Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq "Emerson"un ilk təcrübəsidir
Bizi izləyin

Qırmızı.az

Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq "Emerson"un ilk təcrübəsidir

“Emerson Process Management” şirkətinin marketinq və tətbiqi texnologiya üzrə vitse-prezidenti Trevis Heskesi Bakı Ali Neft Məktəbində (BANM) olub və əməkdaşlıq proqramı çərçivəsində ali məktəbin rəhbərliyi, müəllim-professor və tələbə heyətinin qarşısında təqdimatla çıxış edib.

Ali məktəbdən Publika.az-a verilən məlumata görə, tədbiri açan BANM-in rektoru Elmar Qasımov ingilisdilli yüksəksəviyyəli mütəxəssislərin hazırlanmasının Azərbaycanın neft-qaz sektorunun inkişafında prioritet istiqamət olduğunu bildirərək qeyd edib ki, buna misal Bakı Ali Neft Məktəbinin yaradılması, xarici neft-qaz şirkətlərlə əməkdaşlığın inkişafı və peşəkar mütəxəssislərin BANM-də tədris prosesinə cəlb edilməsidir. Keçirilən tədbirin "Emerson" şirkəti ilə əməkdaşlıq proqramının həyata keçirilməsində ilk praktiki addım olduğunu iştirakçıların diqqətinə çatdıran rektor deyib ki, bu əməkdaşlıq proseslərin avtomatlaşdırılması sahəsində yüksəkixtisaslı mühəndislərin hazırlanmasına, korporativ təhsilə, ixtisasartırmaya, kadr ehtiyatlarının inkişafı kimi vəzifələri uğurla yerinə yetirməyə imkan verəcək.

Öz növbəsində, “Emerson Process Management” şirkətinin vitse-prezidenti T.Heskesi BANM-in rəhbərliyinə təşəkkür edərək bildirib ki, ali məktəbin tələbələri Azərbaycanın ən şanslı və gələcəyi parlaq olan insanlarıdır ki, məhz bu tədris ocağını seçib, ali məktəbə qəbul olunma prosesinin bütün mərhələlərini aşaraq, təcrübəli mütəxəssislərdən və müəllimlərdən müasir və yüksək biliklər alma şansını əldə ediblər. Proseslərin avtomatlaşdırılması sahəsinin mütəxəssisləri gələcəyin sənaye müəssisələrinin beyinləri olaraq, texnoloji proseslərin lazımi səmtdə və təhlükəsiz şəraitdə keçirilməsini təmin etməkdə əhəmiyyətli rol oynayırlar. T.Heskesi öz çıxışında həmçinin qeyd edib ki, Azərbaycan “Emerson” şirkətinin texnologiyaları və xidmətləri üçün vacib məkandır və şirkət bu regionda biznes fəaliyyətini maksimal dərəcədə genişləndirmək niyyətindədir. Bu baxımdan “Emerson” şirkəti, başqa şirkətlər kimi, dünya ölkələrinin onlarla universitetləri ilə birgə təhsil proqramları həyata keçirir, bu layihə çərçivəsində də BANM ilə əməkdaşlıq şirkətin ilk təcrübəsidir.

Daha sonra T.Heskesi BANM-in rəhbərliyi, müəllim-professor heyəti və tələbələr qarşısında proseslərin avtomatlaşdırılması üzrə mütəxəssislərin sənaye müəssisələrində rolu və hədəfləri, “Emerson” şirkətinin beynəlxalq fəaliyyəti, rəqəmli idarəetmə arxitekturası (Plant WebTM) və intellektual simsiz cihazlardan istifadəsi, texnoloji proseslərin təhlükəsiz idarə edilməsi haqqında geniş təqdimatla çıxış edib.

Təqdimatdan dərhal sonra “Emerson” şirkətinin nümayəndələri tələbələrin çoxsaylı suallarını cavablandırıblar. Bundan başqa, BANM-in seçilən tələbələrinin yay təcrübəsini Türkiyədə, Rusiyada və İsveçrədə keçirmə şansları olduğu iştirakçıların nəzərinə çatdırılıb.

Tədbirin sonunda BANM-in rektoru E.Qasımov “Emerson Process Management” şirkətinin vitse-prezidenti T.Heskesini BANM-də görməkdən məmnunluq ifadə edib və tələbələr qarşısında dolğun məlumatlı çıxışına görə təşəkkür edib.

Xatırladaq ki, 2014-cü il iyulun 8-də BANM və “Emerson” şirkətinin biznes-strukturlarından biri olan “Emerson Process Management” şirkəti ilə əməkdaşlıq haqqında razılaşma əldə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm