“Ermənilər “İşğal altında” oyununa görə çox narahatdılar”
Bizi izləyin

Qırmızı.az

“Ermənilər “İşğal altında” oyununa görə çox narahatdılar”

Komputer oyununun yaradıcılarından olan Cavid Yaqubəli Publika.Az-a danışdı

Bir müddətdir ki, sosial şəbəkələrdə, gənclər arasında “İşğal altında” adlı 3d şuter oyunu haqda müzakirələr gedir. “İşğal altında” Azərbaycanda formatına və məzmununa görə ilk oyundur. Oyunu AzDimension adlı gənclərdən ibarət qrup yaradıb. Azərbaycan Neft Akademiyasının tələbələrinin yaratdığı oyun Qarabağ haqda ilk kompüter oyunudur. İdea müəllifi Azərbaycan Neft Akademiyasının tələbəsi Fərid Haqverdiyevdir.

Qrupun üzvlərindən biri, oyunun proqramçısı və səs operatoru Cavid Yaqubəli Publika.Az-a oyunun yaranmasının hansı ehtiyacdan irəli gəldiyi haqda danışıb.

Cavid deyir ki, bu oyun təkcə Azərbaycanda əks-səda doğurmayıb. Rusiyada, Almaniyada, hətta Ermənistanda da bu oyundan xəbərdardılar. Ermənistan saytları oyundan dəfələrlə yazıb. Onlar bu mövzuda və bu qədər uğurlu formatda oyuna görə çox narahatdırlar. Erməni saytları oyunun yaradıcılarını təhqir edən materiallar da yayıb.

Oyunun həm diskə yazılmış, həm də onlayn versiyası var. Disk PULSUZDUR və satışı qadağandır. Buna baxmayaraq diskdən pul qazanmaq istəyənlər də tapılıb. Lakin, “İşğal altında”nın yaradıcıları bunun qarşısını alıb.

Cavid Yaqubəli deyir ki, oyun diskindən pul qazanmaq fikirləri olmayıb. Məqsəd oyun diski vasitəsi ilə yeniyetmələrdə və gənclərdə vətənpərvərlik hissi aşılamaq olub. Oyunu yaratmaq haqda hələ 2010-cu ildə qərara gəliblər. Lakin, həmin vaxt uşaqların çoxu abitruyent olduğu üçün oyunun yaradılması gecikib. Oyunun yaranmasında heç kimin maliyyə dəstəyi və sifarişi olmayıb. Hətta bir çox tanınmış imkanlı şəxslərə müraciət etsələr də, müsbət cavab almayıblar.

Yaradıcı gənc Cavid Yaqubəli deyir ki, dünyada ciddi mövzularda oyun təcrübəsi var. Gürcüstanın Daxili İşlər Nazirliyi bu yaxınlarda Gürcüstan polisi haqda kompüter oyunu sifariş edib. Həmin oyunun onlayn variantı da var.

Cavid Yaqubəli onu da qeyd etdi ki, bütün maddi maneələrə baxmayaraq oyunu ərsəyə gətirib çıxara bildikləri üçün çox sevinir. Bu tipli oyunlar əhəmiyyətlidir. Maddi gəlir məqsədi olmadığı üçün KİV sosial reklam xarakterli yazılarla diskin təbliğatına cəlb olunmalıdır.

Qarabağ problemi artıq oyun variantında dünyaya çatdırılır və dünya gəncləri bundan xəbərdar olur:

“Çünki, indi çoxu iddia edir ki, gənclər arasında mütaliyə azalıb. Bu yolla problemi dünyaya çatdırırıq”.

Yeni ideyalarda isə Cavid bir müddət iştirak edə bilməyəcək. Çünki, o vətənə borcunu ödəmək üçün əsgəri xidmətə yollanır.

Günay Muradlı

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm