Yaqub Mahmudov: “İslamdakı təriqətlərin çoxu Qərbdən yaradılır”
Bizi izləyin

Qırmızı.az

Yaqub Mahmudov: “İslamdakı təriqətlərin çoxu Qərbdən yaradılır”

“Dünyanın bugünkü qədər mürəkkəb problemlərlə dolu dövrü olmayıb. İndi dünya əvvəldən ölçülüb-biçilmiş şəkildə idarə olunur. Dünya etnik, milli toqquşmalar dövrünü yaşayır. Bunlar hamısı böyük güc mərkəzlərinin planlaşdırılmış işləridir”.

Publika.az-ın məlumatına görə, bu fikirləri Tarix İnstitutunun direktoru Yaqub Mahmudov “Milli-mənəvi dəyərlərimiz: tarixilik, varislik və müasirlik” mövzusunda keçirilən treyninqdə deyib.

Y.Mahmudov onu da bildirib ki, bu gün Üçüncü Dünya müharibəsi gedir. Bu müharibədə əsasən Asiya qitəsi ölkələri uduzur.

“Bizi gözləyən çətinlikləri islam aləminə çatdırmalı və mənsub olduğumuz dinlə bağlı fikir mübadiləsi aparmalıyıq. Bu baxımdan bu gün dini, milli-mənəvi dəyərlərimiz mövzusunda tədbirlərin keçirilməsi vacibdir. Çünki sabah gec ola bilər. Hazırkı dünyada şirin çağırışlar var. Sərhədlər açılır, dövlətlər bir-biri ilə əlaqəyə girir. Güc mərkəzləri başqa dövlətlərin sərvətlərini asanlıqla mənimsəyə bilirlər. Tarixinə sahib çıxmayan xalq məhvə məhkumdur. Sahib çıxan isə öz tarixi keçmişini yaxşı bilir. Bu baxımdan yad qüvvələrdən qorunmaq üçün tariximizi öyrənməliyik”.

Y.Mahmudov onu da bildirib ki, bugünkü müharibədə əsas üsullardan biri də dindir.

“İslam dinini aradan qaldırmaq üçün güclü qüvvələr tərəfindən düşünülmüş təxribat aparılır. İslamdakı təriqətlərin çoxu qərbdən yaradılır. Buna əminəm və bu, qəsdən törədilir. Məqsəd islamı terrorçu kimi təqdim edib, sonra da bu istiqamətdə sanki mübarizə üsulları həyata keçirilməyə başlamaqdır. Bundan başqa, ölkə ərazisində müxtəlif dini təriqətlər yayılıb, bu ölkə, dinimiz üçün təhlükəlidir. Buna görə də Məhəmməd Peyğəmbərin yaratdığı maarifçi islamı yaymalıyıq. Qəbiristan mollalarının yolundan ayrılmalıyıq. İslamın həmin mollalar səviyyəsinə enməsinə qoymamalıyıq, əksinə, layiq olduğu səviyyəyə qaldırmalıyıq”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm