Həm zəhərli, həm bahalı... Pay versələr də alma!
Bizi izləyin

Qırmızı.az

Həm zəhərli, həm bahalı... Pay versələr də alma!

“Dondurmaların küçədə satışı qəbulolunmazdır”

Yay mövsümündə dondurmadan imtina etmək mümkün deyil. Hansı yaşda olmağımızdan asılı olmayaraq, yay gələn kimi bu qidaya xüsusi istək yaranır. Alimlərin fikrincə, dondurma həm də antidepresant kimi faydalıdır. Əhvalın korlandısa, bir dondurma ye, dərhal özünü yaxşı hiss edəcən.

Ancaq bütün bu kimi xoş sözlər keyfiyyətli dondurmaya aiddir.

İndi bazarda istənilən qiymətə dondurma tapmaq olar. Amma qiymət nə qədər aşağı düşürsə, dondurmaının südü də bir o qədər su ilə əvəzlənir. Beləcə, onsuz da yarısı su olan dondurmada, süddən əsər-əlamət qalmır. Belə deyək, cibimizi düşünüb, sağlamlığımızdan oluruq.

Ancaq dərd burasıdır ki, bizdə bahalı dondurmalar arasında da keyfiyyətsizləri, insan səhhəti üçün təhlükəli olanları tapılır.

Publika.Az olaraq, dondurma bazarındakı qiymətlərin reallığa uyğun gəlib-gəlmədiyini, keyfiyyətin necəliyini, “qaz vurub, qazan doldurmağa” çalışan işbazlara qarşı hansı tədbirlərin görüldüyü araşdırmağa çalışdıq.

Bir neçə il əvvələ qədər ekspertlər dondurma bazarındakı qiymətin yüksək olmasını yerli məhsulun istehsal edilməməsi ilə əlaqələndirirdilər. İndi bazarda yetərincə yerli məhsul olsa da, qiymətlər hələ də düşməyib, əksinə ildən-ilə daha da artır. Məlumdur ki, xarici məhsulun yüksək qiymətə olması yol xərcləri ilə əlaqələndirilir. Belə olan halda, yerli məhsulların xarici məhsullarla eyni qiymətə olması da düşündürücüdür. İqtisadçı ekspert Xalid Mikayılov bunu rəqabət mühitinin olmaması ilə əlaqələndirdi:

“Bu gün dondurma bazarında qiymətlər çox şişirdilir. Son zamanlar daxili bazarda yerli istehsal artsa da, bunun qiymətlərə təsir etməməsinin başlıca səbəbi rəqabətin zəif olmasıdır. Bazar bir neçə nəfərin əlindədir və qiymətləri də onlar müəyyən edirlər. Buna görə məhsul artsa da, qiymətlər enmir. Qiymətlərin enməməsinin bir səbəbi də mövsümlə əlaqədardır. Yay aylarında bu məhsullara tələbat artır deyə, istehsalçılar qiyməti endirməkdə maraqlı olmurlar. Müşahidələr göstərir ki, bazarda yerli və xarici məhsulların arasında kəmiyyət fərqi yoxdur. Müəyyən qədər fərq keyfiyyətdədir. Qiymətlərdə isə ciddi bir fərq müşahidə olunmur”.

Yerli və ya xarici istehsal olmasından asılı olmayaraq alıcı üçün önəmli məsələ aldığı məhsulun keyfiyyətidir. Bunun üçün isə həm onun tərkibinin, həm də saxlanma şəraitinin standartlara uyğun olması önəmlidir. Amma çox vaxt aldığımız dondurmaların tərkibinin süddən yox, sudan ibarət olması, formasını itirməsi halları ilə rastlaşırıq. Yay gələn kimi kim harda gəldi, tərkibi, istehsal yeri məlum olmayan dondurmaları soyuduculara yığır parkların, istirahət mərkəzlərinin yaxınlığında məskən salır. Bəzən isə dondurmaların saxlanması üçün normal şərait təmin olunmadığından onlar əriyir və yenidəm donduularaq satılır. Mütəxəsislər isə formasını dəyişmiş dondurmaları almamağı məsləhət görür.

Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə rəhbəri İmran Abdullayev keyfiyyətsiz dondurmaların qida zəhərlənmələrinə səbəb ola biləcəyini deyir:

“İlk növbədə dondurma üçün donma mühiti, aşağı temperaturun təmin olunması önəmlidir. İstehsal olunduqdan sonra -18 dərəcə temperaturda

saxlanılmalıdır. Bu şəraitə əməl olunmadıqda isə məhsul tərkibini itirir. Donu açılmış dondurmaların yenidən dondurularaq istifadəyə verilməsi yolverilməz haldır. Bu məhsulların küçədə satışı isə qəbulolunmazdır. Bu məhsullar sadəcə mağazalarda, müvafiq şəraiti olan yerlərdə satılmalıdır. Müxtəlif istirahət güşələri, parklarda müvafiq şərait təmin olunmaqla dondurma satışına icazə vermək olar. Amma bu məhsulların gediş-gəliş çox olan, əhalinin istirahət etdiyi ərazilərdə satışına icra hakimiyyəti tərəfindən icazə verilməməlidir”.

Hər il dondurmaların saxlanma şəraiti, tərkibi ilə bağlı Gigiyena və Epidemiologiya Mərkəzi monitorinqlər aparır. İ.Abdullayev deyir ki, pozuntu aşkarlanan obyektlərin gigiyenik sertifikatı dərhal ləğv olunur:

“Keçən il İqtisadi İnkişaf Nazirliyi bəzi müəsisələrdə istehsal olunan dondurmaların tərkibində mikroorqanizmlərin çox olduğunu aşkarladı və həmin qurumların sertifikatını ləğv etdi. Hazırda dondurma istehsal edilən müəsisələrdə sanitar-texniki vəziyyət, həm də istehsal olunan dondurmaların təhlükəsizlik göstəriciləri müayinə olunub, hələ ki həmin məhsullarda mikrorqanizmlər baxımından çirklənmə aşkarlanmayıb. Amma bu o demək deyil ki, həmin müəsisələrdə hər şey qaydasındadır. Dondurma istehsalında monitorinqlər davam etdirilir”.

Monitorinqlər aparılsa da, bazarda keyfiyyətsiz dondurmalara rast gəlinir. Bəs keyfiyyətsiz dondurma sağlamlığımıza necə təsir edə bilər?

Həkim Samirə Allahverdiyeva keyfiyyətsiz dondurmanın zəhərlənməyə, daxili orqanlarında allergik səpkilərə səbəb ola biləcəyini deyir.

“Çox zaman dondurmalar normal şəraitdə saxlanılmır və buna görə formasını, tərkibini dəyişir. Süd tərkibli olduğuna görə, vaxtı ötmüş

keyfiyyətsiz dondurmalar zəhərlənmələrə səbəb ola bilər. Belə qidalar allergiyalı insanlar üçün daha təhlükəlidir. Nəinki sadə allergiya, hətta bütün daxili orqanlar - mədə, bağırsaq sistemi allergik səpkilərlə örtülə bilər. Ona görə də dondurma alarkən formaya, qoxu və dada fikir vermək lazımdır”.

S.Allahverdiyeva bəzi xəstəlikləri olan insanların dondurmadan uzaq durmalı olduğunu bildirdi:

“Hətta keyfiyyətli olsa belə, diabet xəstələri və ürək çatışmazlığı olanlar üçün dondurma təhlükəli qida hesab olunur. Dondurma soyuq olduğundan qan damarlarını büzür və daraldır, bu zaman isə ürəyin işi çətinləşir. Tərkibində yüksək şəkər olması isə, diabet xəstələri üçün ciddi təhlükədir. Bəzi dondurmaların üzərinə dietik yazaraq, diabet xəstələrinin yeyə biləcəyini tövsiyə edirlər. Lakin belə dondurmaları da almamağı məsləhət görürük. Çünki şəkəri azaldılan dondurmada dadverici maddələr, konservantlar çox olur. Bunlar da insan sağlamlığı üçün daha çox zərərlidir”.

Həkim sağlam insanların belə dondurma yeyərkən diqqət etməli olduqları məqamlara toxundu:

“Bəzən insanlar isti havalarda sərinləmək üçün dalbadal bir neçə dondurma yeyirlər. Bu da ciddi başağrısına səbəb olur. Çünki soyuq qida boyun nahiyəsindəki arteriya damarlarının işinə təsir edir, beyinə qan yaxşı işləmir. Hətta bu ürəkgetmələrlə də nəticələnə bilər. Ona görə də dondurma yeyərkən keyfiyyət, forma qədər normadan artıq yeməməyə də diqqət etmək lazımdır”.

Kifayət

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm