Azərbaycanda ilk dəfə “Çin dili dərs vəsaiti” Azərbaycan dilində nəşr olundu
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda ilk dəfə “Çin dili dərs vəsaiti” Azərbaycan dilində nəşr olundu

Noyabrın 11-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin Çin dili və mədəniyyəti mərkəzinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq nəşr olunan "Çin dili dərs vəsaiti"nin təqdimatı keçirildi. Tədbirdə Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov, Çin Xalq Respublikasının (ÇXR) Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xun Tsyuin, Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin tələbələri iştirak etdi.

ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov çıxış edərək Azərbaycan və Çin Xalq Respublikası arasında uğurlu əməkdaşlıqdan söz açdı. Azərbaycan Dillər Universitetində Çin dili və mədəniyyəti mərkəzinin yaranması və fəaliyyətindən danışan rektor mərkəzin bu əməkdaşlığın inkişafında xüsusi rol oynadığını bildirdi. Rektor Səməd Seyidov yarandığı gündən Çin dili və mədəniyyətinin təbliği istiqamətində mərkəzin direktoru Rafiq Abbasovun rəhbərliyi ilə mərkəzdə xüsusi fəallıqla tədbirlər, ÇXR-in tarixində qeyd olunan mühüm bayramlar keçirildiyini vurğuladı. ADU-da 22-ə yaxın dilin tədris olunduğunu deyən rektor Səməd Seyidov Çinin dünya iqtisadiyyatı və siyasətində xüsusi çəkiyə malik ölkə olduğunu söyləyərək müasir dövrdə Çin dilinin əhəmiyyətindən danışdı.

ADU-nun rəhbəri tələbələrin Çin dilinə olan maraqlarının gündən-günə artdığını söyləyərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü uğurlu siyasətin nəticəsi olaraq gənclərə xüsusi diqqət və qayğı göstərildiyini, gənclərin inkişafı üçün münbit şərait yaradıldığını diqqətə çatdırdı. O, Azərbaycan Respublikasının rəhbərinin gənclər üçün açdığı geniş imkanlar sayəsində Çin dilini öyrənən ADU tələbələrinin bu dili mənimsəyərək Azərbaycan ideyalarını, mədəniyyətini ÇXR-də uğurla təbliğ edəcəklərindən əminliyini ifadə etdi və rəqabətə dözümlü Azərbaycan gəncliyinin formalaşdığını bildirdi. Rektor Səməd Seyidov Çin dili və mədəniyyətinin ADU tələbələri arasında yüksək səviyyədə təbliği və tədrisi istiqamətində universitetin gələcək planlarından da söz açdı. O, bildirdi ki, mərkəzin fəaliyyəti ilə yekunlaşmayan Azərbaycan Dillər Universitetində gələcəkdə Konfutsi İnstitutunun açılması, Çin dili və mədəniyyəti mərkəzinin genişləndirilməsi, ÇXR-in ali təhsil ocaqları ilə əlaqələrin inkişafı nəticəsində tələbə-müəllim mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulub. Rektor Səməd Seyidov ADU-nun Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin və Çin dili və mədəniyyəti mərkəzinin təşəbbüsü ilə hazırlanan “Çin dili dərs vəsaiti” haqqında fikirlərini söyləyərək bu kitabın işıq üzü görməsində əməyi keçən hər kəsi təbrik etdi. Bu dərs vəsaitinin ərsəyə gəlməsində ən böyük töhfəni tələbələrin verdiyini söyləyən rektor Səməd Seyidov bildirdi ki, Azərbaycanda ilk dəfə “Çin dili dərs vəsaiti”nin tərtib edilməsi yüksək ixtisaslı çinşünas kadrların, Çin dili tərcüməçilərinin yetişdirilməsinə öz töhfəsini verəcək, həmçinin Azərbaycan və Çin xalqları arasında əlaqələrin inkişafına ciddi dəstək göstərəcəkdir.

ÇXR-in Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xun Tsyuin öz növbəsində Azərbaycan-Çin arasında əlaqələrdən söz açaraq bu əlaqələrin əsasının Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu bildirərək bu siyasəti uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin Çinə işgüzar səfərini xatırlatdı. O, iki ölkə arasındakı hərtərəfli əməkdaşlığın perspektivlərindən danışdı. Azərbaycan Dillər Universitetinin bu əlaqələrin inkişafında xüsusi rolu olduğunu deyən səfir Çin dili və mədəniyyəti mərkəzinin fəaliyyətini yüksək qiymətləndirdi. Dərs vəsaitinin Azərbaycan dilində nəşr olunmasının yalnız ADU üçün deyil, eyni zamanda iki ölkə arasındakı əlaqələrə töhfə olduğunu bildirən səfir Xun Tsyuin Çin dili və mədniyyətinin təbliğində atılan addımlara görə universitetin rektoru, professor Səməd Seyidova təşəkkürlərini bildirdi.

Tədbirdə, o cümlədən çıxış edən Çin dili və mədəniyyət mərkəzinin direktoru, dosent Rafiq Abbasov ADU-da Çin dili tədrisinin tarixindən danışaraq "Çin dili dərs vəsaiti"nin nəşrinin təməlinin Azərbaycanın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan iki ölkə arasında əməkdaşlığın inkişafı, Azərbaycan və Çin xalqları arasında dostluq və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə etdi.

ADU-nun Çin dili müəllimi Könül Abbasova öz növbəsində dərs vəsaitinin strukturunun metodoloji xüsusiyyətləri və dərslik mətnlərinin xüsusiyyətləri barədə danışdı.

Təbdirin sonunda Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin Çinşünaslıq ixtisasının tələbələri Çin dilində məşhur ənənəvi Çin mahnısı olan “Molixua” - “Jasmin”i ifa etdilər.

Qeyd edək ki, Azərbaycan Dillər Universitetinin Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsi və Çin dili və mədəniyyəti mərkəzinin bilavasitə təşəbbüsü ilə hazırlanan “Çin dili dərs vəsaiti” Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin Çinşünaslıq ixtisası üzrə təhsil alan birinci kurs tələbələrinin ilkin hazırlığı üçün nəzərdə tutulmuşdur. 20 dərsdən ibarət olan bu dərs vəsaitində tələbələr üçün Çin dilinin qrammatika və fonetikasının, xüsusilə də ritm və düzgün tələffüzün əsaslarının ardıcıllığı gözlənilməklə izah olunur. Dərs vəsaitində əsas diqqət heroqliflərin qaydasınca yazılışına yönləndirilir. Kitab, həmçinin müasir Çin leksikonuna əsaslanan ünsiyyət üçün vacib olan müxtəlif məzmunlu dialoqlardan ibarətdir. Kitabın müəllifləri ADU-nun Çin dili və mədəniyyəti mərkəzinin direktoru, dosent Rafiq Abbasov, Xarici dillər kafedrasının Çin dili müəllimi, ÇXR-in Hanban Baş Təhsil İdarəsinin könüllü müəllimi Aygül İmamuaci və həmin kafedranın Çin dili müəllimi Könül Abbasovadır. Kitaba ön sözü Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov yazıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm