• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Fiziki zorakılıq, yoxsa ehtiyatsızlıq - Cavabdeh kimdir?

Fiziki zorakılıq, yoxsa ehtiyatsızlıq - Cavabdeh kimdir?

Bir neçə gün əvvəl 11 saylı internat müəssisəsi ilə bağlı mətbuatda yayılan xəbərlər bu tipli müəssisələrin problemlərini yenidən gündəmə gətirdi. Düzdür, Təhsil Nazirliyi yaydığı açıqlamada bunun ehtiyatsızlıq nəticəsində baş verdiyini və xəsarət alan uşağın səhhətində ciddi problem olmadığını bildirdi. Hazırkı durumda yayılan açıqlamaya inanmaqdan başqa çarə yoxdur. Çünki müəssisə qapalıdır və yalnız onun tabe olduğu qurumun orada araşdırma aparmaq səlahiyyəti var.

Məlumat üçün qeyd edək ki, bu, internat müəssisəsi ilə bağlı yayılan ilk xəbər deyil. Bu ilin may ayında 7 saylı internat müəssisəsində 7 yaşlı uşağın döyülməsi xəbəri hələ unudulmayıb. Düzdür, hadisə barədə söz-söhbətlər internat məktəbinin bağlanması ilə qapandı. Hadisə ilə bağlı araşdırmanın yekun nəticəsi isə hələ də açıqlanmayıb.

Son hadisələr qapalı müəssisələrdə problemlərin olduğunu və onların həlli üçün addımların atılmasını labüd etdi.

Hadisələr baş verərkən diqqət çəkən məqamlardan biri də, icra hakimiyyətlərinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalarının fəaliyyətsizliyi oldu. Komissiyanın əməkdaşları da hadisə yerinə getmələrinin vacib olduğunu təsdiqləsələr də, vaxt imkansızlığından məlum faktların araşdırılmasında iştirak edə bilməmələrini qeyd etməklə özlərinə haqq qazandırmağa çalışdılar.

Bu komissiyaların əməkdaşlarının sayının az olması və vəzifələrini lazımınca yerinə yetirə bilməmələri bəllidir.

Bir qrup ekspert hesab edir ki, hazırkı durumda fəaliyyəti qənaətbəxş olmayan bu komissiyaların ləğv olunması, onların səlahiyyətlərinin digər qurumlara verilməsi məqsədə müvafiq olardı.

Millət vəkili Fazil Mustafa isə hesab edir ki, indiki şərtlərdə hər hansı qurumun ləğvinə, yaradılmasına ehtiyac yoxdur. Onun fikrincə, internatlarda, uşaqlar və qocalar evlərində bu hallar müşahidə edilir və problemin həlli insan faktoru ilə bağlıdır:

“Dövlət qurumlarının bu məsələyə yanaşmasında modern reabilitasiya məsələsini hiss etmirik. Binalar təmir oluna, bütün texniki imkanlar yaradıla bilər, lakin orada qalanlara xüsusi diqqət ayrılması vacibdir. Avropa ölkələrində, ABŞ-da qocalar evində qalan hər bir fərd üçün iki nəfər ayrılır, dövlət də onların qorunması üçün şərait yaradır. Lakin bizdə illərlə evdə xəstə yatan insana baxan şəxsə dövlət tərəfindən vəsait ayrılması üçün imkan yoxdur.

İnternatlarda da bu problem müşahidə edilir. Həmin uşaqlara xüsusi diqqət olmalıdır, onların həyatı, yaşamı, psixoloji durumu nəzarətdə olmalıdır. Azsaylı personalla yüksək xidmət göstərmək mümkün deyil”.

Millət vəkili hesab edir ki, cəmiyyətin bu insanlara münasibəti dəyişməlidir, onlara mərhəmətlə yanaşılmalıdır.

“Bu məsələdə şəffaflıq olmadığına görə, bir çox məsələlər cəmiyyətdən gizli saxlanılır. Bu müəssisələr jurnalistlər üçün açıq olmalı, mütəmadi çəkilişlər aparılmasına imkan yaradılmalıdır. Lakin hər yer qapalıdır, bu da yanlış fikir yaradır. Cəmiyyətdə insana qiymət verən mühit yaradılmalıdır. 50 uşağa bir nəfərin baxdığı müəssisədə nə dəyişə bilər?”

Uşaq Hüquqları üzrə QHT Alyansının koordinatoru Nabil Seyidov bu halların inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da müşahidə edildiyini və bundan sonra da baş verəcəyinə şübhə etmədiyini dedi:

“2006-cı ildən həyata keçirilən Deinstitutlaşdırma Proqramına əsasən, internat müəssisələrinin ləğv edilməli, uşaqlar ailələrə qaytarılmalı, bu mümkün olmadıqda 8 uşaqdan ibarət kiçik ailə tipli uşaq evlərinə yerləşdirilməli idi. Həmin proqramın icrasından 9 il keçsə də, ciddi dəyişiklik baş verməyib. Hələ də, bu müəssisələrdə 9 mindən çox uşaq var, onların 3 mini tam kimsəsizdir. Valideyni olan uşaqlarla bağlı hər hansı hadisə baş verəndə, onlar barədə tədbir görülə bilirsə, valideyni olmayanlar bu hüquqdan məhrumdur. Onların arxasında duran yaxın şəxslər yoxdur, onları qorumaq müvafiq nazirliyin işidir”.

N.Seyidovun sözlərinə görə, uşaq evləri tam ləğv olunmayana, bu müəssisələr cəmiyyətə tam açıq olmayana qədər bu problem hər zaman qalacaq. Problemlərin yaşanmaması üçün həm də bu cür halları araşdıracaq xüsusi komissiya yaradılmalı və jurnalistlərin, QHT-lərin həmin müəssisələrə sərbəst daxil olmasına şərait yaradılmalıdır.

N.Seyidov onu da vurğuladı ki, həmin müəssisələrdəki uşaqların həyatı ilə bağlı hər hansı təhlükə olarsa, icra hakimiyyətləri tabeliyində olan yetkinlik yaşlarına çatmayanlar üzrə müvafiq komissiyalar tərəfindən bu hal vaxtında qiymətləndirməli, tədbir görülməlidir.

“Bu komisisyalarda islahat vaxtı çoxdan çatıb. Çünki onların əməkdaşları çatışmır, normal resursları yoxdur və onlara çox işlər tapşırılır”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva internat müəssisələrindəki vəziyyəti yerindəcə araşdırmaq üçün monitorinqlər apardıqlarını dedi:

“Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya nəzdində Monitorinq Qrupu fəaliyyət göstərir. Monitorinq Qrupunda Dövlət Komitəsi ilə bərabər, Təhsil, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Daxili İşlər, Gənclər və İdman, Mədəniyyət və Turizm nazirliklərinin və digər müvafiq qurumların nümayəndələri var. Adıçəkilən qurumlarla birlikdə bu il 12 uşaq müəssisəsində monitorinq aparacağıq. Bir müəssisədə monitorinq keçirilib, ilin sonuna kimi proses tam başa çatacaq”.

A.Sofiyeva internat müəssisələrində problemlərin yaşanmasının normal olduğunu dedi:

“Harda insan faktoru varsa, problem olmalıdır. Uşaq evlərində də problemlərin olmasını inkar etmirik. Faktlar aşkarlananda tədbirlər görülür. Əlavə qurumun yaradılmasına, qanun qəbul edilməsinə ehtiyac yoxdur. Ehtiyac olduğu halda növbədənkənar monitorinqlər, nəzarət proseduru ilə bağlı da tədbirlər həyata keçiririk”.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR