Fond qeyri-dövlət pensiya sistemi ilə bağlı hüquqi baza hazırlayır
Bizi izləyin

Qırmızı.az

Fond qeyri-dövlət pensiya sistemi ilə bağlı hüquqi baza hazırlayır

Dövlət Sosial Müdafiə Fondu Avropa İttifaqı ilə birgə ölkəmizdə dövlət pensiya təminatı sistemində real yığım komponentinin və qeyri-dövlət pensiya institutlarının fəaliyyətini tənzimləyəcək təkmil normativ hüquqi baza hazırlayacaq.

Publika.az xəbər verir ki, bu barədə DSMF sədri Elman Mehdiyev “Azərbaycanda pensiya islahatları: yeni inkişaf mərhələsinin əsas hədəfləri” mövzusunda media nümayəndələri və ekspertlərin iştirakı ilə keçirilən görüş zamanı bildirib.

DSMF sədri Konsepsiyada nəzərdə tutulan könüllü sığortalanmanın tətbiqi məsələlərini şərh edərkən bildirib ki, Azərbaycanın sığorta-pensiya sistemində yığım komponentinin tətbiq edilməsi, qeyri-dövlət pensiya fondlarının formalaşdırılması və fəaliyyətini tənzimləyəcək qanunvericilik bazasının yaradılması ilə bağlı Dövlət Sosial Müdafiə Fondu ilə Avropa İttifaqının birgə layihəsi hazırda fəaliyyət göstərməkdədir.

Qeyd edilən layihənin reallaşdırılması ilə ölkəmizdə dövlət pensiya təminatı sistemində real yığım komponentinin və qeyri-dövlət pensiya institutlarının fəaliyyətini tənzimləyəcək təkmil normativ hüquqi baza hazırlanacaq. Bu əsasda məcburi dövlət sosial sığortası ilə yanaşı könüllü sosial sığortanın inkişafı vətəndaşların pensiya təminatının gücləndirilməsinə əlavə imkanlar yaradacaq.

E. Mehdiyev bildirib ki, DSMF və Avropa İttifaqının birgə layihəsinin qeyri-dövlət pensiya fondlarının fəaliyyəti ilə bağlı qanunvericiliyin hazırlanması sahəsində əsas məqsədlərindən biri də həmin fondların qeyri-dövlət pensiya təminatı sahəsində fəaliyyəti ilə əlaqədar meydana çıxan öhdəliklərinin yerinə yetirilməsi üçün səmərəli mexanizmlərin işlənməsidir.

Qeyri-dövlət pensiya fondları fəaliyyət xüsusiyyətlərindən irəli gələrək bir çox istiqamət üzrə funksiyalar yerinə yetirəcək ki, bu da gələcəkdə həmin fondlar tərəfindən fəaliyyətlərinin tam və qanunvericiliyə uyğun şəkildə təşkil edilməsi, effektiv idarəetmə mexanizmlərinin tətbiq olunması üçün öncədən ciddi və hərtərəfli hazırlıq işlərinin aparılmasını zəruri edir.

Qeyd edilən funksiyalar qeyri-dövlət pensiya təminatı məqsədləri üçün haqların toplanması, pensiya hesablarının aparılması, həmin hesabların vəziyyəti barədə aidiyyəti şəxslərin məlumatlandırılması, ehtiyatların formalaşdırılması, vəsaitlərin yerləşdirilməsi və əlaqədar investisiya siyasətinin aparılması, qeyri-dövlət pensiya təminatı üzrə münasibətlərin digər iştirakçıları ilə işin təşkili, nizamnamə fəaliyyətinin təmin edilməsi üçün nəzərdə tutulan əmlakın və pensiya ehtiyatı vəsaitlərinin ayrıca uçotunun aparılması, öhdəliklər üzrə aktuar hesablamaların həyata keçirilməsi, qeyri-dövlət pensiyalarının təyinatı və ödənilməsi və digər istiqamətlərlə bağlıdır.

DSMF sədri həmçinin bildirib ki, Fondun mərkəzi məlumat bazasında olan göstəricilərə əsasən, yaşa görə pensiya alan və vəfat etmiş qadınların orta yaşı 77,2, kişilərin orta yaşı isə 75,7 təşkil edir. Hazırda yaşa görə pensiya alanların pensiyada olma müddəti qadınlar üçün 17,7 il, kişilər üçün isə 12,7 il təşkil edir. Ümumilikdə isə Azərbaycanda pensiyada olma müddəti qadınların say çoxluğu şəraitində orta hesabla 16 ildir. Bundan başqa, “Əmək pensiyaları haqqında” Qanuna əsasən, güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər daha erkən pensiyaya çıxırlar və bu kateqoriyadan olan vətəndaşların pensiyada olma müddəti orta hesabla 22 il təşkil edir.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm