• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Konstitusiya Məhkəməsinin qərarları hansı sahələri əhatə edir?

Konstitusiya Məhkəməsinin qərarları hansı sahələri əhatə edir?

Konstitusiya Məhkəməsinin fəaliyyəti müddətində qəbul edilmiş qərarlar sırasında Konstitusiya və qanunların şərhinə dair çıxarılmış qərarlar xüsusi çəkiyə malikdir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən bu günədək qəbul edilmiş 284 qərardan 123-ü Konstitusiyanın və qanunların müxtəlif müddəalarının şərh edilməsinə dair olub.

Publika.az-ın məlumatına görə, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev məhkəmənin rəsmi saytında yerləşdirilmiş məqaləsində qeyd edib.

F.Abdullayev bildirib ki, bu gün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi geniş səlahiyyətlər dairəsinə malik müasir konstitusiya nəzarəti orqanıdır. Konstitusiya Məhkəməsinin əsas səlahiyyətləri sırasında qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarının, bələdiyyə və məhkəmə aktlarının Konstitusiyaya və hüquqi qüvvəsinə görə daha üstün olan aktlara uyğunluğunun yoxlanılması, Azərbaycan Respublikasının qüvvəyə minməmiş dövlətlərarası və hökumətlərarası müqavilələrinin Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılması, Konstitusiyanın və qanunların şərhi, qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında səlahiyyətlər bölgüsü ilə bağlı mübahisələrin həll edilməsi xüsusi yer tutur.

Konstitusiya Məhkəməsinin sədri qeyd edib ki, ölkəmizdə 2002-ci ildə həyata keçirilmiş konstitusiya islahatlarından və “Konstitusiya Məhkəməsi haqqında” yeni Qanunun 2004-cü ilin yanvar ayından qüvvəyə minməsindən sonra Konstitusiya Məhkəməsinə fərdi şikayətlər institutu fəaliyyətə başlayıb: “Fərdi şikayətlər əsasında məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılması üzrə Məhkəməmizin fəaliyyətindən danışarkən bir məqamı xüsusi qeyd etmək lazımdır ki, bu səlahiyyət Konstitusiya Məhkəməsini heç bir halda növbəti məhkəmə instansiyasına çevirmir. Konstitusiya Məhkəməsi fərdi şikayətlər əsasında məhkəmə aktlarının qanuniliyini yoxlayarkən müstəsna hüquq müdafiə vasitəsi kimi çıxış edir və işlərə mahiyyəti üzrə baxmır. Bu halda Konstitusiya Məhkəməsinin vəzifəsi Konstitusiyanın aliliyini təmin etmək və pozulmuş insan hüquqlarının və azadlıqlarının bərpasına yol açmaqdan ibarətdir”.

Onun sözlərinə görə, fəaliyyəti müddətində Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilmiş qərarlarda Konstitusiyanın əsasları, onun aliliyi və birbaşa qüvvəsi, respublikamızın tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəaları, habelə insan hüquqlarının və azadlıqlarının prioriteti prinsipi nəzərə alınmaqla mühüm hüquqi mövqelər formalaşdırılıb: “Həmin qərarların böyük hissəsi birbaşa və ya dolayısı ilə məhz insan hüquqlarının və azadlıqlarının - bərabərlik hüququ, mülkiyyət hüququ, sosial təminat hüququ, vərəsəlik hüququ, əmək hüququ, mənzil hüququ, hüquq və azadlıqların məhkəmə təminatının həyata keçirilməsi ilə bağlı olub”.

F.Abdullayev əminliklə bildirib ki, Konstitusiya Məhkəməsi qəbul etdiyi qərarları ilə Konstitusiyanın aliliyinin təmin edilməsi, hər kəsin əsas hüquq və azadlıqlarının müdafiəsi məqsədlərinə xidmət edir, Azərbaycanın milli hüquq sisteminin və qanunvericiliyinin inkişafına öz töhfəsini verir, onları konstitusiya ideyaları ilə zənginləşdirir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR