“Sən mənim bacıma sataşırsan deyib” bıçağı sinəsinə sancdım” - ŞOK TƏFƏRRÜAT
Bizi izləyin

Qırmızı.az

“Sən mənim bacıma sataşırsan deyib” bıçağı sinəsinə sancdım” - ŞOK TƏFƏRRÜAT

"Vidadi mənə əxlaqsız təkliflər edirdi”

Yevlax şəhər sakini, 1992-ci il təvəllüdlü Elxan Əsgərov bacısına sataşan həmyerlisi Vidadi Məmmədovu bıçaqlayaraq öldürüb.

Teleqraf.com xəbər verir ki, Elxan Əsgərov bir uşaq atası olan Vidadi Məmmədovun 2012-ci ilin əvvəlindən başlayaraq 2 azyaşlı uşağı olan bacısı Gülbəniz Əsgərovaya əxlaqsız təkliflər edərək, onunla intim münasibətdə olmaq istədiyini öyrənib.

Həmçinin müəyyən edilib ki, Vidadi Məmmədov bu niyyətini davam etdirərək Gülbəniz Əsgərovadan əl çəkməyib. Vidadi qonşuluqda olan Əsgərovların həyətinə gizli daxil olub və intim münasibətə razı salmaq üçün Gülbənizlə tez-tez söhbət edib. Gülbənizin qayınanası Sevda Əsgərova Vidadini bağlarında görüb. Vidadi Gülbənizin qayınanasını görəndən sonra qaçıb və həyətdə hamama girərək gizlənıb.

Bu məsələdən Gülbənizin həyat yoldaşı Şükür Əsgərov xəbər tutub. Şükür Əsgərovla Gülbəniz arasında yaranan mübahisə dava ilə nəticələnib. Həyat yoldaşı ilə mübahisə edən Şükür evi tərk edib. Daha sonra məsələdən Gülbənizin qardaşı Elxan xəbər tutub.

“Bu məsələni belə qoymaq olmaz”

Elxan Əsgərov 2012-ci ilin oktyabr ayının sonu, noyabr ayının əvvəllərində Vidadi Məmmədov ilə bacısının arasında nə kimi münasibətlər olduğunu dəqiqləşdirmək, əgər eşitdikləri yalandırsa, bacısı ilə ərini barışdırmaq üçün onunla görüşüb. O, söhbətə bacısının əri Şükür Əsgərovu da dəvət edib. Həmin vaxt Vidadi Məmmədov Gülbəniz Əsgərovaya bacı gözü ilə baxdığını, deyilənlərin yalan olduğunu bildirib.

Lakin 13 noyabr 2012-ci ildə, saat 22 radələrində Elxan Əsgərov bacısı evində olarkən Vidadi Məmmədovun ona yalan dediyini bilib. O, Vidadi Məmmədovun bacısı Gülbənizlə əlaqə saxlamaq üçün azyaşlı oğlu vasitəsi ilə mobil telefon göndərdiyini öyrənib.

Elxan Əsgərov bu hərəkətinə görə Vidadi Məmmədovdan intiqam almaq qərarına gəlib. Elxan həmin vaxt evdən bıçaq götürərək Vidadi Məmmədovla məsələni həll etmək üçün evdən çıxıb. O, evdən çıxan zaman “bu məsələni belə qoymaq olmaz” deyib. Gülbəniz qardaşının qarşısını kəsib və çıxmasına imkan verməyib. Bu zaman Elxan özündən böyük bacısını kənara itələyərək evi tərk edib. O, evi tərk edən zaman bıçaqla bacısına xəsarət yetirib. Xəsarət alan Gülbənizə evdə olan kiçik qardaşı Əsgər Əsgərov yardım edib və onu həkimə aparıb. Əsgər baş verənlər barəsində atasına və qohumlarına xəbər verib.

Bacısının xəstəxanaya aparıldığını dəqiq bilən Elxan Əsgərov Vidadinin yaşadığı küçəyə gəlib. Bu zaman Vidadi Məmmədov yaşadığı evdən küçəyə çıxaraq “nə səs-küydür?” deyərək gülə-gülə Elxan Əsgərova tərəf gəlib. Elxan Əsgərovda ona yaxınlaşaraq “sən mənim bacıma sataşmısan” deyərək, Vidadi Məmmədova çoxsaylı bıçaq zərbələri vurub. Vidadi Məmmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

“Şükürün bacımdan incidiyini və evi tərk etdiyini bildim”

Elxan Əsgərov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib və cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Elxan Süleymanovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Elxan Əsgərov ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O deyib ki, mərhum Vidadi Məmmədovla qonşusu olublar: “Baş vermiş hadisədən bir-iki ay əvvəl bacım Gülbənizgilə getdim. Həmin vaxt Gülbənizin kefsiz olduğunu gördüm və səbəbini soruşdum. Gülbəniz qonşumuz Vidadi Məmmədovun ona əxlaqsız təkliflər etdiyini, əri Şükürün bunu bildyini dedi. Həmçinin Şükürün bacımdan incidiyini və evi tərk etdyini bildim”.

“Nə üçün bacıma əxlaqsız təkliflər etdiyini soruşdum”

Təqsirləndirilən şəxsin sözlərinə görə, Vidadinin bacısına qarşı olan hərəkətləri ona çox pis təsir edib: “2-3 gün sonra yenə də bacımgilə getdim. Həmin vaxt orada Gülbənizin qayınanası Sevdanı gördüm. Sevda 2012-ci ilin yay aylarında Gülbənizin yaşadığı evin həyətində Vidadi Məmmədovu gördüyünü və qaçıb həyətdəki hamamda gizləndiyini, Vidadinin arxasınca hamama girərək onu döyüb, evdən qovduğunu dedi. Bu məsələni aydınlaşdırmaq üçün Vidadi ilə görüşdüm. Vidadi ilə görüşdükdən sonra ondan nə üçün bacım Gülbənizə əxlaqsız təkliflər etdiyini soruşdum. Vidadi and içərək yayılan sözlərin yalan və şər olduğunu, hətta Gülbənizi özünə bacı bildiyini bildirdi. Vidadi ilə söhbət etdikdən sonra Gülbənizin əri Şükürə zəng etdim və onu da həmin yerə çağırdım. Bir qədər sonra Şükür yanımıza gəldi. Vidadi mənə danışdıqlarını eyni ilə Sükürə də danışdı, Gülbənizlə aralarında heç bir şey olmadığını bildirdi. Lakin Şükür Vidadinin dediklərinə inanmayaraq getdi”.

“Bacım telefonu Vidadinin göndərdiyini dedi”

Elxan Əsgərovun sözlərinə görə, Şükür bacısı ilə eyni evdə yaşamadığı üçün atası və qardaşı Əsgəri bacısının yanına göndərib: “Noyabr ayının 13-də, gecə saat 23 radələrində bacımgildə qalan kiçik qardaşım Əsgər mənə zəng etdi. Həmin vaxt əlimdə işim olduğu üçün telefona cavab verə bilmədim. Sonra Əsgər telefonuma SMS yazaraq bacımın azyaşlı oğlu Şahində mobil telefon olduğunu və Gülbənizgilə gəlməyimin lazım olduğunu bildirdi. Ailəmizdə qadınların istifadəsində, həmçinin bacım Gülbənizdə də heç vaxt mobil telefon olmayıb. Məsələni dəqiqləşdirmək üçün Gülbənizin evinə gəldim. Gülbənizdən telefonun kimə məxsus olduğunu soruşdum. Bacım həmin telefonu Vidadinin göndərdiyini dedi. Bundan sonra bacım ilə aramızda mübahisə yarandı. Mübahisə zamanı qardaşım Əsgər bacımın azyaşlı uşaqları ilə birlikdə digər otağa keçdi.Cibimdən bıçaq çıxararaq bacıma “bu məsələni belə qoymaq olmaz” deyərək evdən çıxmaq istədim. Bacım qarşıma keçərək mənə mane olmaq istədi. Gülbənizi kənara itələyən zaman əlimdəki bıçaq onun qarnına batdı. Bacımın yarasına dəsmal tutaraq atama zəng etdim və bacımgilə gəlməsini tapşırdım. Bir qədər sonra bacımgilə bibim Sahibə, xalalarım Yasəmən və Günay, sonra isə atam İlham gəldilər. Onlar gəldikdən sonra nə baş verdiyindən xəbərim olmayıb”.

“Bıçağı sinəsinə sancdım”

Elxan Əsgərov daha sonra deyib ki, hadisədən sonra bacısıgilin küçəsində bir qədər dayanıb. Onun sözlərinə görə, əmisi oğlu Sahib Əsgərov və tanışı Ruslan Bayramov oraya gəliblər: “Onlar məndən nə üçün burada kefsiz və tək dayandığımı soruşdular. Bacımın belinə qaynar çay dağıldığını və yandığını dedim. Elə bu vaxt Vidadi Məmmədov evlərindən küçəyə çıxaraq gülə-gülə “nə səs salmısınız burada?” deyərək bizə tərəf gəlməyə başladı. Ruslan və Sahibdən aralandım və Vidadiyə tərəf getdim. Vidadiyə yaxınlaşan kimi ona “sən mənim bacıma sataşmısan” deyərək bıçağı sinəsinə sancdım. Vidadinin əynində qalın gödəkcə olduğu üçün fikirləşdim ki, bıçaq batmaz. Buna görə də ardıcıl zərbələr vurmağa başladım”.

“Həkimlər oğlumun öldüyünü bildirdilər”

Zərərçəkmiş şəxsin hüquqi varisi İlham Məmmədov deyib ki, 13 noyabr 2012-ci il tarixdə, saat 23 radələrində ailə üzvləri ilə birlikdə evdə kinoya baxdığı vaxt qızı Səidə ilə oğlu Vidadi həyətə çıxıblar: “Təxminən üç-beş dəqiqə sonra qızım Səidənin qışqırıb ağladığını eşitdim. Buna görə də dərhal həyətə çıxdım. Lakin Vidadi ilə Səidəni həyətdə görmədim. Vidadinin evdən bir qədər aralıda yerdə uzandığını, qızım Səidənin isə onun yanında yerə çöküb ağladığını gördüm. Elxan Əsgərovun isə Dostluq küçəsi ilə H.Əliyev prospekti istiqamətə tərəfə getdiyini gördüm. Orada olan şəxslərdən Vidadini Elxanın vurduğunu eşitdim. Elxanın arxasınca qaçdım və onun yaxasından tutaraq niyə görə oğlumu vurduğunu soruşdum. Həmin vaxt İlham mənə yaxınlaşdı və Elxanın tənbehini özü verəcəyini söylədi. Əlimi Elxanın yaxasından çəkdim və oğlum Vidadinin uzandığı yerə tərəf getdim. Oğlumu maşına qoyaraq xəstəxanaya apardım. Xəstəxanada həkimlər oğlumun öldüyünü bildirdilər”.

“Vidadi mənə əxlaqssız təkliflər göndərib”

Hadisənin baş verməsində adı hallanan Gülbəniz Əsgərova cinayət işi üzrə şahid qismində dindirilib. Gülbəniz Əsgərova deyib ki, Vidadi Məmmədov dəfələrlə ona əxlaqsız təkliflər göndərib: “Vidadinin əlindən küçəyə çıxa bilməmişəm. Vidadinin bu hərəkətləri barədə anama da demişəm. Buna baxmayaraq, Vidadi məndən əl çəkməyib. Hadisədən bir qədər əvvəl yaşadığım evin həyətində yuduğum paltarları ipə asdığım vaxt Vidadi icazəm olmadan həyətə girdi. Vidadiyə həyəti dərhal tərk etməsini bildirsəm də, həyətdən çıxmadı. Elə bu vaxt qayınanam Sevda həyətə girdi. Vidadi qayınanamı görən kimi Şükürü axtardığını dedi. Ancaq qayınanam Vidadinin yalan danışdığını başa düşdü və əsəbiləşərək onu həyətdən qovdu. Sonradan qayınanam həmin məsələni ərimə danışdı. Şükür də Vidadi ilə münasibətim olduğuna inandı və acıq edərək evdən getdi”.

Gülbəniz Əasgərovanın sözlərinə görə, evdə tək qalmaması üçün atası qardaşı Əsgəri onlara qalmağa göndərib: “Həmin hadisədən sonra da küçəyə çıxanda, paltar sərəndə Vidadi mütəmadi olaraq mənə sataşıb. Vidadiyə rədd cavabı verib onun da, özümün də ailəli olduğumu demişəm. Vidadi isə məndən əl çəkməyib. Vidadi əvvəllər bir neçə dəfə azyaşlı oğlum Şahinlə “Nokia” markalı mobil telefon göndərib. Mən də hər dəfə Vidadinin göndərdiyi telefonu özünə geri qaytarmışam və Vidadiyə belə əxlaqsız hərəkətlərindən əl çəkməsini bildirmişəm. Vidadinin əxlaqsız hərəkətləri və təklifləri məni bezdirdiyi üçün bu barədə dayım Elçinə və qardaşım Elxana demişəm. Dayım və qardaşım da Vidadi ilə söhbət edib. Söhbət zamanı Vidadi əlini “Qurana” basaraq məni özünə bacı saydığını və mənə heç bir əxlaqsız təklif etmədiyini deyib”.

Onun ifadəsinə görə, noyabrın 12-də oğlu Şahini mağazaya göndərib. O qeyd edib ki, Vidadi yolda Şahinə mobil telefon verib və həmin telefonu ona verməsini istəyib: “Oğlum həmin telefonu mənə verdi və Vidadinin göndərdiyini bildirdi. Telefonu Vidadiyə geri qaytarmaq istəsəm də, bu mümkün olmadı. Noyabrın 13-də Vidadi göndərdiyi telefon vasitəsilə mənimlə əlaqə saxladı. Telefonda Vidadiyə məndən əl çəkməsini, bir də məni narahat etsə, anasına şikayət edəcəyimi dedim”.

Hakimlər şahid ifadələrini dinlədikdən sonra hökm elan edib. Məhkəmənin hökmü ilə Elxan Əsgərov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Elxan Əsgərov apelyasiya şikayəti verib. O, şikayətində cəzasının yüngülləşdirilməsini istəyib. Həmçinin zərərçəkmiş tərəfdə apelyasiya şikayəti verərək Elxan Əsgərova daha ağır cəzanın verilməsini tələb ediblər. Hər iki şikayət araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar açıqlanıb. Qərara görə, tərəflərin şikayəti təmin edilməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm