında maraqlı olacaqlar. Digər tərəfdən hazırda aktiv iştirakçıların marağını azaldan bir sıra hallar, məsələn 5-10 il yüksək məbləğlə sosial sığorta haqqı ödənildiyi halda, staj tələbinin 12 il olması səbəbindən pensiya hüququnu qazana bilməmə kimi hallar tam aradan qaldırılacaq. Minimum məbləğdən yuxarı pensiya üçün kapital toplamış şəxslərə ümumiyyətlə, staj tələbi qoyulmayacaq”.

Pensiya məbləğlərinin nəzərdə tutulan artımı qaydalarına da aydınlıq gətirən Fond sədri bildirib ki, əmək pensiyalarının baza hissəsinin minimum pensiya göstəricisi ilə əvəz olunması pensiyaların bütün məbləğinin hər il indeksləşdirilərək artımına imkan verəcək.

"Məsələn, cari ildə baza hissəsinin artımı baş verməyib, növbəti ilin yanvar ayında isə qanunvericiliyə görə yalnız sığorta hissəsi indeksləşdiriləcək. Yeni qaydaların tətbiqi isə pensiyanın minimum həddi də daxil olmaqla bütün məbləğinin hər il indeksləşdirilərək artırılmasını nəzərdə tutur".

Konsepsiyada nəzərdə tutulan pensiya yaşının demoqrafik göstəricilərə uyğunlaşdırılması ilə bağlı E.Mehdiyev qeyd edib ki, sığorta-pensiya sisteminin dayanıqlı inkişafı makroiqtisadi və bilavasitə sığorta-pensiya sisteminin fəaliyyətini səciyyələndirən göstəricilərlə yanaşı, demoqrafik göstəricilərin təsirinin də nəzərə alınmasını tələb edir. Beynəlxalq praktikada pensiya yaşının demoqrafik göstəricilərə uyğunlaşdırılması bir neçə variantda – bilavasitə yaşın artırılması, problemin gözlənilən pensiya ödənişi müddəti vasitəsilə tənzimlənməsi, erkən pensiyaya çıxmanın məhdudlaşdırılması və gec pensiyaya çıxmanın stimullaşdırılması kimi vasitələrdən istifadə olunmaqla tənzimləndiyini deyən Fond sədri qeyd edib ki, bu daimi bir prosesdir və burada əsas vəzifə aktuar tədqiqatlara əsaslanmaqla müxtəlif alternativlərin hazırlanması və daha uyğun olanının seçilməsidir.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm